Sosial Özəl

"Biri hansı həci ilə görüşməsindən, biri neçə kişi dəyişməsindən danışır, çünki şəxsiyyətləri yoxdur" — Sabiq deputat

Biri hansı həci ilə görüşməsindən, biri neçə kişi dəyişməsindən danışır, çünki şəxsiyyətləri yoxdur — Sabiq deputat

Müğənnilərin öz şəxsi həyatları ilə gündəmə gəlmək istəmələri gülüncdür və bu heç kimə maraqlı deyil! Biri bağını göstərir, biri villasını nümayiş etdirir, biri soyuducusundakı ərzaq məhsullarından danışır ( görməmiş!), biri paltarının qiymətini söyləyir, biri qızıl-brilliantından söhbət açır, biri arıqlamağından, kökəlməyindən, biri hansı xarici ölkədə olmağından, biri sevgilisindən( "sevgili" nədir?), biri hansı həci ilə görüşmələrindən, biri evlənib-boşanmasından, biri neçə kişi dəyişməsindən, biri var-dövlətindən, biri bahalı maşınından...

Bu fikirləriDemokrat.az-a açıqlamasında yazıçı, publisist, sabiq deputat Xeyrəddin Qoca deyib.

"Bilirsiniz, niyə? Sənətləri, istedadları yoxdur! Şəxsiyyətləri, alicənablıqları yoxdur! Mədəniyyətdən xəbərləri yoxdur! Görməmişdirlər! Onlara bənzər cəmiyyət üzvləri onları toylara çağırıb, əyri yollarla qazandıqları pulları onların ciblərinə doldururlar! Şou əhlinin bu gündə olmağının səbəbkarları onlardan da düşük olan televiziya işçiləridir! Nəyinsə müqabilində "muzıkantları", "müğənniləri" xalqın "gözünə soxmağa" çalışırlar! Guya tanıtmağa çalışırlar!

Aparıcılar "müğənnicikləri" ekrana dəvət etməmişdən əvvəl elə tərifləyirlər, elə şişirdilmiş ifadələrlə təqdim edirlər ki, öz-özünə fikirləşirsən, "mənim heç nədən xəbərim yoxdur, bəs bu gədəyə, "qıza" indiyədək niyə Xalq artisti fəxri adı verməyiblər? Səhnəyə də elə oynaya-oynaya atılırlar ki, sanki bunları qəfəsdən indicə buraxıblar! Adama deyərlər, xalqın qarşısına oynamağa çıxmısan, yoxsa, oxumağa? Oxuya da bilmirsən, səsin də yoxdur, nə gününə camaat qarşısına çıxmısan? Siz özünüzü kimlərə oxşadırsınız? Hansı millətin nümayəndələrinə bənzədirsiniz? Eybəcər hərəkətləriniz bizim tamaşaçılar üçün deyil, axı!

Hələ qadınların bədənlərinin ayrı-ayrı əzalarını nümayişkaranə şəkildə "gözə soxmalarını" demirəm! Ondan-bundan soruşuram ki, bunların məqsədi nədir? Adamlar da sualıma sualla cavab verirlər ki, "bilmirsən"? Vallah, billah bilmirəm! Ürəyimə min cür əcaib-qəraib fikirlər gəlir! Bunlar bu hərəkətləri, şitlikləri, bayağılıqları ilə cəmiyyətə nə demək istəyirlər?

Biri ekrana çıxıb deyir ki, "yenicə "remont"dan çıxmışam", (estetik əməliyyatdan çıxıbmış...), biri o birinə deyir "filan yerin silikonla diludur", "gözlərin yapon gözləri kimidir", o biri deyir "gör, nəyə oxşayırsan"? Ay gədələr, ay şou qadınları, başa düşün, siz cəmiyyət qarşısındasınız, ağbirçək, ağsaqqal qarşısındasınız! Sizin hər hərəkətiniz əxlaqınızın, tərbiyənizin göstəricisidir!

Biri deyir "20 ildir səhnədəyəm", biri deyir "səhnədə can qoymuşam"... Nə istəyirlər bunlar? Heç nə, fəxri ad! Nə olur-olsun, bir fəxri ad versinlər onlara! Təəssüf ki, bəziləri də buna nail olurlar! Sizə fəxri ad yox, xalqın töhməti lazımdır!

Nə qədər yazaq, nə qədər deyək? Özünüzə gəlin! Tamaşaçıya, dinləyiciyə sizin şəxsi həyatınız yox, sənətiniz lazımdır!..

Aynurə Demokrat.az

D
demokrat.az