“ABŞ-ın bölgədə “kürd dövləti” yaratmaq projesini hələ də gündəmdən çıxartmayıb. Bu layihə daha çox qərb ölkələrindən Fransanın marağı çərçivəsindədir. Çünki Fransa heç cür Türkiyənin uğurunu öz qəbul edə bilmir və zaman-zaman bu layihəni gündəmə gətirir”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında sabiq deputat, politoloq Cümşüd Nuriyev deyib.
Politoloq qeyd edib ki, Makronun fəaliyyəti ümumiyyətlə yarıtmaz fəaliyyətdir:
“Makron hakimiyyətə gələndən sonra Fransanın başını bəlalara salıb və hələ daha çox salacaq. Çünki adamın siyasətdən xəbəri yoxdur, həm də həddən artıq məkrli, kinli, çox hiyləgər bir adamdır. O çalışır ki, PKK-nı yenidən diriltsin, amma Türkiyə kifayət qədər bu məsələnin üzərinə gedir və özü də bunu açıq şəkildə edir. Bununla da, Türkiyə ABŞ-ın bölgədəki bütün layihələrini vurub gündəmdən çıxartdı. PKK-nın fəaliyyətini demək olar ki, tamamilə linç edir. Yəni, elə bir vəziyyətə salıb ki, onlar açıq fəlaiyyət göstərə bilmir. PKK/YPG bunlar birmənalı şəkildə daha çox İran ərazisində fəaliyyət göstərir. Ümumiyyətlə, ABŞ-ın layihəsi ondan ibarət idi ki, Türkiyəni parçalasın. Daha sonra bütün şərqi Türkiyədən Gürcüstan sərhəddinə qədər, hətta Qars, Ərzurum, İğdır da daxil olmaqla, bir kürd dövləti qurmaq istəyirdi. Həmçinin, İranın da bir hissəsini parçalayıb ora qatırdı. Bizi də sakitləşdirməkdən ötrü isə guya Urmiyaya qədər Azərbaycan düzəldirdi. Amma, məsələ onda idi ki, ABŞ-ın bu layihəsi ilə Azərbaycanla Türkiyənin bütün əlaqələri kəsilirdi, yəni quru əlaqələri tam kəsilirdi. Bunun da qarşısını Türkiyə aldı”.
Sabiq deputat Ərdoğanın son açıqlamasına da diqqət çəkib:
Mən Ərdoğanın son çıxışına qulaq asdım. O, artıq Atatürkün vəsiyyətlərinin gündəmə gətirilməsi məsələsini açdı. Bilirsiniz ki, Atatürk özü demişdi ki, 100 ildən sonra onun vəsiyyəti açılsın. Və orada nələrin olduğu hələki dəqiq bilinmir. Əlbəttə ki, götürülən istiqamətdə birinci yerdə Azərbaycandır, sonra da Orta Asiya və türk dövlətləridir. Artıq bu sahədə Türkiyə dövləti kifayət qədər işlər görüb. İndi ağırlıq mərkəzi tədricən Özbəkistan, Qazaxıstan, Türkmənistan, Qırğızıstana keçir. Bu da təsadüfi deyil. Rusiya birmənalı şəkildə bu siyasətlə razılaşmaq məcburiyyətindədir. Çünki Umelyevin məşhur nəzəriyyəsi var ki, ruslar ancaq türklərlə tandemdə olsa həyatda qala biləcəklər. Əks təqdirdə, rusların həyatda qalması mümkünsüzdür. Çin, ABŞ, İngiltərə kimi dövlətlər, yəni bir növ dünyanın iri dövlətləri hamısı Rusiya ərazisinə göz dikib. Rusiya da bunu bilir və bunu ona görə deyirəm ki, Rusiya da artıq PKK-nın güclənməsində o qədər də maraqlı deyil. Ona görə də, PKK-nın fəaliyyətinin ağırlıq mərkəzi artıq Fransaya keçib. Rusiya öz ərazisində əsas PKK-çıları çıxardıb. Ona görə də, bu proje artıq Qərbin masasında olmur, kimin masasında olursa-olsun həyata keçmək ehtimalı çox aşağıdır. Bu da Türkiyənin güclənməsi ilə nəticələnib. Yəni, dünyada ən çox terrora məruz qalan türk dünyasıdır. Artıq Türkiyə bu işin öhdəsindən gəlmək üzrədir, Azərbaycanda 44 günlük müharibədə erməni separatizminə, terroruna qalib gəldi. Bütün bunların hamısı onu göstərir ki, istiqamət dəyişilib. Türk dünyasının əsas trendi bir-birinə yaxınlaşmaqdır. Yəni, iqtisadi, siyasi, mədəni, ideoloji istiqamətdə bir-birinə yaxınlaşmaqdır. Eyni zamanda, təkcə türk dünyasının yox, artıq bütün islam dünyasının lideri statusuna keçməsidir. Türkiyə təkcə Yaxın və Orta Şərqin oyunçusu deyil, həm də Qafqazın, Orta Asiyanın da siyasi aktorudur. Avropaya da kifayət qədər təsiri var. Yəni, Türkiyə birmənalı şəkildə beynəlxalq siyasi oyunçuya çevrilir. Təbii ki, bunu da Türkiyəni sevməyən qüvvələr, başda da Fransa olmaqla bir növ maneə yaratmağa çalışacaqlar. Amma o məsələlər bitdi. Türkün əsiri gəldi, türk öz itirdiyi hər şeyi bərpa etmək gücündədir və bərpa edəcək də”.
Nəzrin


