Yevlax rayonunda qardaşını qətlə yetirməkdə ittiham olunan Elşad Əsədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Demokrat.az xəbər verir ki, cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim Bilal Məmmədovun icraatına verilib.
Yaxın günlərdə məhkəmə başlanacaq.
İttihama görə, ötən ilin oktyabrın 12-də, saat 20 radələrində Yevlax rayonu ərazisində 49 yaşlı Vüqar Əsədovun öldürülməsi barədə məlumat daxil olub.
Aparılmış araşdırmalarla zərərçəkmişin qardaşı, 51 yaşlı Elşad Əsədovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla xəsarət yetirərək Vüqar Əsədovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
İstintaq orqanı tərəfindən Elşad Əsədovun barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Fariz Məlikli Demokrat.az


