Kriminal Özəl

Vətən müharibəsinin iştirakçısı toyda dava saldı və sonra... — TƏFƏRRÜAT

Vətən müharibəsinin iştirakçısı toyda dava saldı və sonra... — TƏFƏRRÜAT

Balakən rayonunda 1994-cü il təvəllüdlü Yaqub şəxsi münasibətlər zəminində yaranan münaqişə zamanı tanışı İsmayıla xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin iyulun 20-də rayonun Qabaqçöl qəsəbəsində yerləşən “Anar” şadlıq sarayında baş verib. Toy mərasimində iştirak edən İsmayılla mübahisə edib, daha sonra mübahisəyə aydınlıq gətirmək üçün şadlıq sarayından təxminən 100 metr aralı, yəni Qabaqçöl qəsəbəsində asfalt yolun kənarına gediblər.

Orada yaranmış münaqişə zamanı Yaqub İsmayılı əlləri və ayaqları ilə bir neçə təpik və yumruq zərbələri vuraraq ona xəsarətlər yetirib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Yaqub bildirib ki, ailə üzvləri ilə birlikdə yaşayır, əvvəllər məhkum edilməyib, hər hansı psixi xəstəlik keçirməyib: “44 günlük Vətən Müharibəsində iştirak etmişəm və Prezidentin müvafiq sərəncamı ilə “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilmişəm. Balakən rayonu Meşəşambul kənd sakini İsmayılı tanıyıram. İsmayıl ilə heç bir düşmənçiliyim və ədavətim olmayıb.

Təqsirləndirilən şəxsin sözlərinə görə, iyulun 20-də Qabaqçöl qəsəbəsində yerləşən “Anar” şadlıq sarayına sinif yoldaşı Ramazanın qardaşının toy məclisinə gedib: “Toy məclisində oynayan zaman qəflətən mübahisə baş verdi. Bu zaman İsmayıl üstümə gəldi. Ona kənara çəkilməsini bildirdim və daha sonra çölə çıxdım. Bayıra çıxanda İsmayıl arxamca gəldi. Məni şadlıq sarayının eyvanına çağırdı. Mən isə eyvana getmədim. İsmayıla buranın mübahisə yeri olmadığını, ictimai yer olduğunu, sözün varsa, gedib bayırda söhbət etməyimizi bildirdim. Sonra həyətə düşdüm. Bu zaman İsmayıl şadlıq sarayının həyətinə gəldi və mənimlə mübahisə etməyə başladı”.

Yaqub qeyd edib ki, daha sonra İsmayıl ona yaxınlaşıb, onun başını qolunun arasına salıb və onu özünə tərəf çəkib: “Mən arxaya çəkilərək, təkrarən İsmayıla buranın ictimai yer olduğunu, mübahisə yerinin olmadığını, buradan kənara gedib söhbətimizi davam etdirməyimizi dedim. Hətta İsmayıla özümün avtomobili ilə getməyi təklif etdim. Lakin İsmayıl avtomobilimə minmədi. Sonra İsmayılla piyada gedərək, şadlıq sarayından təxminən 100 metr məsafədə uzaqlaşdıq, yolun kənarında dayandıq. İsmayıla avtomobilimə minməyi və bir az kənara gedib, aralıda mübahimizi aydınlaşdırmağı təklif etdim. Lakin İsmayıl mənə əl-qol atmağa və söyüş söyməyə başladı. İsmayılı sakitləşdirmək və özümü müdafiə etmək üçün onu yumruqla vuraraq yerə yıxdım ki, mənə xəsarət yetirməsin. Daha sonra mənə xəsarət yetirməsin deyə İsmayılın əllərindən tutdun. Lakin İsmayıl uzanmış vəziyyətdə bədənimin müxtəlif nahiyyələrinə yumruq zərbələri vurmaq istədi. Yenə də səbr edərək, İsmayılı sakitləşdirməyə çalışdım. Lakin İsmayıl yenə də sözlərimə əhəmiyyət vermədən yerdə uzanmış vəziyyətdə mənə söyüş söydü. Mən də İsmayılın sakitləşmədiyini gördüm, əsəblərimi cilovlaya bilmədim. Yarı əyilmiş vəziyyətdə İsmayıla bir neçə yumruq və təpik zərbələri vurdum. Həmin vaxt hadisə yerinə gələn tanımadığım Mustafa və Heybullah adlı şəxslər məni İsmayıldan ayırdı, kənara aparmaq üçün tutaraq ayağa qaldırdılar. Bu zaman İsmayıl yenidən mənə söyüş söydü. Buna görə, İsmayıla bir təpik zərbəsi vurdum. Daha sonra Heybullah və Mustafa məni tutdular, İsmayılı vurmağa qoymadılar”.

Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra İsmayıl ayağa qalxıb və oradan gedib.

Zərərçəkmiş İsmayılın sözlərinə görə, iş yoldaşı Məhəmmədin qardaşının toyunda iştirak ediblər: “Daha sonra bizimlə bir masada oturan şəxslər rəqs etmək üçün toy meydanına yaxınlaşdıq. Mən ayağa durub çölə çıxmaq üçün qapıya yaxınlaşdım. Həmin vaxt qohumum Şaban mənə yaxınlaşaraq, toy meydanına yaxınlaşmağımı və rəqs etməyimi bildirdi. Ona rəqs edə bilmədiyimi dedim. Təkid etdiyindən oyun meydanına yaxınlaşdım. Bu zaman rəqs edənlərə əl çaldı. Həmin vaxt kimsə musiqini saxlatdı, nəticədə oynayan şəxslərlə musiqini saxladan şəxslər arasında mübahisə düşdü. Bu zaman Şaban oyun meydanının içərisinə doğru getdi. Sonra Yaqub mənim qarşıma çıxdı və mənə “sən kimsən, sənə nə lazımdır” deyə sual verdi. Cavabımda “mən də İsmayılam” dedim. Daha sonra Yaqub mənə sonra söhbət edəcəyini söylədi. Təxminən 5 dəqiqə sonra, yəni ara sakitləşdikdən sonra Yaqub məni çölə çağırdı. Şadlıq sarayından çölə çıxdım və şadlıq sarayının həyətinə düşdüm. Yaqub mənə avtomobilinin şadlıq sarayından bir az kənar olduğunu, həmçinin özünün avtomobili ilə hara istəsəm gedə biləcəyimizi bildirdim. Daha sonra Yaqub məni kənara çağırdı, yəni yol tərəfə gəlməyimi dedi. Yaqubla birlikdə şadlıq sarayından təxminən 100 metr uzaqlaşdıq. Yaqubun idarə etdiyi avtomobilin yanına çatdıq. Avtomobilin yanına çatdıqda Yaqub mənə avtomobilə oturmağımı bildirdi. Lakin Yaqubun avtomobilinə oturmayacağımı dedim. Bu zaman Yaqub kim olduğunu, nə istəsə edə biləcəyini dedi, mənə qarşı nalayiq və qeyri-etik ifadələr işlətdi”.

İsmayıl qeyd edib ki, daha sonra Yaqub yumruqla onun sifət nahiyyəsindən vurub: “Nəticədə yerə yıxıldım. Yaqub yerə yıxıldığımı gördü, sifət nahiyyəmdən yumruq zərbələri vurmağa başladı. Özümü Yaqubun vurduğu yumruq zərbələrindən qorumaq üçün qolum ilə onun boyun nahiyyəsindən tutdum. Bu zaman kimsə qolumu dartdı və Yaqubun boyun nahiyyəsi qolumdan çıxdı. Daha sonra Yaqub ayağa qalxdı və 3-4 dəfə bədənimə, yəni sol qabırğa nahiyyəmə təpiklə zərbələr vurdu. Həmçinin həmin təpik zərbələrindən biri sifət nahiyyəmin sol tərəfindən dəydi. Bu zaman huşumu itirdim. Buna baxmayaraq, Yaqubun yanında iki nəfər şəxs olduğunu gördüm. Lakin həmin şəxsləri tanımadım. Hüşumu itirib yerdə qaldım. Daha sonra ayağa qalxıb Meşəşambul kəndi istiqamətinə yeriməyə başladım.Təxminən 200 metr yeriyib ot satan maşınların yanına çatdığım vaxt hiss etdim ki, huşumu yenə də itirdim. Bu zaman yeriyə bilmədim və yerə oturdumş Qaynanam Mehribana zəng edərək, döyüldüyümü, yeriməyə halımın olmadığını və kənddə ot satan maşınların yanında olduğumu bildirdimr. Daha sonra həmin yerdə yıxılaraq qaldım. Bir müddət sonra isə atam gəldi və atm məni qaynanam Mehribanın evinə apardı. Orada paltarlarımı dəyişdikdən sonra əmim oğlu Murtuzəlinin avtomobili ilə Balakən rayon Mərkəzi Xəstəxanasına aparıldım. Xəstəxanada mənə bütün tibbi yardımlar göstərildi”.

Bu cinayət işinə Balakən rayon Məhkəməsində baxılıb. Məhkəmə hökm çıxaran təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmasını nəzərə alıb.

Bu səbəbdən Yaqubun barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.

Fariz Məlikli Demokrat.az

D
demokrat.az