“Laçın yolunda gedən proseslərin, baş verən hadisələrin beynəlxalq aləmə təhrif edilərək təqdim olunması təkcə Ermənistanın gücü çərçivəsində olan iş deyil. Burada antiazərbaycan kampaniyasının başında erməni diasporu və birmənalı şəkildə ona dəstək verən Fransa dayanır. Lakin təkcə Fransa ilə iş bitmir. Hələ Fransanın üzərində dayanıb bildirməliyik ki, Cənubi Qafqaza müdaxilə imkanlarını digər aktorlara uduzan, bu oyunda və mərhələdə də itirdiyini başa düşən Fransa Prezidenti Emmanuel Makron mümkün olan və olmayan bütün üsul və vasitələri işə salır. Bir tərəfdən dövlət başçımıza zəng edir, digər tərəfdən də həm erməniləri qızışdırır, həm də Frankofoniya və başqa beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycan əleyhinə qərarların qəbuluna çalışır”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Şəbnəm Həsənova deyib. Politoloq qeyd edib ki, beynəlxalq humanitar təşkilatları Qarabağ ərazisinə gəlməyə səsləmək Fransanın BMT Nizamnaməsinin humanitar məsələlərlə bağlı bəndlərini sui-istifadə etməsindən xəbər verir:

“Görünən odur ki, hibrid savaş qızğın gedir və yeni cəhdlər də olacaq. Buna görə də necə ki sərt gücün təchizatlandırılmış vəziyyətdə saxlanılmalı olduğu reallığını görən Azərbaycan növbəti ilin büdcəsindən hərbi xərclərə ayrılan miqdarı rekord həddə çatdırıb, bununla yanaşı “yumşaq güc” amili də eynilə, hətta daha da çox aktivləşdirilməli, humanitar böhran narrativinin dövr edilməsi, genişləndirilməsi elə yuvasındaca boğulmalıdır. Həmin ərazilərdə gedən proseslər bizim daxili işimizdir arqumenti qətiyyətlə diqqətə çatdırılmalı və heç bir halda bunun beynəlmiləlləşdirilməsinə icazə verməyəcəyimizi prinsipiallıqla göstərməliyik”,- deyə politoloq sonda qeyd edib.
Aynurə Demokrat.az


