Kriminal Özəl

“Doqquz il mənə zülm edib” — Ərindən şiddət görən qadından dəhşətli açıqlamalar

“Doqquz il mənə zülm edib” — Ərindən şiddət görən qadından dəhşətli açıqlamalar

Xaçmaz rayonunda 1985-ci il təvəllüdlü Pərvin şəxsi münasibətlər zəminində qeyri-rəsmi yaşadığı Naidəyə (adlar şərti verilib – red.) xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin oktyabrın 1-də baş verib. Pərvin həmin gün, saat 23.30-da birgə yaşadıqları evdə Naidə ilə mübahisə edib. Bu zaman o, Naidəni döyərək, ona müxtəlif dərəcəli xəsarətlər yetirib.

İstintaq orqanı tərəfindən Pərvinin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Pərvin ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Naidə ilə qeyri-rəsmi yaşayıb, onların iki uşağı var: “Mən spirtli içki aludəçisiyəm, daim spirtli içki qəbul edirəm. İçki qəbul etməyəndə özümü pis hiss edirəm”.

Təqsirləndirilən şəxs qeyd edib ki, 2022-ci ilin oktyabrında, saat 23 radələrində yaşadıqları evdə spirtli içki almaq üçün Naidədən 10 manat istəyib:

“Naidə isə 10 manatın olmadığını bildirdi. Buna görə də evin içərisində mübahisəmiz yarandı. Naidənin sifətinə yumruqla vurdum. Naidə yataq otağında yerə yıxıldı və ayağa qalxaraq həyətə qaçdı. İçkili olduğumdan Naidəni i vurdum. İçkili olmasaydım, bu əməli törətməzdim”.

Pərvin deyib ki, Naidə ilə doqquz ildir bir yerdə yaşayıblar, iki uşaqları var, uşaqlarından birini uşaq evinə veriblər, digər uşaq isə onlarla qalıb.

Pərvin qeyd edib ki, Naidə ilə barışmaq üçün ondan xahiş edib. O, törətdiyi cinayət əməlindən peşman olduğunu bildirib: “Barəmdə islah işləri cəzası, azadlığın məhdudlaşdırılması cəzası təyin edilərsə, zərərçəkmişlə yaşadığım evdən paltarlarımı götürərək gedəcəm. Onu bir daha narahat etməyəcəyimi söz verirəm. Bu səbəbdən barəmdə azadlıqdan məhrumetmə cəzası təyin edilməməsini xahiş edirəm. Həmçinin barəmdə olan digər cinayət işi üzrə olan hökmlə mənə təyin edilmiş 3800 manat cərimə cəzasını beş ildir ki, icra etməmişəm. Bundan sonra da icra etməyəcəm”.

Cinayət işi üzrə zərərçəkmiş qismində ifadə verən Naidənin sözlərinə görə, Pərvin hər gün spirtli içki qəbul edib, heç bir səbəb olmadan hər gün evdə münaqişə yaradıb, tez-tez ondan spirtli içki almaq üçün pul istəyib: “Oktyabrın 1-də, saat 23.30-da Pərvin yaşadığlmlz evə yenə içkili vəziyyətdə gəldi. Məndən 10 manat istədi. Pulumun olmadığını bildirdikdə isə məni evin içində yerə yıxaraq yumruq-təpiklə döyməyə başladı”.

Naidə qeyd edib ki, Pərvin bu hadisədən bir neçə gün sonra yaşadıqları evə gəlib və onu hədələyib: “Məndən şikayət ərizəmi geri götürməyimi, barışıq ərizəsi verməyimi tələb etdi. Mən isə polis şöbəsinə gedəcəyimi deyəndə çaşka ilə başına vurdu. Polis getməməyimi, barışıq ərizəsi verməyimi tələb etdi. Pərvin hazırda məhkəmə iclasında sakit oturmasına baxmayaraq, doqquz ildə mənə zülm edib. Uşaqlarımın birini uşaq evinə verməyə məcbur olmuşam. Çünki atası, yəni Pərvin heç yerdə işləmir, uşağa baxmır. Mən süpürgəçi işləyərək çox çətinliklə pul qazanıram”.

Zərərçəkmiş bildirib ki, təqsirləndirilənlə aralarında münaqişə əvvəllər də həmişə olub: “Pərvin əvvəllər də məni dəfələrlə döyüb. Bununla bağlı Daxili İşlər Nazirliyinin “102” xidmətinə zənglər edərək məlumat vermişəm. Bununla bağlı polis şöbəsində də olmuşam. Pərvin mənə ərizəmi geri götürməyimi tələb edib. Əgər barışmazsam, məni öldürəcəyi ilə hədələyib. Ona qarşı şikayətçiyəm”.

Bu cinayət işinə Xaçmaz rayon Məhkəməsində baxılıb.

Məhkəmənin hökmü ilə Pərvin 3 ay müddətinə azadlıqdan məhrum edilib. O, həmçinin 3800 manat məbləğində cərimə olunub.

Məhkəmə Pərvinin barəsində həbs qətimkan tədbiri seçib. O, məhkəmə zalından həbs edilib.

Fariz Məlikli Demokrat.az

D
demokrat.az