Bu gün Azərbaycan dünyada ən böyük nailiyyətləri əldə edərək, dünyada söz sahibinə çevrilib, etibarlı tərəfdaş kimi də özünü təsdiq edib. Təbii ki, dünyaya inteqrasiya olunduğumuz zaman da Azərbaycan milli-mənəvi dəyərləri, sənəti, mədəniyyəti, incəsənəti ilə heyrət doğura bilib. Bu dəyərlərin əsasında isə ilk növbədə xalqın tarixi köklərini, tarixini, mədəniyyətini, qəhrəmanlığını, məişətini, sosial həyatını əks etdirən faktorlar dayanır. Qloballaşan dünyada milli dövlətçilik ideyalarının yeni nəsillərə daim aşılamasına xüsusi diqqət yetirilir. 
“Biz 20-ci əsr Azərbaycan tarixinə nəzər salsaq, dövlətçilik uğrunda mübarizə aparanları hörmətlə xatırlayır və onların xatirəsi önündə daimi öz ehtiramımızı bildiririk. Əlbəttə ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcıları, eləcə də XX əsrin ortalarında başlayaraq Azərbaycan dövlətinin inkişafı bilavasitə ulu öndərimiz Heydər Əliyevin adıyla, onun əməlləri ilə sıx bağlıdır. 1960-cı illərin sonlarından başlayaraq əsrin sonlarınadək Azərbaycan Respublikasının tanıdılması, onun bir dövlət kimi, respublika kimi şöhrətlənməsi ulu öndərimizin adıyla sıx bağlıdır. Sonrakı dövrdə də biz dövlətçiliyimizin tarixinə ikinci dəfə müstəqiliyimizi bərpa edəndən sonra nəzər salsaq görərik ki, bu dövlətçiliyin möhkəmləndirilməsində, onun tanıdılmasında və bugünə gəlib çıxmasında ümummilli liderin böyük xidmətləri olmuşdur. 

“Dövlətin tanıdılmasında, dövlətçiliyinin möhkəmlənməsində bir sıra mühüm amillər, şərtlər var. Bunu hər bir vətəndaş bilməli və yerinə yetirilməlidir. Bu da ilk növbədə bizim milli adət-ənənələrimiz, tariximiz, keçdiyimiz şanlı yoldur. Sözsüz ki, bu milli dəyərləri yaşatmaq, onu qorumaq hər birimizdən bu sahədə mühüm təbliğat aparmağı tələb edir.
Bu gün Azərbaycan muğamı dünyada şöhrətlənib, həmçinin “Xarı bülbül” festivalının keçirilməsi Azərbaycanı dünyada tanıdır. Habelə, bu gün bizim milli dəyərlərimiz, mətbəximiz, musiqimiz, ədəbiyyatımız, incəsənətimiz sayəsində fədakarlıq göstərən hər bir insanı biz ehtiramla anırıq. Çünki bu insanlar elmimizə, mədəniyyətimizə, ədəbiyyatımıza, tariximizə töhfə veriblər. Onlar bilavasitə Azərbaycan dövlətçiliyinin tanıdılmasında və möhkəmləndirilməsində xidmət ediblər”. 
“Azərbaycan Respublikasının prezidenti bütün çxışlarında daimi xatırladır ki, biz öz dilimizi, dinimizi, tariximizi mükəmməl bilməliyik və onu təbliğ etməliyik. Əlbəttə ki, dilimzin böyüklüyü sayəsində həyata keçirilən tədbirlər çox əhəmiyyətlidir. Tariximizin öyrədilməsi sahəsində bir sıra kəşflərin edilməsi sahəsində Azərbaycan alimləri öz sözlərini deyirlər. Bu gün Azərbaycan mədəniyyəti dünyada tanınır. Eləcə də, Azərbaycanın milli-mənəvi dəyərlərinin təbliğ olunmasında Heydər Əliyv Fondunun və onun prezidenti Mehriban xanım Əliyevanın xidmətləri çox böyükdür. Bu gün biz dünyada öz mədəniyyətimizlə musiqimizlə yeni yollar açırıq və Azərbaycanı dünya xalqlarına tanıtdırırıq. Cənab İlham Əliyev getdiyi hər bir xarici ölkədə Azərbaycan tarixinin, Azərbaycan mədəniyyətinin, Azərbaycan xalqının tarixi və ulu olduğunu öz çıxışlarında daimi xatırladır və insanlara bu dəyərlərin yaşadılması üçün mühüm tapşırıqlarını verir. Əlbəttə ki, tarix mədəniyyət, sənət daimi inkişafdadır. Dilimiz də inkişafdadır. Bunun təbliğ olunması, təşviqi daimi olaraq hər birimizi düşündürməlidir. Biz sözsüz ki, bu sahədə mübarizəmizi daha da gücləndirməliyik”.
Türkoloq-alim Faiq Ələkbərli hesab edir ki, indiki dövrdə Azərbaycan dövlətçilik tarixinin, milli adət-ənənələrimizin təbliği olduqca vacibdir. Alim vurğulayıb ki, yeni nəslin məhz çağdaş dövrün şərtləri altında dövlətçilik tarixini dərindən mənimsəməsi lazımdır: 

“Hesab edirəm ki, Azərbaycan tarixi, mədəniyyəti, ədəbiyyatı, fəlsəfəsi yenidən işlənməlidir. Ümumillikdə, biz sovet dövründə, İran adlanan ölkənin yazdığı tarixi fəlsəfəni, mədəniyyəti bir kənara qoymalıyıq. Biz öz tariximizi özümüz yazmalıyıq! Biz milli şüurda, Azərbaycan türklüyünü ruhunda yazmalıyıq. Bu, çox önəmlidir.Əgər hər şey birinci sinifdən başlayırsa, o zaman biz birinci sinif dərsliklərində bütöv Azərbaycanı göstərməyi bacarmalıyıq. Bu bütöv Azərbaycanı 1918-ci ildən başlamalı deyilik! Biz bütöv Azərbaycanın ən azı 5 minillik tarixini ortaya qoymalıyıq. Necə ki, vaxtilə bunun Azərbaycanın güneyindən olan böyük insanlarımız ortaya qoyub, ya quzeydən olsun. Yəni, biz bu böyük bir keçmişimizə, mədəniyyətimizə sahib olduğumuza birinci sinifdən başlamalıyıq. Şagirdlər ilk növbədə bilməlidirlər ki, onlar ancaq Azərbaycan Respublikasından ibarət bir ölkənin vətəndaşı deyil. Onun vətəni həm Dərbənddir, həm Borçalıdır, həm Təbrizdir, həm Zəncandır və digər ərazilərimizdir. Onlar bilməlidirlər ki, Nadir şah Əfşar, Uzun Həsən, Qara Əhməd, Səlcuqlu hökmdarları və s. onlar hansı dərəcədə böyüklüyü özlərində daşıyırlar. Artıq biz yeni nəslə milli şüuru, bütövlüyümüzü özündə əks etdirən tarix, mədəniyyət, fəlsəsəfəni ortaya qoymalıyıq. Eyni zamanda, bununla bağlı indiki dövrün şərtləri altında seriallar, filmlər geniş aspektdə çəkilməlidir. Yəni biz yenidən bu sahədə böyük işlər görməliyik. Yenidən Dədə Qorqud dövrünün, Tomris dövrünün, Manna- Midiya dönəmində aid olan işlər görməliyik. Hazırda Atabəylərlə bağlı bir serial ortaya qoyulmağa çalışılır və bunu yüksək dəyərləndirirəm. Bütöv Azərbaycan dövlətinin, Azərbaycan fəlsəfəsini, mədəniyyətini ortaya qoyulacaq seriallara çox ciddi ehtiyac vardır. Əlbəttə tamaşalar, dram əsərləri də ərsəyə gəlməlidir. Artıq insanlarımız hansısa irançılıq, amerikançılıq, rusçuluq deyil, ancaq bütöv Azərbaycançılıq, Azərbaycan türkçülüyü əsasında məhz bunları görsün”. 
“Bu sahədə bir çox matışmamazlıqlarımız var. Bizim əsasən yad ideologiyalardan qurtulmağımız lazımdır. Ən böyük çatışmazlığımız odur ki, beynimizə yeridilmiş, şüurlarımızı zəhərləmiş ideyalardan artıq birdəfəlik əl çəkməliyuk. Bizim milli şüurda müəyyən çatışmazlıqlar var. Biz Azərbaycanı bu kiçik bir coğrafiya ilə deyil, yəni onun böyüklüyünü bilməliyik. Bu olduqca önəmli bir məsələdir. Eyni zamanda, dövlətçilik məsələsinə yanaşmada da çatışmazlıq var. Bizim şüurumuza bunu da yanlış yeridiblər. Biz dövlətlərimiz ancaq İran əraziləri adı altında təqdim olunur. Bu, belə deyil. İndiki dövlətlərin bir çoxu Azərbaycan əraziləri olmuşdur. Bundan başqa,hesab edirəm ki, gənclərə tarix düzgün aşılanmalıdır. Məsələn Səlcuqlara, Ağqoyunlulara, Qaraqoyunlura, Səfəvilərə, Əfşarlara və onların hökmdarlarını işğalçı kimi qələmə vermək doğru deyil. Bu məsələdən də qurtulmaq lazımdır. Gənclərimizə Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği düzgün şəkildə həyata keçirilməlidir. Hər bir gənc Azərbaycanın daha qüdrətli bir dövlət olduğunu anlamalıdır”.
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb
Mövzu: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği
Aynurə Demokrat.az


