"Azərbaycanda daxili siyasətdə ciddi addımlar atmağın vaxtı çatıb".
Bu fikirləri Demokrat.az-a açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib.
Partiya sədri daha sonra bir sıra məqamlara toxunub:
"Son vaxtlar ifşa olunan bir çox hadisələr, xüsusən dövlət əleyhinə, xalq əleyhinə məmurların cinayət əməlləri onu göstərir ki, Azərbaycanın daxili siyasətində fundamental dəyişiliklər etmək vacibdir. İndiyədək Rusiyanın təsirində olduğumuzdan Azərbaycanda Rusiyanın siaysi modelinin tətbiqinə məcbur idik. Kadrların böyük əksəriyyəti Rusiya tərəfindən dəstəklənirdi. Və həmin məmurlar da xalqa qarşı, dövlətə qarşı cinayətlərə Rusiya tərəfindən təhrik edilirdi. Artıq Azərbaycan çox ciddi addımlarla Qərbə doğru inteqrasiya edir. Ona görə də, Qərbin siyasi modeli Azərbaycana tətbiq edilməlidir. Bunun üçün də həm kadr siyasəti, həm idarəçiliyin üsul və metodları prinsipal şəkildə dəyişilməlidir. Həm də cinayətkarlığa qarşı mübarizədə tamamilə yeni bir vəziyyət yaranmalıdır. Bunu da ilk növbədə Naxçıvandan başlamaq olar. Çünki Naxçıvan həmişə Azərbaycan üçün siyasi bir laboratoriya olub, orada tətbiq edilən ideyalar, işlər sonradan Azərbaycana da tətbiq edilir.

Bu baxımdan düşünürəm ki, Naxçıvanda yeni rəhbərin təyin edilməsində səhvə yol vermək olmaz. Başqa kadr siyasətində də tamamilə yeni prinsiplər tətbiq olunmalıdır. Naxçıvanda millətinə, dövlətinə bağlı həqiqi siyasi cəhətdən təfəkkürü olan adamlar rəhbərliyə gətirilməlidir. Orada konstitusiya və qanunların hüquqi gücünün tam və dolğun şəkildə özünü göstərməsinə şərait yaratmaq lazımdır. Sonra isə alınan nəticələr Azərbaycana da tətbiq olunmalıdır".
Aynurə Demokrat.az


