Azərbaycanın qazandığı 44 günlük tarixi Zəfərdən sonra milli-strateji vəzifə kimi qarşımızda duran ən önəmli vəzifələrdən biri xalqımızın 30 ildir həsrətlə gözlədiyi doğma torpaqlara “Böyük Qayıdış”ın reallaşdırılmasıdır. Təbii ki, bu özlüyündə çətin, mürəkkəb və həmçinin, müqəddəs bir vəzifədir. Sirr deyil ki, qələbəmizi qazandığımız gündən bugünədək bu istiqamətdə ciddi maliyyə tutumuna malik çox böyük yol-kommunikasiya, enerji və infrastruktur layihələri həyata keçirilib və keçirilməkdir. 
Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu deyir ki, işğaldan azad olunmuş ərazilərdə intensiv bərpa-quruculuq işlərinin getməkdədir:
“Zəngilan rayonunun Ağalı kəndində artıq “Ağıllı kənd” layihəsi gerçəkləşib, artıq orada soydaşlarımız məskunlaşdırılıb. “Ağıllı kənd”, “Ağıllı şəhər” konsepsiyası üzrə salınmış bu yaşayış yeri ən müasir tələblərə cavab verir. Eləcə də digər azad olunmuş ərazilərimizdə də “Ağıllı kənd”, “Ağıllı şəhər” konsepsiyası üzrə yaşayış məskənlərinin salınması istiqamətində işlər getməkdə və planlaşdırılmaqdadır. Diqqəti çəkən başlıca məqamlardan biri də ondan ibarətdir ki, olduqca geniş yol infrastrukturu qurulub və qurulmaqdadır. Artıq iki hava limanı istifadəyə verilibdir. Gələn il üçüncü hava limanı Laçında istifadəyə veriləcək. Təbii ki, bütün bu infrastruktur layihələri əhalinin ora səmərəli köçürülməsinin təmin edəcəkdir. Nəzərə almaq lazımdır ki, ölkəmiz “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” proqramı əsasında özünün inkişaf strategiyasını gerçəkləşdirməkdədir”.
Deputat onu da qeyd edib ki, bu proqramın icrası üçün mühüm işlər görülməkdədir:
“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” proqramının həyata keçirilməsi üçün Azərbaycan Respublikası 2022-26-cı illər sosial-iqtisadi inkişaf strategiyasını qəbul edib. Bu, ölkə Prezidenti tərəfindən qəbul edilib və təsdiq olunub. Həmçinin, o istiqamətdə də mühüm işlər görülməkdədir. Ən mühüm də işğaldan azad olunmuş ərazilərimizdə inkişafın təmin olunması, həm də ora effektiv köçürülmənin şərtləndirilməsidir”. 
“Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası 2022-26-cı illərdə sosial-inkişaf strategiyasının gerçəkləşdirilməsi üçün 2023-cü il dövlət büdcəsindən 3 milyard manat vəsait ayırıb. Bunun da 60 faizi, yəni 3 milyard manatı işğaldan azad olunmuş ərazilərimizin inkişafına sərf olunacaq. Düşünürəm ki, işğaldan azad olunmuş ərazilərimizin bərpa-quruculuğu istiqamətində atılması planlaşdırılan addımların miqyasına uyğun olaraq da, dövlət büdcəsindən vəsait nəzərdə tutulub. Gələcəkdə əlavə vəsaitlər tələb olunacaqsa, onun da təmin olunması imkanları mövcuddur. Bu baxımdan, hesab edirəm ki, Azərbaycan yalnız öz resursları hesabına işğaldan azad olunmuş ərazilərdə uğurlu bərpa-quruculuq işlərini həyata keçirməkdədir və müvafiq olaraq da məskunlaşmanı təmin edəcək. Nəzərə almaq lazımdır ki, bir qayda olaraq dövlət müharibədən çıxıbsa, ərazilərini işğaldan qurtarıbsa, həmin ərazilərdə bərpa-quruculuq işləri həyata keçirirsə, müvafiq beynəlxalq təşkilatlar, ayrı-ayrı donor təşkilatlar bir qayda olaraq dəstək olurlar, humanitar yardım aksiyaları həyata keçirirlər. Amma, Azərbaycanın vəziyyətində təəssüf ki, belə bir yanaşmanı görmürük. Yəni, burada da ikili standartlar siyasəti müşahidə olunmaqdadır”.
E.Mirbəşiroğlu sonda onu əlavə edib ki, ikili standartlar siyasəti müşahidə olunmasına baxmayaraq, Azərbaycan öz resursları hesabına ərazilərini uğurla bərpa etməkdədir:
“Təbii ki, dövlətimiz sistemli şəkildə işğaldan azad olunmuş ərazilərimizə məskunlaşmanı uğurla həyata keçirəcəkdir. Bu baxımdan düşünürəm ki, ölkəmiz bütövlükdə sosial-iqtisadi inkişaf prioritetlərini həyata keçirmək çərçivəsində, eyni zamanda işğaldan azad olunmuş ərazilərimizin də inkişafını təmin edəcək addımlar atmaqdadır. İnanıram ki, sülhün və təhlükəsizliyin qarantı olan dövlətimiz doğma torpaqlarımızın - Qarabağın, Şərqi Zəngəzurun bərpası və insanların öz doğma yurdlarına qayıtması üçün qarşısında qoyduğu hədəflərə qısa müddətdə nail olacaq. Bu da onun göstəricisidir ki, biz “Böyük Qayıdış” yolunda əmin addımlar atırıq. Bu isə tarixi Qələbənin prosesə çevrilməsi, milli həmrəyliyin güclənməsi, o cümlədən siyasi güc və sosial-iqtisadi inkişaf deməkdir”.
Siyasi şərhçi Anar Əliyev hesab edir ki, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyi təmin olundu:
“Azərbaycan dövləti sürətli şəkildə işğal dövründə erməni vandalları tərəfindən darmadağın edilən şəhər və kəndlərimizin, yaşayış məskənlərimizin bərpa olunması, müvafiq infrastrukturun qurulması və keçmiş məcburi köçkünlərimizin öz dədə-baba yurdlarına qayıdışı istiqamətində çox mühüm, ciddi mərhələnin əsasını qoydu. Ötən müddətdə Şərqi-Zəngəzur və Qarabağ iqtisadi rayonu ərazisində çox sürətlə insanlarımızın geri qayıdışını təmin edəcək mühüm bazanın qurulması istiqamətində işlər başladı. Xüsusilə, yolların çəkilməsi, iki beynəlxalq hava limanının istifadəyə verilməsi, qaz, elektrik, su, eyni zamanda suvarma sistemlərinin qurulması istiqamətində atılan addımlar onu göstərir ki, Azərbaycan dövləti vətəndaşlarımızın, köçkünlərimizin qısa müddətdə bölgəyə qayıtmasında israrlı və iddialıdır. Bütün güc və imkanlarını səfərbər edərək, bu istiqamətdə daha sürətli addımların atılmasına çalışır”. 
“Ötən müddət ərzində Azərbaycan dövlətinin həyata keçirdiyi ən mühüm işlərdən biri də işğal dövründə torpaqlarımıza basdırılmış və işğalçı Ermənistan tərəfindən bugünə qədər də tam xəritələri təqdim edilməyən və müharibə cinayətlərinə davam edən Ermənistanın basdırdığı minaların tapılıb zərərsizləşdirilməsi ilə bağlıdır. Hesab edirəm ki, Azərbaycan dövləti iki il müddətində çox mühüm ciddi nəticələrə nail olub. "Ağalı" yaşayış məskəni layihəsinin yekunlaşması ilə yüzlərlə, minlərlə məcburi köçkünün Vətənə qayıdışı təmin edildi.
Eyni zamanda, Ağdam, Füzuli, Laçın şəhərlərində sürətli tikinti quruculuq işləri həyata keçirilir və gələn ilin sonunadək Laçın şəhərinə növbəti köçün reallaşacağı planlaşdırılır. Eyni zamanda, gələn ilin sonuna kimi yeni qurulan Füzuli şəhərində ilkin mərhələdə yaşayış binalarının təhvil verilməsi gözlənilir. Azərbaycan Prezidentinin bu yaxınlarda imzaladığı “Qarabağa qayıdışın birinci mərhələsi ilə bağlı” Dövlət proqramı, eyni zamanda 2023-cü ildə qəbul edilmiş dövlət büdcəsindən Qarabağda həyata keçirilən müxtəlif istiqamətli bölgələrə böyük həcmdə vəsaitlərin, investisiyaların ayrılması sübut edir ki, keçmiş köçkünlərimizin dədə-baba yurdlarına qayıtması istiqamətində Azərbaycan dövlətinin addımları, fəaliyyəti qənaətbəxşdir. Hesab edirəm ki, kifayət qədər effektiv addımlar həyata keçirilir. Biz bunun real nəticələrini növbəti ildə daha geniş şəkildə müşahidə edə biləcəyik. Daha çoxlu sayda insanlarımzıın qayıdışında biz onu görə biləcəyik”.
Müsahibimizin sözlərinə görə, həm 2021-ci il, həm də 2022-ci il ərzində 2 milyard manatdan artıq vəsait işğaldan azad olunmuş torpaqlarımızda insanların yaşayışının təmin olunması ilə bağlı layihələrin icrasına yönəldilib:
“Bu istiqamətdə çox ciddi infrastruktur bazası formalaşdırılmaqda və qurulmaqdadır. Eyni zamanda, bir neçə yaşayış məskənlərimizin baş planı təsdiq olunub. Bu baş plana əsasən yaşayış binalarının, məktəblərin təhsil müəssisələrinin, səhiyyə ocaqlarının tikintisi istiqamətində sürətli işlər həyata keçirilir. Eyni zamanda, gələn ilin dövlət büdcəsində də daha böyük həcmdə vəsaitin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında quruculuq, yenidənqurma işlərinə, infrastruktur layihələrinə həyata keçirilməsinə ayrılıb. Unutmaq olmaz ki, Azərbaycan dövləti dəfələrlə beynəlxalq donorlara, beynəlxalq təşkilatlara, iqtisadi birliklərə müraciət etsə də, işğaldan azad olunmuş ərazilərin bərpa olunmasında həmin donor təşkilatlar aktiv iştirak etmək istəməyiblər. Bu da bir daha həmin təşkilatların, donor qurumlarının bağlı olduqları dövlətlərin Azərbaycanın yaratdığı yeni reallıqları qəbul etmək istəməmələri, Cənubi Qafqazda Azərbaycanın artmaqda olan rolunun onların maraqlarına uyğun olmamasını, bölgəmizdə sülh-barış, birgəyaşayışın formalaşmasını arzulamadığını nümayiş etdirir. Təbii ki, Azərbaycan öz dostları və özünün maliyyə imkanları çərçivəsində geri qayıdışı daha sürətli və effektiv həyata keçirilməsinə nail olmaq üçün prosesləri davam etdirir. Hesab edirəm ki, biz 2023-cü ildə bir neçə yaşayış məskənlərimizə də yüzlərlə, minlərlə keçmiş məcburi köçkünlərimizin geri qayıdışını, yəni bütövlükdə “Böyük Qayıdış”ın real nəticələrini müşahidə edə biləcəyik”.
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb
Mövzu: İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”
Aynurə Pənahqızı Demokrat.az


