Abşeron rayonunda 2000-ci il təvəllüdlü Şaiq qeyri-rəsmi münasibətdə yaşadığı Aygünə (adlar şərti verilib – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, istintaq orqanı tərəfindən Şaiqin barəsində Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Şaiqin ifadəsinə görə, Aygün ilə 2022-ci ilin iyun ayının əvvəllərində Masazır qəsəbəsində yerləşən “Abşeron Gənclər Şəhərciyi”nin ərazisində yerləşən “Abşeron” restoranında tanış olub: “Həmin vaxtdan biz qeyri-rəsmi ər-arvad münasibətlərində yaşamağa başladıq. Təxminən hadisədən 10 gün əvvəl isə aramızda yaranmış narazılıqlarla bağlı ondan ayrıldım. Birgə yaşadığımız müddətdə Aygün məndən 200 manata yaxın borc pul alıb”.
Təqsirləndirilən şəxs qeyd edib ki, bu ilin oktyabrın 14-də, gecə saat 00.30-da Aygünün yaşadığı ünvana gedib və onu dəhlizə çağırıb, borcunu istəyib: “Aygün isə borcu qaytarmaqdan imtina etdi, ünvanıma nalayiq ifadələr işlətdi. Mənə əl-qol atmağa başladı. Bu zaman Aygünün məni vurmaq istədiyini gördüm və onun qolundan tutaraq kənara itələdim. Həmin vaxt əlimin arxa hissəsi Aygünün burun nahiyəsinə dəydi və onun burnundan qan açıldı”.
Şaiq bildirib ki, bundan sonra Aygün Daxili İşlər Nazirliyinin “102 xidməti” zəng mərkəzinə müraciət edib, hadisə barədə məlumat verib: “Aygün təhqiramiz ifadələrlə məndən gözləməyimi tələb etdi. Mən isə bir saata yaxın orada gözləsəm də, polis əməkdaşlarının gəlmədiklərini gördüm. Sonra oradan getdim”.
Cinayət işi üzrə zərərçəkmiş Aygünün sözlərinə görə, hadisədən bir müddət əvvəl Şaiqlə aralarında yaranmış narazılıqlar səbəbindən ondan ayrılıb və bir daha evinə gəlməməsini tapşırıb: “Buna baxmayaraq Şaiq hadisə günü gecə təxminən saat 01 radələrində evimin qapısını döydü. Mən isə qapının arxasından səslənərək qonağımın olduğunu dedim və getməsini xahiş etdim. Lakin Şaiq getmədiyindən dəhlizə çıxdım və bir daha getməsini, bir daha məni narahat etməməsini tələb etdim. Həmin vaxt Şaiq evə daxil olmaq istədiyindən, buna mane olmağa çalışdım. Bu səbəbdən aramızda mübahisə yarandı. Baş vermiş mübahisə zamanı Şaiq qəflətən burun nahiyəmə yumruqla bir dəfə zərbə vurdu. Zərbənin təsirindən burnumdan qan açıldı”.
Aygünün sözlərinə görə, bundan sonra Daxili İşlər Nazirliyinin “102 xidməti” zəng mərkəzinə müraciət edib, bu barədə məlumat verib, bunu görən Şaiq isə oradan gedib.
Bu cinayət işinə Abşeron rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmişin ondan şikayətçi olmamasını nəzərə alıb.
Məhkəmə Şaiqin barəsində olan cinayət təqibinə xitam verib. O, cinayət məsuliyyətindən azad olunub.
Fariz Məlikli Demokrat.az


