Gündəm Özəl

“Erməni toplumu Azərbaycan dövlətinin idarəsi altına keçməlidir” — ŞƏRH

“Erməni toplumu Azərbaycan dövlətinin idarəsi altına keçməlidir” — ŞƏRH

Erməni mətbuatı Laçın yolunda baş verənlərin Zəngəzur dəhlizinin açılmasına, eləcə də Ermənistan və separatçıların qanunsuz silahlı birləşmələrinin ərazilərimizdən çıxarılmasına zəmin yaradacağını yazır.

Məsələyə münasibət bildirən BAXCP sədrinin müşaviri, siyasi şərhçi Azər Qasımov Demokrat.az-a açıqlamasında bildirib ki, baş tutan aksiyanın təsirlərinin olacağı gerçəyinin erməni mediasında oyatdığı fikirlər tamamilə normaldır:

“Onlar da yaxşı başa düşürlər ki, Azərbaycan əgər deyilən məsələlərin həllini tələb edirsə, bu, gec-tez olacaq. İstər Zəngəzur dəhlizini, istərsə də silahlıların Qarabağdan çıxarılması məsələsi Azərbaycan üçün prinsipial məsələdir. Bu regiondakı sülh və stabilliyin ilk şərtidir. Azərbaycanın regionda yaratmaq istədiyi stabillik və inkişaf meyllərinin qarşısında kimsə dura bilməyəcək. Bu istək dünyada kimsənin qarşı gələ bilməyəcəyi istəkdir. Zəngəzur dəhlizinin açılmasının ləngidilməsinin nəticələrini ermənilər keçirilən aksiya ilə görürlər. Günlərdir Qarabağ erməniləri onların rəhbərlərinin göstərdikləri inadın onlara nəyə başa gələcəyini görürlər. İndi yəqin yaxşı başa düşürlər ki, onların inadı elə onların özünü vurur. Əllərində alət olduqları ölkələrin diqtəsi ilə etdikləri inad elə həmin ölkələrin oyunu ilə də Qarabağ ermənilərinin gələcəyini şübhə altına alır”.

“Azərbaycan aksiyaçıların yolu bağlamadığı halda rus sülhməramlıların yolu bağlamasını Qarabağ ermənilərinin taleyinin onlar üçün əhəmiyyət kəsb etmədiyinin, sadəcə qarşıdurma yaratmaq və regionda qalmaq üçün əsas əldə etməyə hesablandığının bir nümunəsidir. Erməni silahlılarının Qarabağ ərazisindən çıxarılmasına inam azdır. Bu məsələ sakitliklə olmayacaq. Həmin hərbi birləşmələr terrorçu qruplar kimi erməni əhalini Qarabağda girov saxlayır. Onlar mütləq məhv edilməlidir. Erməni toplumu Azərbaycan dövlətinin idarəsi altına keçməlidir”, - deyə analitik sonda fikirlərini yekunlaşdırıb.

Aynurə Demokrat.az

NE
Nihadə Eyyubova