Kriminal Özəl

Xırdalanda toydan gələn sərxoş gənc arvadına xəsarət yetirdi — TƏFƏRRÜAT

Xırdalanda toydan gələn sərxoş gənc arvadına xəsarət yetirdi — TƏFƏRRÜAT

Abşeron rayonunda 1990-cı il təvəllüdlü Elnar şəxsi münasibətlər zəminində həyat yoldaşı Zəminəyə (adlar şərti verilib – red.) xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Xırdalan şəhəri, S.Vurğun küçəsində baş verib.

Elnar mobil telefonu övladına verməsi və edilən telefon zənglərinə cavab verməməsi ilə bağlı aralarında yaranmış mübahisə zamanı Zəminəni döyüb.

İstintaq orqanı tərəfindən Elnarın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elnar törətdiyi əməli etiraf edib. O bildirib ki, zərərçəkmiş Zəminə onun arvadıdır: “Biz 2007-ci ildə ailə həyatı qurmuşuq və bu nigahdan 4 övladımız var. Ailədaxili münasibətlərimiz həmişə yaxşı olub”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, yaşadıqları evdə olan zaman Zəminə Xırdalan şəhərində yaşayan xalası Nərgizgilə getmək üçün ondan icazə istəyib: “Zəminənin xalasıgilə getməsinə icazə verdim. Həmçinin özümün də toydan çıxdıqdan sonra xalasıgilə gələcəyimi və Zəminəni oradan götürərək yaşadığımız evə birlikdə gedəcəyimizi bildirdim. Toydan içkili vəziyyətdə çıxdıqdan sonra Zəminə ilə telefon vasitəsilə əlaqə saxladım. Lakin Zəminə telefon zənglərimə cavab vermədi”.

Elnar bildirib ki, saat 23 radələrində Zəminənin xalasigilin yaşadığı binanın qarşısına gəlib: “Yenə də Zəminə ilə telefon vasitəsilə əlaqə saxladım. Binanın qarşısında olduğumu və Zəminəyə yaşadığımız evə getmək üçün binanın həyətinə düşməsini dedim. Zəminə qızımız Səbinə ilə binanın həyətinə düşdü. Zəminədən nə üçün telefon zənglərinə cavab vermədiyini soruşdum. Zəminə telefonun Səbinə də olduğunu, bu səbəbdən telefona cavab verə bilmədiyini dedi. Orada aramızda sözlə mübahisə olduqdan sonra piyada yaşadığımız evə getməyə başladıq”. Təqsirləndirilən şəxs deyib ki, piyada hərəkətdə olan zaman Nərgizin Zəminə ilə telefon vasitəsilə əlaqə saxladığını görüb: “Zəminə telefona cavab verməzdən öncə xalasına aramızda mübahisə olması barədə heç nə deməməsini bildirdim. Buna baxmayaraq Zəminə xalasına aralarında mübahisəmiz olduğunu dedi. Zəminənin aramızda mübahisə olduğunu xalasına deməsinə əsəbiləşdim. Bu səbəbdən telefonla danışandan sonra Zəminə ilə aramızda mübahisə yarandı. Mübahisə zamanı yumruqla bir dəfə Zəminənin sifət nahiyəsinə zərbə vurdum. Zəminə isə oradan qaçaraq uzaqlaşdı. Sonradan Zəminənin barəmdə şikayət etməsindən məlumatım oldu”.

Bu cinayət işinə Abşeron rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb.

Bu səbəbdən Elnarın barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad olunub.

Fariz Məlikli Demokrat.az

D
demokrat.az