12 dekabr tarixindən etibarən Laçın dəhlizində başlayan etiraz aksiyası hələ də davam edir. ABŞ, Fransa və Kanada Şuşa – Laçın yolunun tezliklə açılmasının tərəfdarıdır. Şuşa – Laçın yolunun açılması üçün beynəlxalq təzyiqlərin güclənməsi ehtimalı nə dərəcədədir? Bu təzyiqlərin sonu nə ilə nəticələnə bilər?
Bu mövzu ətrafında millət vəkili Hikmət Babaoğlu Visiontv.az saytına açıqlama verib. Millət vəkilinin açıqlamasını sizə təqdim edirik:
“Hər şeydən öncə qeyd etmək lazımdır ki, Azərbaycan heç bir yolu bağlamayıbdır. Sadəcə olaraq Azərbaycanın ictimai fəalları torpaqlarımızda törədilən ekoloji və iqtisadi cinayətkarlığa qarşı öz etiraz aksiyalarını keçirir. Bu prosesdə Rusiya sülhməramlıları müxtəlif məqsədlərlə, o cümlədən də təhlükəsizlik üçün yolu bağlı saxlayırlar.
Yolun açılması ilə bağlı Azərbaycanın rəyi əlbəttə ki, müsbətdir. Biz hər cür humanitar kommunikasiya üçün yolun açılmasına hazırıq. Amma Amerika Birləşmiş Ştatları, Fransa, Kanada yolun açılmasını istəyirlərsə və yaxud hər hansısa bir yolun bağlı qalmasından narahatdırlarsa, o zaman onlar Zəngəzur yolunun bağlı qalmasından da narahat olmalıdırlar.
Təbii ki, kommunikasiya doğrudan faydalıdır. Lakin bu istiqamətdə bütün tərəflərin münasibətinin eyni olması lazımdır. Biz gözləyirik ki, bu bəyanata paralel olaraq ABŞ, Fransa, Kanada həm də bəyanat versin ki, Azərbaycanın qərb rayonları ilə Azərbaycanı birləşdirən Zəngəzur dəhlizi də tezliklə açılsın. Bunun üçün də bu ölkələr gərək ki, Ermənistana təzyiq etsinlər. Yalnız bu halda bu ölkələrin mövqeyi ədalətli, doğru və effektiv ola bilər. Əks təqdirdə isə Azərbaycana hər hansısa bir formada təzyiq etmək mümkün deyil.
Çünki o təzyiqin mexanizmləri yoxdur. İstəsələr də təzyiq edə bilməzlər. Bundan başqa beynəlxalq hüquqa görə bütün müstəqil dövlətlər suveren hüquqlara malikdirlər. Kiminsə bizim üzərimizdə diqtə etməsi mümkün deyil. Xüsusən güclü dövlət olan Azərbaycanda hazırkı vaxtda təzyiq etmək qeyri – mümkündür. Ona görə də mən düşünürəm ki, həmin ölkələr və eyni zamanda Avropa İttifaqı, buna bənzər bir bəyanatı da Ermənistan haqqında səsləndirsinlər. Nəticədə də Ermənistan Zəngəzur dəhlizini təcili şəkildə açsın.”


