15 dekabr tarixində Xarici İşlər Nazirliyində nazir Ceyhun Bayramovun iştirakı ilə Azərbaycanda akkreditə olmuş diplomatik korpusun nümayəndələri üçün brifinq keçirilib.
XİN-dən bildirilib ki, brifinq zamanı, nazir C.Bayramov Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələrinin və ekologiya fəallarının Şuşa-Laçın yolunda son bir neçə gün ərzində həyata keçirdiyi etiraz aksiyasına səbəb olan vəziyyətin hələ də aradan qaldırılmadığını diqqətə çatdırıb.
Nazir Azərbaycanın Laçın yolu ilə avtomobillərin hərəkətinə heç bir məhdudiyyət qoymadığını, hərəkətin əvvəlki qaydalarla tənzimləndiyini diqqətə çatdırılıb. Azərbaycanlı etirazçılar tərəfindən yol boyu nəqliyyatın hərəkətinin dayandırılması niyyətinin olmaması, əksinə mülki nəqliyyat vasitələrinin, xüsusən də təcili yardım maşınlarının hərəkətini asanlaşdırmağa hazır olduqlarına dair müvafiq açıqlamaların verildiyi bildirilib.
Mövcud vəziyyətin guya humanitar böhrana səbəb ola biləcəyi barədə iddiaların həddən artıq şişirdirildiyini qeyd edən nazir, Azərbaycan tərəfinin ərazilərimizdə yaşayan erməni sakinlərin humanitar ehtiyaclarını qarşılamağa daim hazır olduğunu diqqətə çatdırıb.
Nazir C.Bayramov Azərbaycan tərəfinin yerli erməni sakinlərlə dialoqun təşviqi istiqamətində addımlar atdığı barədə məlumat verib. Bu xüsusda, istər Laçın yolunun tikintisi, istərsə də Sərsəng su anbarından istifadə ilə bağlı atılan birgə addımlar çərçivəsində yerli erməni sakinlərlə təmaslardan bəhs edilib.
Görüşdə cari ilin 3 dekabr tarixindən aidiyyəti dövlət qurumlarının mütəxəssislərindən ibarət heyətin Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlar ilə bağlı sülhməramlı kontingentin komandanlığı ilə danışıqlar aparıldığını, əldə olunmuş razılığa baxmayaraq 10 dekabr tarixində sözügedən ərazilərə Azərbaycan nümayəndələrinin səfərinə maneçilik törədildiyi barədə məlumat verilib. Davam edən etiraz aksiyasının qeyri-qanuni fəaliyyətlərə qarşı Azərbaycan ictimaiyyətinin haqlı narazılığının nəticəsi olduğu, Azərbaycanın əslində öz narahatlıqlarını dialoq yolu ilə həll etməyə çalışdığı diqqətə çatdırılıb.
xxx Azərbaycanın xarici işlər naziri (XİN) Ceyhun Bayramov Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələri və hərbi attaşelər üçün brifinq keçirir.
“Report” xəbər verir ki, nazir Şuşa-Xankəndi yolundakı mövcud vəziyyət barədə xarici diplomatları məlumatlandırıb.
Nazir bildirib ki, Azərbaycanlı ekofəalların Xankəndi-Laçın yolundakı nümayişlərdəki tələbləri hələ də cavablandırılmayıb.
Onun sözlərinə görə, iki gün öncə keçirilən brifinqdə etiraz nümayişinin başlanması səbəbləri açıqlanıb:
“Eyni zamanda ötən iki gün ərzində biz manipulyasiyalar üçün ortaya atılan yalanların şahidi olduq”, - deyə o əlavə edib.
Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyası artıq dörd gündür davam edir.
Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.
2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi.


