“Rusiya sülhməramlıları gələn gündən öz mandatlarına uyğun fəaliyyət göstərmirlər”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında Ağ Partiya sədri Tural Abbaslı deyib. Partiya sədri əlavə edib ki, onlar regiona yerləşdikləri gündən indiyədək Qarabağ iqtisadi zonasında ermənilərin möhkəmlənməsi, separatçı addımların davam etdirilməsi, eyni zamanda Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə təhlükə üçün hər cür dəstəyi veriblər: “Onların niyyəti orada yenə də 1989-cu ilin əvvəlində olduğu kimi erməni əhalisini silahlanması, təşkilatlanması və Azərbaycanda yenidən ərazi iddiasını qaldırmasına kömək etməkdir. Əslində, rus sülhməramlıların missiyası o deyil! Sülhməramlının missiyası yerli əhali arasında qarşdurmanın qarşısını alınmaqdır. Maraqlıdır ki, avtobuslarda erməniləri daşıyan rus sülhməramlılar, onlar üçün park, mədəniyyət klubları, bağçalar tikirlər, amma indi Azərbaycan vətəndaşlarını öz ərazilərinə girməyə imkan vermirlər. 15 mindən artıq Xankəndi qeydiyyatlı Azərbaycan vətəndaşı var. Onları bugünədək ata-baba yurdlarına buraxılmırlar. Ekoloji baxımdan da bizim torpaqların 30 ildə talanmasından sonra, yenə də orada, rusların da müvəqqəti yerləşdiyi torpaqlarda bizim təbii sərvətlərin talan edilməsi üçün şərait yaradırlar. Eyni zamanda, Laçın yolu ilə Azərbaycan ərazilərinə silah-sursatın, minaların gətirilməsi ətraf rayonların və eləcə də Qarabağın özünün minalarla çirkləndirilməsi prosesi davam edir. Təbii ki, buna Azərbaycan dözə bilməzdi. Jurnalistlərin, nazirlik əməkdaşlarının ora getmələri və sülhməramlılara öz mandatlarına uyğun fəaliyyət göstərmək tələbləri çox normal, adekvatdır. Əgər rus sülhməramlıları bu fəaliyyətlərini yenə davam etdirərlərsə, yəni Azərbaycan tərəfinin öz torpaqlarına getməyinə, həmin ərazilərdə suverenliyinin bərpa olunmasına maneə törədərlərsə, düşünürəm ki, Azərbaycan tərəfi üçtərəfli bəyannamədən çıxmalıdır və rus sülhməramlılarından dərhal Azərbaycan ərazilərini tərk etməyi tələb etməlidir. Zatən rus sülhməramlıları Rusiyanın Ukraynaya aqressiyasından sonra dünyada gülüş doğurur ki, Rusiya haradasa sülhməramlı missiya ilə fəaliyyət göstərir. Ona görə biz öz ərazilərimizdən rus işğalçılarını çıxartmalıyıq. Həm siyasi-iqtisadi, lazım gələrsə, hərbi cəbhədə də lazımi addımlarımızı atmalıyıq”.