“General Volkov özü şəxsiyyət kimi də şübhəlidir, çünki Suriyada PKK və onun qollarına verdiyi dəstək ilə tanınırdı. Vaxtaşırı Abdullah Öcalan protretləri , PKK bayraqları ilə bəzədilmiş tədbirləri ziyarət edir, qolunda YPG şevronu ilə pozlar verir, çəkinmədən bu tədbirlərdən fotolar paylaşırdı. Anlaşılan odur ki, köhnə xasiyyətini dəyişməyib. Qarabağda da separatçı rejimin qalıqlarına, terrorçulara dəstək verdiyini görürük”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Turab Rzayev deyib. Politoloq qeyd edib ki, İrandan Qarabağa gələn terrorçu, təxribatçı dəstənin üzvləri rahat şəkildə Qarabağa daxil olur, ancaq Azərbaycan sıravi vətəndaşlarına isə heç bir halda icazə verilmir. 
“Ola bilsin ki, Volkov Qarabağda da yerli terrorçular ilə yaxın münasibət qurmağı bacarıb. Azərbaycan təbii sərvətlərinin, filiz mədənlərinin talanmasına, meşələrin qırılmasına, su mənbələrinin çirkləndirilməsinə göz yummağının qarşılığını necə alır? Niyə bizim gördüyümüz faydalı qazıntıların çıxarılmasını, Laçın dəhlizi ilə daşınmasını o görmür? Nəyin müqabilində görmür? Bu sualların cavabı aydındır. Dünən Suriyada qanunsuz İŞİD nefti satanlar bugün Qarabağda qanunsuz qiymətli metal satmaq istəyirlər. Ancaq bir şeyi unudurlar. Qarabağ İdlib, Azərbaycan isə Suriya deyil. Özü də, sülhməramlı kontingenti də Azərbaycan ərazilərini birdəfəlik tərk etməlidir. Azərbaycan Respublikası ərazisində yeganə qanuni silahlı birləşmələr AR Silahlı Qüvvələridir. Qalan bütün silahlı birləşmələr işğalçı qüvvə statusu daşıyır”.
Analitik əlavə edib ki, slhməramlılar İrandan gələn terrorçu, təxribatçı qrupların üzvlərini Azərbaycan ərazisinə buraxır, ancaq Azərbaycan vətəndaşı olan ekoloqları, jurnalistləri, sadə vətəndaşları isə buraxmır.
“Hətta vətəndaş ilə itişməyə çıxır, arxada pulemyotlar və ağır texnika nümayiş etdirir. Yaxşı, bəs sülhməramlı sivil əhaliyə qarşı ağır silahlardan istifadə edə bilərmi? Sualın qısa cavabı, sülhməramlı kontingent nəinki ağır silahlardan, ümumiyyətlə əhaliyə qarşı silah istifadə edə bilməz. Çünki sülhməramlılar tərəfindən hər hansı bir səbəblə silah istifadəsi beynəlxalq hüquq cəhətindən qəti qadağandır. Yeganə müstəsna hal, sülhməramlılara qarşı digər tərəfdən güc tədbiq olunsa, bu vəziyyətdə tətbiq edilən güc nisbətində tətbiq edilə bilər. Yəni bir etiraz aksiyası iştirakçısı sülhməramlının üzünə tüpürsə, ona pulemyot ilə atəş açıb qarşılıq verə bilməz. Üstəlik bu cavab zaman aşımına imkan vermədən, ancaq və ancaq özlərini qorumaq məqsədi ilə istifadə edilə bilər. Digər bütün hallarda silah istifadəsi sülhməramlıları münaqişə tərəfinə çevirir. Hələ ümumiyyətlə, əgər münaqişə tərəflərindən biri beynəlxalq hüquqa zidd hərəkət edirsə, o zaman həmin qondarma sülhməramlılar qanuni hüquqi hədəf halına dönürlər. Məhz elə buna görə də səhər pulemyot və texnikalar ilə şou göstərən sülhməramlılar ağır silahları, pulemyotları daha sonra yığışdırıblar. Görünür, kimsə ağıl verib”.
Nəzrin Demokrat.az


