“Türkiyə-Azərbaycan müttəfiqliyinin son 10 ildə daima artan xətt üzrə inkişaf etdiyi şübhəsizdir. Amma bu, Azərbaycanın son müstəqillik tarixinin başlandığı gündən belədir”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında BAXCP sədrinin müşaviri, siyasi şərhçi Azər Qasımov deyib. Analitik vurğulayıb ki, Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkə Türkiyə olmuşdur. “Azərbaycan və Türkiyə qardaş ölkələrdir və iki ölkə arasındakı bu qardaşlığın dünyada analoqu yoxdur. Bu qardaşlıq münasibətləri rəsmi şəkildə 2010-cu ildə Türkiyə Prezidenti Abdullah Gül ilə Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı "Strateji iş birliyi" anlaşması və 2021-ci ildə Şuşa şəhərində imzalanan tarixi "Şuşa bəyannaməsi" ilə özünün pik nöqtəsinə çıxmışdır. Bütün dünya Azərbaycan və Türkiyəni bir millət, iki dövlət kimi tanıyır. Son illər iki ölkənin ordularının qarşılıqlı inteqrasiya və Azərbaycan ordusunun NATO standartlarına uyğunlaşdırılması istiqamətində Türkiyənin fəaliyyət apardığı elan edilib və bu fəaliyyət uğurla davam edir, planlı şəkildə qarşılıqlı hərbi təlimlər keçirilir. Hesab etmək olar ki, Türkiyə-Azərbaycan müttəfiqliyi ölkəmizə qarşı olan dövlətləri çəkindirəcək qədər güclənib və real gücə çevrilib. 44 günlük müharibə dövründə bunun şahidi olduq. Regiondakı kənar qüvvələr müharibəyə açıq müdaxilə etməyə çəkindilər. Hesab edirəm ki, görüləsi işlər hələ çoxdur. Əldə olunanlarla kifayətlənmək olmaz. Orduların inteqrasiyasını artırmaq üçün hər iki ölkə ərazisində yeni ordu birləşməsi yaratmaq lazımdır. Bu ordularda qardaşlıqlı olaraq əsgər mübadiləsi və mümkün qədər yerli istehsal hərbi texnika, silah-sursat təminatı təşkil edilməlidir. Azərbaycan və Türkiyə müttəfiqliyi artıq real gücə çevrilib. TDT-nın yaradılması bu gücü daha da artırır”.