Kriminal Özəl

Bakıda ŞOK OLAY: Gənc oğlan şənlikdən çıxan nişanlısını döydü — TƏFƏRRÜAT

Bakıda ŞOK OLAY: Gənc oğlan şənlikdən çıxan nişanlısını döydü — TƏFƏRRÜAT

Bakının Nizami rayonunda 1997-ci il təvəllüdlü İnqilab şəxsi münasibətlər zəminində yaranan münaqişə zamanı nişanlısı Aydana (adlar şərti verilib – red.) xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyiməlumata görə, hadisə rayon ərazisində yerləşən “Altun Saray” şadlıq evinin həyətində baş verib.

İnqilab orada nişanlısı ilə aralarında şəxsi münasibətlər zəminində mübahisə baş verib. Bu zaman Aydanın baş və sifət nahiyələrinə zərbələr vuraraq ona xəsarətlər yetirib.

İstintaq orqanı tərəfindən İnqilabın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən İnqilab ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Aydanın onun uzaq qohumudur və onunla iki ildən artıq sevgili münasibətində olub: “20 may 2020-ci ildə biz nişanlandıq. 2020-ci ilin iyul ayında toy etməyə hazırlaşdığımız üçün Aydanın atasının təkidi ilə rəsmi nikaha daxil olduq. Lakin pandemiya səbəbindən toy məclisi gecikdi. Rəsmi nikahımız olsa da, biz faktiki birlikdə yaşamamışıq. İşlə bağlı Şuşa şəhərinə ezam olunmamışdan əvvəl Aydan mənə bildirdi ki, 30 dekabr 2021-ci ildə iş yoldaşları ilə restoranda “Yeni il” şənliyi qeyd etmək istəyirlər. Mən buna etiraz etdim. Onun şənliyə getməsinə icazə vermədim”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, dekabrın 28-də Aydan israrla şənliyə getmək istədiyini və müdirinin il sonu əmək haqlarını restoranda verəcəyini, dekabrın 30-da “Altun” şadlıq sarayında şənlik keçirəcəklərini, pula ehtiyacı olduğunu israrla bildirdiyi üçün onun şənliyə getməsinə icazə verib:

“Dekabrın 29-da “Whatsap” vasitəsi ilə “sms” yazaraq şənlikdə saat 21.30-dək iştirak etməsini, həmin saatda gələrək onu oradan aparacağımı dedim.

Aydan mənimlə razılaşdı. Saat 21.30-da “Altun” şadlıq sarayının qarşısına gəldim və şənliyin keçirildiyi zala baxdıqda yalnız Aydanın işlədiyi yerin kollektivinin deyil, kənar qonaqların da zalda şənlik etdiklərini gördüm. Buna əsəbləşdim. Çünki Aydan işlədiyi uşaq baxçasının kollektivinin olacağını, kənar şəxslərin olmayacağını bildirmişdi. Aydana zəng edərək onu çöldə gözlədiyimi dedim. Aydan hazırlaşaraq çölə çıxanadək təxminən 25-30 dəqiqə vaxt keçmişdi. Aydan saat 22.05-də şadlıq sarayından çölə çıxdı. Ona bayaqdan bir neçə dəfə zəng etdiyimi, hansı səbəbdən cavab vermədiyini soruşdu. Aydan musiqinin səsindən telefonun zəngini eşitmədiyini dedi. Ondan nəyə görə danışdığımız kimi saat 21.30-da çıxmamasını və məni bu zamana qədər gözlətdiyini soruşdum. Aydan yalan danışaraq çöldə gözlədiyini ddm. Mən isə şüşədən içəriyə baxaraq Aydanın gördüyümü, ona yalan danışmamasını dedim. Mübahisə də buna görə başladı. Aydan ilə bu şəkildə mübahisə etdik. “Altun” şadlıq sarayının həyətyanı sahəsinin arxa tərəfinə getdik. Oraya çatdıqda Aydanın mənimlə yersiz mübahisə etdiyi, yalan danışmaqda davam etdiyi üçün əsəbləşdim.Aydanın sifətindən vuraraq onu itələdim. Həmin vaxt əlimdə hər hansı bir əşya olmayıb. Aydan özünü pis hiss etdiyi və ağladığı üçün yolla keçən taksini saxlatdırdım, onu yaşadığı evə apardım. Orada Aydanın valideynləri ilə aramızda mübahisə yarandığına görə, öz evimə getdim”.

İnqilab qeyd edib ki, sonradan Aydanın onun barəsində şikayət etməsini eşidib. Bildirib ki, onun ümumiyyətlə Aydana hər hansı xəsarət yetirmək niyyəti olmayıb, sadəcə olaraq əsəbi olduğu üçün belə bir hərəkət edib. O, əməlindən peşman olduğunu, dəfələrlə cəhd etməsinə baxmayaraq, Aydan ilə barışa bilməyib.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Aydanın sözlərinə görə, şadlıq sarayında olan şənlikdən çıxdıqdan sonra İnqilabın ona tərəf əsəbi halda gəldiyini görüb: “İnqilam əli ilə işarə edərək məni çağırdı. Sonra məni özü gəldiyi tərəfə qolumdan tutaraq itələdi. Bir dəfə də şillə ilə başımdan vuraraq “Altun” şadlıq evinin arxa hissəsinə gedən yolun kənarına apardı. İnqilab orada mənimlə mübahisə edərək əsəbi halda qışqırdı, nalayiq söyüşlərlə təhqir etdi. Əli ilə başımdan və sifətimdən zərbələr vurdu. İnrilabın məni vurması nəticəsində sifət və burun nayihələrimdə şiddətli ağrılar yaratdı. Eyni zamanda burnumdan da qan gəldi. Həmin hadisə zamanı orada heç kim olmayıb. İnqilab yolla keçən qeydiyyat nişanını və markasını bilmədiyim taksi ilə məni yaşadığım evə apardı. 10 manat pulu da məndən götürərək taksiyə verdi. Biz evə çatdıqda anam və atam İnqilabdan məni niyə döydüyünü soruşdular. Onqilab yaxşı etdiyini və ona heç nə edə bilməyəcəklərini dedi. O, atam və anamla da mübahisə etdi. İnqilab bu hadisəyədək bir neçə dəfə məni təhqir etmişdi. Hətta məni döysə də, heç bir zaman barəsində şikayət etməmişdim. Valideyinlərimə də belə hadisə haqqında danışmamışdım”.

Zərərçəkmiş şəxs qeyd edib ki, İnqilabın onu döyməsindən sonra onunla ayrılmaq, bağlanmış nikahın pozulması üçün məhkəməyə müraciət etmək qərarına gəlib.

Bu cinayət işinə Nizami rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə İnqilab 9 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Təqsirləndirilən şəxsin üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 22.00-dan növbəti gün saat 07.00-dək yaşayış yerini, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulub.

Təqsirləndirilən şəxsin üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilib.

Qeyd edək ki, İnqilab hadisə vaxtına kimi polis əməkdaşı işləyib. Daha sonra onun barəsində cinayət işi başlanıldığı üçün orqandan xarc olunub.

Fariz Məlikli Demokrat.az

D
demokrat.az