“Rusiya hərbi kontingentinin bu cür davranışı özbaşınalıqdır. Nə üçtərəfli bəyanatda, nə də Moskvanın moderatorluğu altında keçirilən digər görüşlərdə əldə edilən razılaşmalarda oradakı hərbi kontingentin Azərbaycan vətəndaşlarının Qarabağa girib-çıxmalarının qarşısını kəsə biləcəkləri ilə bağlı heç nə yoxdur. Ona görə də, mən bunu qətiyyətlə pisləyirəm və Rusiya hərbi kontingentinin həmin üçtərəfli bəyanatda üzərinə götürdüyü və ancaq yerinə yetirmədiyi öhdəliklərə əməl etməyə çağırıram”.
Bunu Demokrat.az-a Milli Məclisin deputatı Sahib Alıyev sülhməramlıların azərbaycanlı jurnalistləri Xocalıya buraxmaması və onlarla kobud rəftarı haqda açıqlamasında deyib. Deputat qeyd edib ki, jurnalistlərimizin Xocalıya buraxılmaması sülhməramlıların missiyasına tamamilə ziddir: “Onların əsas vəzifəsi Laçın yolunu tam kontrolda saxlamaq, oradan Qarabağa silah-sursat gətirilməsinə, terrorçu ünsürlərin sızmasına, yad elementlərin gəlməsinə imkan verməməkdir. Həmçinin, qanunsuz silahlı birləşmələri oradan çıxarmaq və çıxmaq istəmədikdə, zərərsizləşdirməkdir. Çox təəssüf ki, Rusiya hərbi kontingenti neçə ildir ki, bunun öhdəsindən gəlmir. Elə bu günün özündə də onun müvəqqəti kontrolu altında olduğu yerlərdə Azərbaycan ordusunun mövqelərinin yenidən atəşə tutulması da bir daha bunu təsdiq edir. Əgər Rusiya hərbi kontingenti üzərinə düşən öhdəliyi yetirə bilmirsə və buna gücü çatmırsa, (komandanları Volkovun dolasıyla etirafından da belə görünür) onda zəhmət çəkib Azərbaycanın uyğun strukturlarından yardım istəsinlər. Biz bu yardımı təqdim etməyə hazırıq. Onların yerinə yetirə bilmədiklərini çox sürətlə reallaşdıra bilərik”.