“Qarabağda nə qədər ki, erməni silahlı birləşmələri qalacaq bu təxribatların da sayı durmadan artacaq. Bir gün tez, bir gün gec ağır nəticələrin olması qaçılmazdır”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov deyib. Hərbi ekspert qeyd edib ki, Tərtər-Kəlbəcər marşurutu ilə hərəkət edən Azərbaycan kolonuna ermənilər tərəfindən hücum olunması, ümumiyyətlə, həddini aşmaq və Azərbaycana meydan oxumaqdır.
“Bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla Rusiyanın xarici işlər naziri Sergey Lavrov bir araya gələcək. Nə həll edəcəklər?! Azərbaycan nə vaxta qədər ki, Rusiyaya inanacaq, Rusiya da bir o qədər Azərbaycanın etibarından, etimadından sui-istifadə edəcək. Nə qədər ki, onlar üzərinə düşən işləri görməyəcəklər biz bu problemlərlə baş-başa qalacağıq. Ona görə də, təəccüblənməyin. Burada qeyri-adi nəsə baş verib? Bir il bundan qabaq Daşaltıda həmin yol üstündə Azərbaycan postuna Rusiya sülhməramlıların gözü qarşısında basqın edildi. Nə etdilər? Terrorçu Norayr Mirzoyanı saxladılar və separatçılara təhvil verdilər. Separatçılar da az qala ondan növbəti bir milli qəhrəman obrazı yaratmağa çalışdılar. Bu problemlərin başında çəkinmədən deyirəm ki, birbaşa Rusiya Federasiyasının prezidenti və onun yaxın ətrafı (Müdafiə Nazirliyi, Xarici İşlər Nazirliyi) durur. Nə qədər ki, Azərbaycan bu şəxslərə öz sərt üzünü göstərməyəcək biz bundan da ağır münasibətlə üzləşəcəyik. Rusiya sülhməramlılarının komandanı general-mayor Andrey Volkov görürsüz nə deyir? Deyir ki, Azərbaycan tərəfinin yer adlarını necə var elə də yazırıq. Yəni, toponimlərin aldığını Azərbaycan adları ilə Moskvaya təqdim edirəm, ancaq orada dəyişirlər. Adamdan soruşarlar ki, yaxşı dəyişirlər, sən verdiyin məlumatı oxumursan? Demirsən ki, bura Xankəndidir, ancaq siz yazırsınız Stepanakert, bura Ağdərədir, ancaq siz yazırsınız Mardakert və digərləri. Bunlar oyun oynayırlar, özlərini də ağıllı sayırlar, guya biz bunu görmürük, hiss etmirik. Başdan ayağa saxtakar dövlətin saxtakar idarəetməsidir! Ukraynada müharibə aparırlar, deyirlər biz müharibə aparmırıq xüsusi əməliyyat aparırıq. Guya camaat çörəyi qulağının dibinə yeyir. Müharibə nədir, xüsusi əməliyyat nədir? Ona görə Laçın dəhlizində hələ bundan da ağır faciələr baş verəcək. Nə qədər ki, orada rus sülhəməramlıları adı altında başı pozuq dəstə var, ondan da ağır hadisələr baş verəcək. Buna biz hazır olmalıyıq! Yeganə arzum, istəyim odur ki, Azərbaycan əsgərləri, zabitləri özlərini qorusunlar. Hər an onlara və mülkilərə qarşı bədbəxt və faciəli hadisələr baş verə bilər”- deyə polkovnik sonda qeyd edib.