Naxçıvandakı ictimai-siyasi vəziyyət ictimaiyyətin diqqət mərkəzində qalmağa davam edir. Əvvəllər Muxtar Respublikadakı durumla bağlı danışmaqdan çəkinən, susan naxçıvanlı ziyalılar son günlər xeyli aktivləşib, tənqidi fikirlər səsləndirməyə başlayıblar. Demokrat.az-ın məlumatına görə, əvvəllər Naxçıvan haqqında yazmağın, danışmağın çətin olduğunu əslən Muxtar Respublikadan olan jurnalist, Mətbuat Şurası İdarə Heyətinin üzvü, “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev də etiraf edir. “Oradan vaxtilə heç bir cümləni də rahatlıqla yazmaq mümkün deyildi”.
A. Quliyevin sözlərinə görə, Azərbaycanda illərdir korrupsiya ilə mübarizə gedir, ölkənin bir parçası olan Naxçıvan da bu prosesdən kənarda qalmalı deyildi:
“Bir gün bu mübarizə Naxçıvanı da əhatə etməli deyildimi? Azərbaycanın nə qədər iri məmurları, biznesmenləri həbsə atıldı, Naxçıvanda həbs olunanlar "qaraqaş, qaragöz" deyillər!
Niyə bu əməliyyatların Azərbaycan DTX tərəfindən aparılmasının da aydın cavabı var.
İllər boyu Naxçıvanda bu mübarizənin yerli orqanların özləri tərətindən aparılacağına, aparılmalı olduğuna etimad edildi, arxayın oldular. Ancaq iş yarıtmaz icra edildi. Orada özləri 2016-2017-ci illərdə cəmi 2 naziri tutdular, daxili işlər və milli təhlükəsizlik nazirləri. Ancaq korrupsiya mexanizmi səngimədi, "maşın" yenə öz işində idi. Görəndə ki, Naxçıvanın yerli orqanlarının özləri korrupsiya ilə mübarizə aparan deyil, mübarizə aparmalı orqan və şəxslərin özləri bu işə bulaşıblar, o zaman Azərbaycan mərkəzi hakimiyyətinin iradəsi ilə DTX özü işə başlamalı oldu. Məsələyə heç bir siyasi rəng qatmadan proseslərin sadə məzmununu bu cür görmək lazımdır”. 
İkinci səbəb, Naxçıvandakı bəzi məmurların Bakıda müxtəlif xətlərlə bağlı olduqları daha iri məmurlar tərəfindən himayə edilməsidir”.


