Sosial Özəl

“Azərsu” ASC vətəndaşların şikayətinə aydınlıq gətirdi

“Azərsu” ASC vətəndaşların şikayətinə aydınlıq gətirdi

“Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı Demokrat.az-a daxil olmuş vətəndaşların şikayətləri ilə bağlı məsələyə aydınlıq gətirib. Qurum rəsmisi saytımıza açıqlamasında bunları qeyd edib:

“Bu, layihə ilə icra olunan bir işdir. Bu, vətəndaşların şikayətindən və yaxud da ki, “Azərsu” ASC-nin hər hansı bir işçisinin təşəbbüsü deyil. Burada hesabatlar aparılıb, layihələr verilib və daim diqqətdədir. Orada magistral kəmərlərdir, magistral korrektorlardır, bəli, birləşmə verilib. Və həm də tulant sularının daşınması üçün hesabatı aparılıb, elə ciddi bir problem gözlənilmir. Son vaxtlar yağan yağışlar da göstərdi ki, orada heç bir daşma, yaxud da ki, digər hər hansı bir fəsadlar baş verməyib. Yəni, layihəsi və smetası işlənilib hazırlanıb. Layihəyə, həmin smetaya uyğun olaraq da işlər görülüb”.

Xatırladaq ki, ictimai fəal Zaur Əkbər saytımıza şikayət məktubu göndərib. O, məktubunda “Azərsu” ASC-nin 50-dən çox ailənin yaşadığı ərazidə illərdir üzləşdiyi problemi həll etməkdən boyun qaçırdığını qeyd edib. Şikayətçi bildirib ki, Binəqədi rayonu, Məmməd Səid Ordubadi küçəsinin (31 saylı çörək sexinin yanı) sakinləri “Azərsu” ASC -dan şikayət edirlər. Onlar yaşadıqları əraziyə bir neçə il bundan qabaq Biləcəri magistral yolundan keçən minlik kanalizasiya xəttinin açılaraq onların yaşadığı əraziyə birləşdirildiyini deyir. Korrupsiya layihəsi, kiminsə şəxsi tapşırığı əsasında baş tutan bu layihə hər yağış yağanda sakinlərin yeganə gediş-gəliş yolunu bərbad hala salır, ətraf daşmış kanalizasiya sularından üfunət qoxuyur. Bu da birbaşa ərazidə infeksion xəstəliklərin yayılması üçün münbit şərait yaradır.

Şikayətçi “Azərsu” ASC-nin işçilərinin məsələ ilə bağlı bir neçə dəfə əraziyə gəldiyini, problemi öz gözləri ilə görsələr də heç bir tədbir görülmədiyini qeyd edib. Onlar yalnız boru xəttini yumaqla, problemin tezliklə həll olunacağı ilə bağlı vəd verməklə işlərini bitmiş hesab ediblər. Sakinlərin dediyinə görə məsələ ən qısa zamanda həllini tapmasa, sakinlər magistral yolu bağlamaqla etiraz aksiya keçirib, ölkə rəhbərliyinin diqqətini məsələyə cəlb edəcəklər.

Aynurə Demokrat.az

D
demokrat.az