“İranda etirazlar başlayandan bəri aksiya iştirakçıları arasında ölənlərin sayı 440-a çatıb, həbs edilənlərin sayı isə 17 minin üzərindədir. Saxlanılanların arasında jurnalist, sənətçi, idman və ictimai fəalların olduğu deyilir. Hüquq müdafiəçilərinə əsasən, 150-yə yaxın şəhər və qəsəbələrdə hökumət əleyhinə çıxışlar olub. İran liderləri etirazları ölkənin xarici düşmənləri tərəfindən təşkil edilən “iğtişaşlar” adlandırıb. Ölkədə etirazlar sentyabrda başörtüsü qərarını pozmaqda günahlandırılaraq əxlaq polisi tərəfindən saxlanılan, daha sonra saxlanma kamerasında vəfat edən 22 yaşlı Məhsa Əmininin ölümündən sonra alovlanıb. İki aya yaxındır davam etiraz aksiyasının molla rejiminin tələb olunan islahatlara getməsi və ya çöküşü ilə yekunlaşacağı barədə ehtimallar səsləndirilir”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Azər Niftiyev deyib.
“Görünən odur ki, rəsmi Tehran həm daxili, həm də xarici siyasətdə ritorikasını yumşaldır. Bəs görəsən cənub qonşumuzda baş verənlər Azərbaycan-İran münasibətləri kontekstində hansı nəticələrə gətirib çıxaracaq?” Politoloq İranda davam edən kütləvi etirazları fars rejiminin sonunun başlanğıcı kimi qiymətləndirdiyini diqqətə çatdırıb:
“Necə ki, 24 fevralda Ukraynaya qarşı təcavüzə başlayanda Rusiya güman edirdi ki, qısa müddətə paytaxt Kiyevi nəzarətə alacaq, Zelenskini və komandasını devirərək, şərti Yanukoviçin timsalında hakimiyyətə sahiblənəcək. Lakin bu təcavüzün üzərindən doqquz ay zaman keçir, Rusiya nəinki Ukraynada istədiyinə nail olmayıb, əksinə, özü məğlubiyyətin astanasındadır. Bu gün İranda baş verənləri Rusiyada baş verənlərlə müqayisə etmək olar. Hesab edirəm ki, Rusiyanın aprel ayında yaşadıqlarını İran bu gün yaşamaqdadır. Təbii ki, bu etirazlar davam edəcək. Lakin qısa müddətdə İranda hakimiyyət dəyişikliyinin baş verəcəyini və ya fars rejiminin ciddi islahatlara gedəcəyini gözləməyə dəyməz. Hələlik güc strukturlarında parçalanma yoxdur. Tacirlər və neftçilərin fərdi tətillərindən başqa, hələ də geniş sosial təbəqələr etirazlara qoşulmayıb. Amma zamanla bu da baş verəcək və molla rejimi gözlənilən məntiqi sonluqdan xilas ola bilməyəcək”. Azərbaycan-İran münasibətlərindən danışan politoloqun sözlərinə görə, fars rejimi hər zaman ölkəmizə qarşı təzyiq siyasətindən istifadə edib:
“30 illik işğal dövründə İran bir dəfə olsun Azərbaycana dəstək göstərməyib. Milyonlarla soydaşımızın öz doğma yurd-yuvalarından didərgin düşməsinə, Xocalıda, Gəncədə, Bərdədə, Tərtərdə insanlıq əleyhinə bəşəri cinayətlərə göz yumub. Bu azmış kimi, Ermənistanla həmrəylik nümayiş etdirib, onları silah və maddi dəstəklə təchiz edib. 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi Zəfər regionda yeni reallıqlar yaradıb. Zəngəzur dəhlizinin işə düşməsi istiqamətində müzakirələr, habelə ölkəmizin qazandığı tarixi qələbə molla rejimini ciddi şəkildə narahat edir. Onlar artıq Azərbaycana qarşı təzyiqlərin işə yaramadığını anlayırlar. Ölkəmizin daxilində bəslədikləri emissarları kəşfiyyat qruplarımız tərəfindən peşəkarlıqla ifşa olunurlar. Belə bir şəraitdə Ermənistana dəstəyi artırmaq, Azərbaycana qarşı isə təzyiqləri gücləndirməklə fars rejimi sadəcə isterasiyasını ortaya çıxarır. Ona görə isteriya ki, bu gün fars rejiminin Azərbaycana heç real təsir aləti mövcud deyil”. Azər Niftiyev əlavə edib ki, Güneydə yaşayan soydaşlarımızın azadlıq tələbi molla rejiminin təşvişini ikiqat artırır:
“Onlar repressiya siyasətini dayandırmaq və vətəndaşların haqlı tələblərini yerinə yetirmək əvəzinə, xaricdə düşmən axtarışına çıxıblar. Azərbaycanı da düşmən kimi görürlər. Lakin unudurlar ki,
İrandakı kütləvi aksiyaların əsas səbəbi illərdir yürütdükləri ayrıseçkilik və repressiya siyasətidir”.
Aynurə Pənahqızı Demokrat.az


