“İranın son zamanlar atdığı addımların iki ölkə arasında, hətta toqquşma ola bilmə ehtimalını belə gündəmə gətirməsi təəssüf doğuran haldır”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında BAXCP sədrinin müşaviri, siyasi şərhçi Azər Qasımov deyib.
O, hesab edir ki, İran Azərbaycana qarşı hər zaman ikiüzlü siyasət yürüdüb: “Azərbaycan buna təmkinlə yanaşır, qonşuluq münasibətlərinə xələl gətirmək istəmir. Görünən odur ki, Azərbaycanın göstərdiyi səylər qarşılıqsız qalır. İran öz hərəkətlərindən geri durmur. Amma iki ölkənin toqquşması kimi reallıq qeyri-mümkündür. Bunun mümkünsüzlüyü tək iki ölkənin yox, beynəlxalq aktorların bu prosesdə maraqlı tərəf olduğu gerçəyidir. Bu maraq İran üçün çəkindirici faktordur. İran rejimi yaxşı başa düşür ki, bu, onların sonu olar. İranın Azərbaycan əleyhinə fəaliyyət aparması fars rejiminin daxilində olan türk düşmənçiliyindən irəli gəlir. Zaman-zaman fars təbliğatının türkləri təhqir edən çıxış və verilişləri İranın özündəki türk azərbaycanlılar tərəfindən ciddi etiraz aksiyaları ilə qarşılanmışdı. Bu tarixən mövcud olan düşmənçiliyin müasir dövrdə davamıdır”.