“Türkiyənin qaz habına çevrilməsi təklifi Putindən gəldi. Bir qədər götür-qoydan sonra Türkiyə bu təklifi qəbul etdi. Bu son dərəcə çox mürəkkəb bir layihədir. Bunun reallaşması çox ciddi zəhmət, uzunmüddətli danışıqlar tələb edir. Türkiyə təkcə Rusiya qazını deyil, bura eyni zamanda Şərqi Aralıq dənizində tapılmış və İsrailə məxsus qaz yataqlarını da bu layihəyə cəlb etmək istəyir. Burada isə çox ciddi çətinliklər hələ də qalmaqdadır. Bu məsələdə Türkiyənin İsraili razı salması o qədər də asan deyil”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov deyib. Partiya sədri əlavə edib ki, Türkiyə Azərbaycanın və Türmənistanın qazını da bu layihəyə cəlb etmək istəyir ki, bu da o qədər asan deyil.
“Türkəminstandan qazı Türkiyəyə gətirmək üçün Xəzər dənizinin altından Transxəzər qaz kəməri çəkilməli idi ki, Rusiya buna imkan vermədi. Bəs, İran vasitəsilə bu qazı Türkiyəyə gətirmək mümkün olarmı? Bu barədə də düşünmək lazımdır. Ancaq Azərbaycan qazı artıq bölünüb və bu layihəyə Azərbaycan qazını cəlb etmək çox çətindir. Çünki məlumdur ki, Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanan memoranduma görə, Azərbaycan 2027-ci ildə Avropaya 27 milyard kubmetr qaz verməlidir. Türkiyə, Gürcüstana veriləcək həcmlər də məlumdur və burada əlavə qaz cəlb oluna bilərmi? Təbii ki, biz çox istərdik ki, Azərbaycan bu layihədə çox yaxından iştirak etsin və Türkiyənin yanında olduğunu bir daha göstərsin. Bu layihədən ən çox qazana kimlərdir? Təbii ki, birinci növbədə Rusiya və Türkiyə. Ən çox bu layihə onların maraqlarına xidmət edir. Türkiyənin maraqları da bizim maraqlarımız olduğuna görə, eyni zamanda demək olar ki, bu layihədə qazanan Azərbaycandır. Ancaq layihənin reallaşdırılması istiqamətində ağır mübarizə qarşıdadır və dünyanın böyük gücləri, ilk növbədə ABŞ və Fransa bu layihənin qarşısına əlavə əngəllər çıxartmaq üçün şübhə yoxdur ki, əllərindən gələni edəcəklər”.
Aynurə Pənahqızı Demokrat.az


