“Müasir gənclik zəhmətə alışmalı, öyrənməli, işləməli və özünü doğrultmalıdır. Mənim gəncliyə çox böyük hörmətim var. Çünki özüm gənc vaxtı gənclər təşkilatına rəhbərlik etmişəm və indiyə kimi də gənclərlə təmasdayam. Onların savadlı, qabiliyyətli, hörmətli olmağını istəmişəm. Bu gün də o fikirdəyəm. Bu gün də aramıza cəmiyyətdə özünü doğruldan, sözünü deyən, vətənə sədaqətlə xidmət edən gənclərimiz çoxdur. İkinci Qarabağ müharibəsi göstərdi ki, bizim gəncliyimiz sağlamdır, mübarizdir. Vətəni, torpağı qorumağı bacarır və yeri gələndə bu amal uğrunda candan keçməyi bacarır. Ancaq çox təəssüflər olsun ki, bir sıra gənclər var ki, onlara asan yolla pul qazanmaq istəyirlər. Zəhmət çəkmədən çox gəlir əldə etmək fikrindədirlər. Buna görə də, uğursuzluğa düçar olurlar”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib. Deputat qeyd edib ki, elm, savad və bacarıq olmadan hər hansı bir uğura nail olmaq mümkün deyil:
“Bizim böyüklərimiz, ağsaqqalarımız həmişə tövsiyə ediblər ki, “oxu, öyrən, zəhmətə alış və qazan!”. Məni ağrıdan odur ki, bu dəyərləri, məsləhətləri gənclərə verəndə onlar deyirlər ki, artıq işləməyin və zəhmət çəkməyin vaxtı keçib. Yer becərməyin, su sulamağın, məhsul yetişdirməyin vaxtı keçib və indi texnologiya əsridir. Hər şey tamamilə dəyişib. Əslində, belə deyil. Zəhmət çəkməsən, onun bəhrəsini görməzsən. Bu gün taxıl becərməsən, çörək qazana bilməzsən. Heyvan saxlamasan, süd, yağ, ət əldə edə bilməzsən. Savadın olmasa irəliyə gedə bilməzsən. Təəssüf ki, belə gənclərimiz var. Onlar bizim böyüklərdən nümunə götürməlidirlər, keçmişə baxmalıdrlar. Onlar zəhmətlə ucalanları göz önünə gətirməlidirlər və zəhmətə alışmaldırlar. Bu gün gənclik əgər zəhmətdən çəkilirsə, asan yolla pul qazanmaq istəyirsə, o az bir müddətdə nəsə əldə edə bilər, ancaq uzun gedə bilməz. Çünki uzaq getməyin, böyük uğurlar qazanmağın yolu böyük zəhmətdən, əməkdən, savaddan keçir. Bu gün elmə, biliyə etinasız yanaşan gənclərimiz var. Zəhmətə xor baxan gənclərimiz var. Ağsaqqalların sözünün eşitməyən gənclərimiz var, amma onlar çox səhv edirlər. Çünki görməli və bilməlidirlər ki, hər bir nailiyyət əməklə, zəhmətlə əldə olunur. İstər təsərrüfat sahəsi olsun, istər elm sahəsi olsun. Ona görə də, mən gənclərə tövsiyə edirəm ki, oxusunlar, öyrənsinlər və zəhmətləri ilə pul qazansınlar. Həyatda fəal mövqe tutsunlar, kiminsə hesabına hansısa vasitələrləsə müvəqqəti olaraq vəzifə tutmaq, ad qazanmaq olar, ancaq əbədi olmaz. Elə adamlar hörməti qazana bilməzlər. Ümumiyyətlə, gənclərimizə münasibətim sağlamdır və onlara həyatda uğurlar arzu edirəm”.
Aynurə Demokrat.az


