Siyasət Özəl

“Fransanın iç üzü də, astar üzü də Azərbaycan ictimaiyyətinə bəllidir” — Deputat

“Fransanın iç üzü də, astar üzü də Azərbaycan ictimaiyyətinə bəllidir” — Deputat

“Fransa kimi qədim demokratik təcrübəyə, imicə, ənənəyə malik olan dövlətin erməni lobbisinin əlində əsir qalmağı və belə qeyri-qanuni, qeyri-obyektiv, ədalətsiz addımlara getməsi bizdə birinci növbədə təəssüf və hiddət hissi doğurur”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Musa Quliyev deyib.

“Fransa cəmiyyəti də yəqin ki, bu məsələni olduqca qeyri-adekvat olduğunu başa düşür. Fransanın indiki prezidenti Makronun addımları isə ümumiyyətlə, bir siyasətçi məntiqinə sığmır. Bir gün bir qərar söyləyir, sonra başqa bir bəyanat verir. Fransa Senatının da bu addım atması qəbuledilməzdir. Həmçinin, bunun Azərbaycanın nə siyasi, nə ictimai həyatı üçün bunun heç bir əhəmiyyəti yoxdur və adi bir kağız parçasıdır. Bunu hər halda Fransanın özü üçün, tarixi üçün, demokratiya ənənələri üçün bir ləkə hesab edirik. Digər tərəfdən, Fransa ermənidən artıq erməni olmaq fikrinə düşübsə, bunu da açıq-aydın bəyan etməlidir. Əgər ermənilər üçün elə böyük canları yanırsa, Marsel şəhərində 500 minə yaxın erməni yaşayır. Qarabağda isə ümumiyyətlə indiyədək ən çox halda 100 minə qədər erməni yaşayıb. Onda Marselə müstəqillik versinlər. Marseli erməni dövləti elan etsin və bəyan etsinlər ki, biz belə addım atmışıq. Azərbaycan torpaqlarında, Azərbaycan ərazisində hansı qərar qəbul olunmalıdır bunu Azərbaycanın prezidenti və xalqı bilir. Bundan başqa, başqa bir ölkənin Azərbaycanla bağlı hər hansı qərar qəbul etməsi birinci növbədə ölkənin daxili işlərinə müdaxilə etməkdir. Bu da beynəlxalq hüquqda ən böyük qanun pozuntusu sayılır”.

Millət vəkilinin sözlərinə görə, Fransa Senatının hər hansı addım atmağının birinci növbədə bizim üçün heç bir əhəmiyyəti yoxdur.

“Digər tərəfdən də, Fransanın özünün ikiüzlü siyasətinin ifadəsidir ki, Fransa 30 ilə yaxın müddətdə ATƏT-in Minsk qrupunun həmsədri oldu, belə deyək ki, “barmaq barmağa” vurmadı və bu məsələni həlli üçün bir addım atmadı, əksinə məsələni biraz da qəlizləşdirmək üçün fəaliyyət göstərdi. Artıq Fransanın iç üzü də, astar üzü də Azərbaycan ictimaiyyətinə bəllidir. Biz istərdik ki, dünyada ədalət olsun, dünyada qanuna, hüquqa hörmət olsun. Fransa kimi dövlət buna əməl etmirsə, birinci növbədə özünü hörmətdən salacaqdır. Onun qəbul edəcəyi hər hansı bir qərarında Azərbaycan üçün heç bir əhəmiyyəti yoxdur”.

Aynurə Demokrat.az

D
demokrat.az