Gəncə şəhərində 1976-cı il təvəllüdlü Vüqar şəxsi münasibətlər zəminində yaranan münaqişə zamanı arvadı Mədinəyə (adlar şərti verilib – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Vüqarın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Vüqar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, arvadı Mədinə, oğlu və qızı ilə birlikdə yaşayır. Onun sözlərinə görə, onlar 2004-cü ildə rəsmi olaraq ailə qurublar və birgə nikahlarından iki övladları var. Təqsirləndirilən şəxs deyib ki, Mədinəyə qarşı heç bir düşmənçiliyi və ədavəti olmayıb: “Lakin son zamanlar şəxsi münasibətlər zəminində mübahisələrimiz olduğu üçün münasibətlərimiz yaxşı olmayıb. Mədinə mütəmadi olaraq münaqişə yaratdığı üçün sözlə mübahisələrimiz olub. Mədinə məni ər kimi qəbul etmədiyi üçün münasibətləri daha da pisləşdi”.
Vüqar deyib ki, hadisə günü, saat 15 radələrində Bakı şəhərindən yaşadığı evə qayıdıb: “Evdə olan zaman hər hansı bir mübahisələrimiz olmadı. Həmin gün saat 18 radələrində yaşadığı evdən çıxıb və 1-2 saat sonra geri qayıdıb. Evə geri qaydada Mədinə ilə şəxsi münasibətlər zəminində mübahisələrimiz yaranmağa başladı. Mübahisə zamanı Mədinə mənimlə ucadan kobud formada danışdığı üçün əsəbiləşdim. Mədinənin üzərinə hücum çəkərək vurmaq istəyən zaman azyaşlı qızım aramıza keçərək bizi araladı. Həmin vaxt Mədinənin baş nahiyəsinə əl zərbəsi ilə bir dəfə vurdum və saçından tutaraq yoldum”.
Cinayət işi üzrə zərərçəkmiş qismində ifadə verən Mədinənin sözlərinə görə, son zamanlar Vüqar ilə münasibətləri yaxşı olmayıb. O bildirib ki, Vüqar tez-tez səbəbsiz şəkildə onunla mübahisələr edib və onu arvadı kimi saymayıb.
Zərərçəkmiş qeyd edib ki, hadisə günü, axşam saatlarında zibilləri atmaq üçün evdən çıxan zaman Vüqar ona yaxınlaşıb və yenə səbəbsiz qısqanaraq nalayiq ifadələrlə təhqir edib: “Vüqar ilə mübahisə etmək istəmədim. Bunun üçün Vüqara heç bir cavab qaytarmayaraq, sakitcə evə daxil oldum. Vüqar mənimlə yenə mübahisə etməyə başladı. Mübahisə zamanı Vüqara mübahisəyə son qoymağını tələb etdim. Sonra Vüqar üzərimə hücum çəkərək başımın sol nahiyyəsinə və başımın müxtəlif yerlərinə əl zərbələri ilə vurmağa başladı. Sonra saçımdan tutaraq yoldu”. Bu cinayət işinə Gəncə şəhər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Vüqar 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulub.
Fariz Məlikli Demokrat.az


