Siyasət Özəl

“İranın Azərbaycana olan münasibətinə ən tutarlı cavabı dövlət başçısı verdi” — Deputat

“İranın Azərbaycana olan münasibətinə ən tutarlı cavabı dövlət başçısı verdi” — Deputat

“İranın Azərbaycan Respublikasına olan münasibətinə ən tutarlı cavabı Azərbaycanın dövlət başçısı İlham Əliyev verdi. Azərbaycanın başına gələn bəlalar nə qədər ağır olsa da, Azərbaycan hər bir qonşu dövlətdən, o cümlədən də İrandan umduğu daha çox idi. Dini dəyərlər ortaq dəyərlərdir, “Qurani-kərim”ə görə müsəlman müsəlmana qardaşdır. Bu mənada Azərbaycan doğurdan da, özünə qonşu olan İran dövlətindən də Qarabağ məsələsində Azərbaycanın haqqını, əslində, haqqı müdafiə etməyi istəyirdi və umurdu. Amma çox təəssüflər olsun ki, İran 30 il ərzində bunu etmədi. Nəinki bunu etdi, islam dininə və islami dəyərlərimizin başında duran, Allahın evi olan məscidlərə qarşı Ermənistan olmazın dəhşətlər törətdi, dağıtdı, xarabalığa çevirdi və hətta Allahın müqəddəs evində murdar heyvanları saxlamağı belə özünə rəva bildi. Çox təəssüf ki, İran dövləti buna reaksiya vermədi”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı, tarix elmləri doktoru Anar İsgəndərov deyib. Deputat daha sonra bunları əlavə edib:

“Azərbaycanın dövlət başçısı Şuşada qonşu dövlətlərlə bağlı məsələləri təhlil edərkən, onların analizini verərkən, İranın da müharibədən sonra Azərbaycana qarşı sərgilədiyi siyasətin əsl mahiyyətini açdı. Əslində bu münasibət dost münasibəti deyil. Müharibədən sonra Azərbaycana qonşu olan dövlətin Azərbaycanın sərhədində hərbi təlim keçirtməsi hansı məqsədi güdür? Bununla kimi qorxutmaq istəyir, bununla kimi müdafiə etmək istəyir, o da məlum deyil. Əslində, İran qonşu dövlət kimi, bölgənin nüfuzlu bir dövləti kimi haqqı və ədaləti müdafiə etsəydi, daha yaxşı olardı, daha çox özünün sülhsevər siyasətini göstərmiş olardı. Ancaq İran bunları etmək əvəzinə güc göstərmək istəyir. Bununla nə etmək istəyir, o da məlum deyil. Bu güc göstərməyin arxasında nələr durur, bu da çox təəccüblüdür. Ancaq bir daha deyirəm heç bir qonşu dövləti öz torpağından çıxartmaq olmaz. 30 il ərzində Azərbaycanın torpaqları işğal altında qaldı. Son nəticəsi necə oldu? Düşməni darmadağın etdik və düşmən bu ərazilərdən biabırçı şəkildə çıxmağa məcbur edildi. Bu gün biz nə istəyirik? Ermənistanla sülh danışıqları, sülh müqaviləsi bağlamağı istəyirik. Deməli, qonşu qonşuyla düşmən qala bilmir".

"Ola bilsin ki, İranın bugünkü rəhbərliyi Azərbaycana münasibətdə ədalətsiz mövqe sərgiləsin. Amma yaddan çıxartmayaq ki, bizə tərəf olan ərazisində milyonlarla Azərbaycan türkü yaşayır. Bəs onların məsələyə münasibəti necədir? Bəs, İran müstəqil Azərbaycana qarşı bu düşmən münasibətini irəli sürərkən milyonlarla azərbaycanlını düşünmürmü? Onların bu məsələyə münasibətini bilmirmi? Yəqin ki, bu, İranın ayrı-ayrı dövlət adamlarına münasibəti və fikridir, amma Azərbaycan və İran qonşu dövlətlərdir. Azərbaycan İranla münasibətlərində həmişə səmimi olub. Azərbaycan öz ədalətli mövqeyi ilə seçilib. Azərbaycanın dövlət başçısı İrana qarşı dünyanın hansı ölkəsində təcavüzkar münasibət olubsa, onu dəstəkləməyib, əksinə bu münasibəti olub. Bu gün də Azərbaycan həmin münasibəti həyata keçirib. Qonşu dövlətdir, qonşunun qonşuya həmişə köməyi dəyməlidir, qonşu qonşunun uğuruna sevinməlidir. Azərbaycan həmişə bu siyasəti ilə böyük hörmət sahibi olub. Biz İrandan da Azərbaycana qarşı bu münasibəti istəyərdik”.

Aynurə Demokrat.az

D
demokrat.az