“Heç bir halda qətlə və zorakılığa haqq qazandırıla bilməz. Hansı səbəbdən olursa-olsun, bu qanunlarla qadağandır. Ölkəmizdə məhkəmə və hüquq-mühafizə orqanları var, qanunla onlara müraciət etməlisən. Yəni, qanunun tələblərini öz gücünlə, zorakılıqla özbaşına yerinə yetirmək olmaz. Meyxanaçı Rəşad Dağlı da emosiyalarını saxlaya bilməyib və hansısa səbəbdənsə qətl törədib. Təbii ki, qətl törətmiş şəxs də cinayətkar hesab olunur və artıq o, şübhəli şəxs qismində həbs edilib”.
Bu fikirləri Demokrat.az-a Milli Məclisin deputatı Razi Nurullayev deyib. Millət vəkilinin fikrincə, insanlar Rəşad Dağlını meyxanaçı kimi tanıyır və ona dəstəyini ifadə edir:
“İnsanların onu müdafiə etməsi onun adam öldürməsinə haqq qazandırması demək deyil. Sadəcə, onu meyxanaçı və musiqiçi kimi tanıyırlar və sevirlər. Yəni, zamanla çox populyar bir meyxanaçı olub və ona görə də, insanlar öz bu sevgisini, məhəbbətini ifadə etmək üçün toplaşıb, ona dəstək verir. Aydındır ki, onlar onun qətl törətməsinə heç cür haqq qazandıra bilməz. Bu, mümkün deyil və qəbul olunan məsələ də deyil. Sadəcə olaraq, bizim özümüzün milli adət-ənənələrimiz, mentalitetimiz var. Həmin mentalitetə uyğun olaraq, həmişə bu namus məsələlərinə aid söyüşlər olanda, insanlar özbaşına qanundan kənar haqq-hesab çəkməyə üstünlük veriblər. Bu, əvvəllər də olub. Amma 21-ci əsrdə mən bunu doğru saymıram. İnsan öldürmək, qətl törətmək təbii ki, yol verilən məsələ deyil. Buna haqq qazandırmaq da heç cür bəyənilə bilməz. Sadəcə, burada öldürülən şəxs haqqında məlumatlar verilir ki, Rəşad Dağlını ağır söyüşlərlə təhqir edib. Sonra o həbsdən yeni çıxmış bir şəxs olub, əvvəllər də məhkumluğu olub.
Yəni, bu kimi fikirlər əvvəlcədən yayıldı və insanlar belə düşündü ki, öldürülən şəxsin müəyyən qədər günahları olub ki, Rəşad Dağlı bu şəkildə özü onu qətlə yetirib.
R.Nurullayev hesab edir ki, nə olub-olmamasında asılı olmayaraq, təbii ki, bu hadisə bəyənilə bilməz:
“İnsan öldürmək nə deməkdir? Qanun var, qayda var. Hər kəs elə özü istədiyi tərzdə, məhkəmə olmadan, öz istədiyi tərzdə haqq-hesab çürütsə, ölkə xaosa bürünər. Ona görə də, insanların toplaşıb, onu müdafiə etməsini, sadəcə olaraq insan psxiologiyasının məhsulu kimi qiymətləndirək. Buna bənzər hadisələr yalnız Azərbaycanda deyil, dünyanın müxtəlif ölkələrində də olur. Artist var, müğənni var adam öldürür, narkotikaya görə həbs olunur və yaxud digər məsələlərdə həbs olunur. İnsanlar toplaşır, onu müdafiə edir, ona haqq qazandırır bəziləri. Hətta, bu yaxınlarda avropalı bir tennisçi var idi. O tennisçi Avstraliyaya pandemiya vaxtı viza alıb getmişdi, amma testdən keçməmişdi, hansısa qaydaları pozmuşdu. Avstraliya dövləti onu həbs etdi, ev dustaqlığına məhkum etdi, oyuna buraxmadı, sonra da deportasiya etdi. Hər gün Avstraliyada məhkəminin qabağında minlərlə insan toplaşırdı və onun azadlığını tələb edirdi. Bu, o demək deyildi ki, o tennisçi haqlıdır. Əslində, Avstraliya dövlətinin qayda-qanunları var, miqrasiya qaydaları pozulmuşdu. Ona görə də, idmançıya heç bir güzəşt etmədilər, hətta oyuna buraxılmadı və ölkədən deportasiya olundu. Belə hallar Azərbaycan insanına aid deyil, bütün dünyada insan psixologiyasına aid məhsuldur, davranışdır, hissiyatdır. Hər halda, insanlar hər bir məsələni qanunlarla həll etməlidir, cinayət törətmək seçim yolu deyil”.
Nəzrin Demokrat.az


