“Möhtərəm cənab Prezident Zəfər bayramının iki illiyi münasibətilə yenə Şuşada hərbçilər qarşısında möhtəşəm çıxış etdi. Bu çıxış bir daha göstərdi ki, Azərbaycan xalqı özünün böyük sərvətlərindən biri olan, ürəyi və canı olan Şuşa şəhərinin işğaldan azad edilməsi Azərbaycan xalqının ən yaddaqalan tarixlərindən biridir. Prezidentin Şuşadan özü də Zəfər günündə verdiyi mesajlar Azərbaycan xalqı tərəfindən dəstəklənməkdədir. Çünki onun çıxışında ifadə olunan fikirlər həm də Azərbaycan xalqının fikirləridir. Dövlət başçısı, bizim istər Qarabağla bağlı, istər sərhədlərimizdə baş verən hadisələrlə bağlı, istərsə də Ermənistanın havadarları ilə bağlı Azərbaycan xalqının fikrini ifadə etdi”.
Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Mahir Abbaszadə deyib.
M.Abbaszadə bildirir ki, Azərbaycan Ordusunun gündən-günə güclənməsi Prezident İlham Əliyevin apardığı ümumi siyasətin ana xəttini təşkil edir:
“Çünki Qarabağda hələ də erməni silahlı birləşmələri, sərhədlərimizdə təhlükəsizliyə və sülhə qarşı təhlükələr var. Bundan başqa, erməni havadarları hələ də Ermənistanı Azərbaycanla böyük sülh sazişi imzalamağa məcbur edə bilməyiblər. Ona görə də, Azərbaycan ordusu gündən-günə güclənməlidir.
Həmçinin, ordunun maddi-texnikası bazası möhkəmlənməlidir. Orduya müasir silahların alınması prosesi davam etdirilməlidir. Cənab Prezidentin verdiyi mesajlardan görünür ki, Azərbaycan dövləti bu istiqamətdə kifayət qədər işlər görüb və bundan sonra da görməkdə davam edəcək. Eyni zamanda, dövlət başçısının qeyd etdiyi kimi, sərhədlərimizdə heç bir dövlətin apardığı hansısa hərbi təlim və hansısa siyasət Azərbaycan xalqını və dövlətini qorxuda bilməz. Çünki Azərbaycan dövləti gündən-günə inkişaf edir, iqtisadiyyatı inkişaf edir, ordusu möhkəmlənir. Xalq tərəfindən onun lideri İlham Əliyev yüksək səviyyədə dəstəklənir. Bütün bu siyasət Azərbaycan xalqının iradəsini ifadə edir. O nöqteyi- nəzərdən hesab edirəm ki, qonşu dövlətlər və onların havadarları da Prezidentin çıxışlarından nəticələr çıxartmalıdır. Gələcəkdə həm Azərbaycan, həm Ermənistan, bütövlükdə Cənubi Qafqazda sülhün və təhlükəsizliyin davamlı şəkildə olması ilə bağlı Cənab Prezidentin çağırışlarına adekvat olaraq digər dövlətlər də siyasətlərində müəyyən korrektələr etməlidir”.
Aynurə Demokrat.az


