Demokrat.az Kulis.az-a istinadla məşhur diktor Nərgiz Cəlilova haqqında maraqlı faktları təqdim edir.
Nərgiz Cəlilova 1960-cı il iyun ayının 10-da Bakıda dünyaya gəlib. Ailədə iki bacı, bir qardaş olublar. Orta məktəbdə oxuduğu illərdə musiqi təhsili almağa başlayır. On illik musiqi təhsilini başa vurur. İncəsənətə həddindən artıq meylli olduğundan hamı düşünür ki, o, musiqi sahəsinə yönələcək. Amma gözlənilənin əksinə olaraq Nərgiz 1978-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasına qəbul olunur.
Akademiyanı bitirəndən sonra televiziyada müsabiqə olduğunu eşidir və ora qatılmaq qərarına gəlir. Müsabiqədəki komissiyanın tərkibində məşhur diktor Rafiq Hüseynov da olur. Bir neçə mərhələni uğurla keçən Nərgiz yaxşı nəticə əldə edərək, müsabiqədən tam formada keçərək 1983-cü ildə Azərbaycan televiziyasında çalışmağa başlayır. Sonralar Rafiq Hüseynovla Nərgizin ustam müəllim münasibəti dərin dostluğa çevrilir. Onlar birlikdə bir neçə mahnı da ifa edirlər. O, müsahibələrinin birində bu barədə belə deyir:
“Komissiyanın üzvləri arasında xalq artisti Rafiq Hüseynov da var idi. Mənə elə gəlir ki, Rafiq Hüseynov olmasaydı, mən də olmazdım. İllər ötdükcə o, ailəvi can dostuma çevrildi. Qızı Leyli dünyaya gələndə ilk mənə zəng elədi və dedi ki, Nara, birinci sənə zəng edirəm, xala olmusan. O, mənim can dostum idi, baxmayaraq ki, yaş fərqimiz var idi, ustadım idi”. 
***
Nərgiz Cəlilova ali təhsil aldığı illərdə tələbə yoldaşı ilə məhəbbət yaşayır. Ailə qurmaq qərarına gələn cütlüyün yolları sonradan kədərli şəkildə ayrılır. Cəlilova öz müsahibələrində xatırlayır: 
***
Televiziyada çalışmağa başladığım illərdə bir gün mənə zəng gəldi. Bu zəng həmin tələbə yoldaşımdan idi. Etiraf edirəm ki, ayrıldığımız illər ərzində səbirsizliklə onun zəngini gözləyirdim. Zəngində bildirdi ki, mənimlə görüşmək istəyir. Görüşdük və mənə evlilik təklifi etdi. Əvvəlcə razılaşdım, adət-ənənələrə uyğun olaraq elçi gəldilər. Bir neçə gün keçdikdən sonra hiss etdim ki, daha əvvəlki duyğuları yaşaya bilmirəm. Bunu ona izah etdim, biz razılaşdıq və ayrıldıq. Daha sonra o, ailə qurdu və Amerikaya köçdü. 
***
Beləliklə ilk məhəbbəti ilə heç cür qovuşa bilməyən diktor Rusiyanın ədliyyə orqanlarında işləyən ədliyyə general-leytenantı İlqar Əlihüseyn oğlu Qasımov adlı insanla ailə qurur. Bu evlilikdən onların Nərmin adlı qızları dünyaya gəlir. Qızının on yaşı olanda, aparıcı həyat yoldaşından ayrılaraq qızı ilə birgə yaşamaq qərarına gəlir. 
“Ən çox sevdiyim idman növü tennisdir. Əgər 25 yaşım olsaydı, mütləq tennislə peşəkar məşğul olardım. Təsəvvür edə bilməzsiniz, mən oyunları necə izləyirəm. Hətta baxanda qışqırıram. Yaxşı ki, evdə tək yaşayıram. Heç kim səsimdən qorxmur”.





