Siyasət Özəl

“Qafqazda böyük qüvvələr arasında yeni geostrateji oyun gedir” — Politoloq

“Qafqazda böyük qüvvələr arasında yeni geostrateji oyun gedir” — Politoloq

“Noyabrın 3-də Brüsseldə Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası və təhlükəsizliyi üzrə komissiyasının sayca üçüncü iclası baş tutacaq”.

Bu fikiləri Demokrat.az-a açıqlamasında politoloq Sultan Zahidov deyib. Politoloq qeyd edib ki, hər bir keçirilən iclasa bir yenilik kimi baxmalıyıq.

“Ümumiyyətlə, delimitasiya və demarkasiya prosesi uzun prosesdir və bir çox mərhələ tələb edir. Burada daima fikir ayrılıqları mövcud olur.Qeyd edim ki, MDB məkanında sərhədləri tam delimitasiya olmamış ölkələr çoxdur. Çünki sərhədlərin delimitasiyası çox həssas bir nöqtədir və tərəflərin müəyyən ərazi iddiaları ola bilər. Delimitasiya və demarkasiya prosesi baş tutduqdan sonra artıq heç bir tərəf bir-birinə qarşı kiçicik də olsa, ərazi iddiasına malik ola bilməz. Bu baxımdan bu məsələ tərəflər üçün daim həssas olub. Buna görə də, bu məsələlər ətrafında daimi görüşlərin keçirilməsi tələb olunur. Delimitasiya prosesinin qısa zamanda bitməyəcəyini proqnozlaşdırmaq olar. Buna əsasən qeyd etmək olar ki, Brüssel görüşündə də fundamental bir dəyişikliyin olacağına inamın azdır. İstənilən halda hər bir görüş özü müsbətə doğru atılmış addım kimi dəyərləndirilməlidir”.

Politoloqun sözlərinə görə, İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda yeni geostrateji reallıq yaranıb. “Bu da bir sıra qüvvələrin bu regionda maraqlarının artmasına, həmin qüvvələrin proseslərdə fəal şəkildə iştirakını bir növ zəruri edir. Bu baxımdan xüsusilə Rusiya-Ukrayna müharibəsi fonunda Rusiyanın zəifləməsindən istifadə edərək, biz Avropa Birliyinin və ABŞ-ın fəallığını görürük. Hər ikisi Azərbaycan-Ermənistan arasında münasibətlərin tənzimlənməsində fəal iştirakçı rolunda çıxış etməyə çalışır. ABŞ-dakı görüşlərdən və Vaşinqton sənədin də məlumatımız var. Brüsselin fəallığı da göz qabağındadır. Digər tərəfdən Rusiya ABŞ və Qərbin bu cür fəallığını sözsüz ki, sinəyə çəkmək istəmir. Hətta, Soçidə Putin də belə bir açıqlama verdi ki, Avropa Birliyi Rusiyanın iştirakı olmadan Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsinə çalışır, amma bu, mümkün deyil. Rusiya bir növ ismarıc vermək istəyir ki, mənim iştirakım olmadan bu regionda proseslər nizamlana bilməz. Bu baxımdan deyərdim ki, Qafqazda böyük qüvvələr arasında yeni geostrateji oyun gedir. Bura Avropa Birliyi, ABŞ və Rusiya cəlb olunub. Eyni zamanda, regional dövlətlərdən Türkiyə və İranı da biz hesabdan çıxarmayaq. Burada maraq toqquşmaları var. Ermənistan artıq Qərbin dəstəyini istəyir, Avropa Birliyi və ABŞ-ın bir növ dəstəyinə arxa olmağa çalışır. Azərbaycan həmişəki kimi daha balanslı siyasət yürüdərək həm Qərblə, həm də Rusiya ilə bərabər məsafə qoymağa çalışır”.

“Soçi görüşündən sonra Putinin də belə bir açıqlaması oldu ki, Azərbaycan-Ermənistan arasında sərhədlərin delimitasiya və demarkasiyasına Rusiya fəal şəkildə iştirak etməyə hazırdı. Hətta, Sovet İttifaqından qalan Ali hərbi qərargahdakı ən dəqiq xəritələrdən istifadə edərək, bu proses öz həll yolunu tapa bilər. Bu proses onu göstərir ki, Rusiya delimitasiya və demarkasiya prosesində fəal iştirakçı olmaq istəyir. Bunun da müsbət və mənfi tərəfləri də ola bilər. Müsbət odur ki, Rusiya dediyi xəritələrin köməyi ilə bu prosesin sürətlənməsinə vasitəçi ola bilər. Digər tərəfdən də, Rusiya prosesin uzadılmasına çalışa bilər. Ələxüsus daha çox Avropa Birliyi və ABŞ-ın nəzarəti altında olarsa, Rusiya buna mane olmağa çalışıacaq. Bu baxımdan düşünürəm ki, Brüssel görüşü yenə də tərəflərin mövqelərinin yaxınlaşması baxımından əhəmiyyətli görüşdür. Amma ciddi bir fundamental bir yeniliyə əl atılması gözlənilmir”.

Aynurə Demokrat.az

D
demokrat.az