“Rusiyanın niyyəti Qafqazda daimi münaqişə ocağını mühafizə edib, saxlamaqdır”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Elman Fəttah deyib. Politoloq qeyd edib ki, Soçi görüşündə Putinin niyyəti Brüssel prosesini sabotaj etməkdir.
“O, sülhün qarşısını almaq üçün həm Paşinyanı, həm də İlham Əliyevi təhdid etmək niyyətindədir. Paşinyanı Ermənistandakı vəziyyətlə bağlı təhdid edir. Görürsünüz o, “Valday” klubundan görüşü zamanı qeyd edir ki, Qərb ermənilərin ziyanına sülh proqramı təqdim edir. İlham Əliyevi də həm “Birinci kanal”da gedən Dağlıq Qarabağla bağlı məsələdə, həm də Xankəndidə keçirilən mitinqlə bağlı təhdid edir. Demək istəyir ki, əgər siz sülhə razılaşsanız, Brüssel prosesini davam etdirsəniz, mən Qarabağı Donestk, Abxaziya kimi Rusiyanın bir hissəsinə çevirərəm”.
E.Fəttah qeyd edib ki, rus sülhməramlılar Qarabağda qanunsuz qalır.
“BMT Təhlükəsizlik Şurası Rusiyaya mandat verməyib ki, Dağlıq Qarabağda sülhməramlı missiyası həyata keçirsin. Nə də Azərbaycan Parlamenti 10 noyabr bəyanaməsini ratifikasiya etməyib və bu da mütləq parlamentdə ratifikasiya olmalıdır. Heç biri olmadığına halda onlar orada fəaliyyətlərini davam etdirirlər. “Sülhməramlılar”ın orada 20 il uzadılması məsələsi gəlincə isə bu yalnız və yalnız Azərbaycan xalqının iradəsi ilə mümkün olmalıdır. Azərbaycan xalqı isə belə bir şeyi qəbul etmir. Əgər belə bir sənəd imzalanarsa, bu, Azərbaycanın gələcəyi üçün təhlükəli bir addım olar”.
Aynurə Demokrat.az


