Oktyabrın 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Soçi şəhərinə işgüzar səfərə gedib.
Səfər çərçivəsində Rusiya, Ermənistan və Azərbaycan dövlət başçılarının 3 tərəfli görüşü olacaq. Bu görüşdə bizi narahat edən Paşinyanın son günlər Qarabağda Rus sülhməramlılarının bundan sonra 10 – 15 il qalması ilə bağlı verdiyi açıqlamalardır. Hazırda ictimaiyyəti maraqlandıran bir sual var: Bu təklif reallaşa bilərmi? Sözügedən mövzu ilə bağlı politoloq Samir Hümbətov Visiontv.az saytına açıqlama verib. Politoloqun açıqlamasını diqqətinizə çatdırırıq:
“Məsələ burasındadır ki, Paşinyanın bu fikri səsləndirməyinə baxmayaraq, biz nəzərə almalıyıq ki, onun bu fikri nə dərəcə hüquqi əsasa söykənir. Çünki həmin ərazilər Azərbaycanın qanuni əraziləridir. Eyni zamanda beynəlxalq təşkilatlar tərəfindən də Azərbaycan əraziləri kimi tanınır. Ona görə də bu təklifi yalnız və yalnız Azərbaycan səsləndirə bilər. Bir məsələ də var ki, Xankəndində keçirilən "etiraz aksiyaları", guya mitinq keçirilməsi ondan xəbər verir ki, bu məsələdə Rusiya da maraqlıdır. Əslində Rusiya bölgədə sülhün olmasını istəmir və qalıcı gərginliyin tərəfdarıdır. Çünki sülh sazişi imzalansa rus qoşunları ərazidən çıxarılmalıdır. Ona görə də düşünürəm ki, Putinin Valday konfransında söylədiyi fikirlər həm də dünənki Xankəndi mitinqi və Paşinyanın söylədiyi sülhməramlıların Qarabağda daha 10 – 15 il qalması ilə bağlı təklifləri Rusiyanın ideayasıdır. Bunun reallaşması isə mənə görə inandırıcı deyil. Çünki Azərbaycanın əslində məqsədi qısa müddət ərzində sülh müqaviləsini imzalamaq və Rus qoşunlarını Qarabağdan çıxarmaqdır. Bu baxımdan da hesab edirəm ki, Azərbaycan Rus qoşunlarının bundan sonra 10 – 15 il qalmasını dəstəkləməyəcək. Dünyada siyasi proseslər çox sürətlə dəyişir. Hələ Rusiyanın öz aqibəti də müəmmalıdır. Çünki Rusiya – Ukrayna müharibəsinin nəticəsi sual altındadır. Bundan başqa Rusiyanın məğlub olması nəinki regionda ümumiyyətlə dünyada balansı dəyişə bilər. Bu baxımdan da hesab edirəm ki, belə bir təklif Azərbaycana Rusiyadan gəlmiş olsa da bunun gerçəkləşməsi o qədər də inandırıcı görünmür.”


