Siyasət Özəl

"Ordumuzun nüfuzuna xələl gətirmək istəyənlərin hərbdə çalışan xanımları hədəfə alması qəbuledilməzdir"

Ordumuzun nüfuzuna xələl gətirmək istəyənlərin hərbdə çalışan xanımları hədəfə alması qəbuledilməzdir

Xalqımızın dövlətçilik tarixində, mentalitetimizdə qadın daima əziz tutulmuş, qadın əməyi həmişə yüksək qiymətləndirilmişdir. Azərbaycanda demək olar ki, elə bir sahə yoxdur ki, orada kişilərlə birlikdə qadınlar da çalışmasın. Ümumilikdə isə, statistik məlumatlara əsasən ölkəmizdə məşğul əhalinin, yəni əmək fəaliyyəti ilə məşğul olanların kişi-qadın nisbəti təxminən bərabərdir.

Müxtəlif sahələrdə olduğu kimi, Ordumuzda da spesifik sahələrdə xidmət edən qadın hərbi qulluqçularımız da yetərincədir. Bu məsələnin tarixi, rəsmi tərəfi.

İddia edilən məlum səs yazısında səsləndirilən məsələnin insani, mənəvi tərəfindən danışdıqda isə, belə addım atan insan ilk növbədə anasını, bacısını, həyata yoldaşını və özünün qız övladını düşünməlidir.

Sərt danışmağımın səbəbi odur ki, kiçik ailə-məişət zəminində münaqişələr zamanı belə qadınları müzakirə etmək, onlar haqqında pis sözlər demək xalqımızın adət-ənənələrinə zidd, daima qınanılan hərəkət hesab edilmişdir.

Bu gün Azərbaycan Ordusunda şərəfli, mərd, savadlı, bacarıqlı, peşəkar döyüş, döyüş təminatı və təminat sahələrinə cəlb olunan xidmət edən, qarşıya qoyulan tapşırıqları uğurla icra edən kişilərlə birlikdə hərbi xidmətin çətinliklərinə sinə gərən, hərbçi və mülki işlərdə çalışan xanımlarımız da var. Bu xanımların sırasında şəhid övladları və ya xanımları, hərbi qulluqçuların övladları və ya həyat yoldaşları da vardır. Sadaladığım siyahıya daxil etmədiyim qadınlar da Vətənə xidmət etməyi, hərbi formanı daşımağı özünə şərəf bilən, bundan qürur duyan xanımlarımızdır.

Bu mənada düşünürəm ki, məlum səs yazısında yer alan etik normalara sığmayan küçə söhbətləri, dedi-qodulardan ibarət fikirlərdən məqsədli şəkildə istifadə edərək Azərbaycan Ordusunun nüfuzuna xələl gətirmək istəyən, ən əsası isə qadınların heysiyyatına toxunan çirkin kampaniya təşkil edən qüvvələrin bu dəfə çətin peşə sahibi olan hərbi sahədə çalışan xanımlarımızı hədəfə alması heç bir vəchlə anlaşılan deyildir, qəbul edilməzdir və ictimaiyyət tərəfindən birmənalı şəkildə rədd edilməlidir.

Xalqımızın şərəfli tarixində Tomris, Nigar, Həcər kimi igid və şücaətli qəhrəman qadınlarımız döyüş meydanlarında hər zaman kişilərin yaxın silahdaşları olublar.

Müasir tariximizdə, birinci və ikinci Qarabağ müharibələrində də snayper qadınlarımız, tibb bacılarımız və sadalanmayan digər ixtisaslarda çalışan peşəkar qadın hərbi qulluqçularımız döyüşlərdə əsl qəhrəmanlıq nümayiş etdiriblər, mülki xanım işçilər təminat hərbi hissələrində şərəflə vəzifə borclarını yerinə yetirərək qələbəmizə töhfə veriblər.

Kişi-qadın münasibətləri problemlərini öz ailəsindən kənarda, hətta valideynləri ilə müzakirə etməkdən çəkinən, dərin köklərə malik gözəl ailə münasibətlərinə, qadına hörmət və izzətlə yanaşma ənənələrinin mövcud olduğu ölkəmizdə, qadınlarımız haqqında belə etik normalara sığmayan fikirlərin ictimailəşdirilməsi təhqiramiz ifadələrin səslənməsi nə kişiliyə, nə də insanlığa sığmır. Belə addım atan şəxs ilk növbədə öz əzizləri və yaxınları olan xanımları da düşünməli və belə kişiliyə yaraşmayan addımı atmazdan əvvəl yüz dəfə ölçüb-biçməlidir.

Kişilərlə birlikdə Vətənə xidmət etmək kimi şərəfli vəzifəni daşıyan, çətin və şərəfli peşənin əziyyətini kişilərlə birlikdə bölüşən hərbçi xanımlarımıza və ordumuzda çalışan mülki xanımlarımıza, ana-bacılarımıza, həyat yoldaşlarımıza daima dəstək olmaq, onlarla qürur duymaq hər birimizin borcudur. Onlar haqqında hər hansı xoşagəlməz addımların atılmasına qarşı birlikdə mübarizə aparmalıyıq.

Bu səs yazısını yayan şəxsin, bu addımı qərəzli şəkildə, düşmənçilik məqsədilə etdiyi də açıq aydın sezilir. Lakin, düşmənçiliyi də mərdliklə, etik normalara uyğun, hətta qanuni yolla müraciət etməklə də mümkündür. Əlində heç bir dəlil, fakt olmadan belə qeyri-əxlaqi fikirləri internet üzərindən yayımlamaq heç bir normaya sığmır.

Belə çirkin oyunlarda şəhid adından, eləcə də xanımlardan istifadə etmək şərəf və ləyaqətə sığmır və heç kimə baş ucalığı gətirməz. Bundan əlavə məlum səs yazısını yayanlar ən azından şəhid polkovnik Babək Səmidlinin ailə üzvlərini düşünsünlər. Bu cür çirkin əməllərinə şəhidimizi alət etməklə onun da hörmətdən düşməsinə, ailəsinin narahatlığına səbəb ola bilərlər. Heç olmasa şəhidin ruhundan utanın.

Vaqif Hüseynli Demokrat.az

D
demokrat.az