İkinci Qarabağ müharibəsi bitəndən altı ay sonra yazılarımın birində belə bir fikir vardı:”Dünya az qala hər gün siyasi cildini ilan qabığı kimi dəyişir, baş verən dəyişikliklərin isə bizim maraqlarımıza uyğun olacağı böyük suallar altındadır”. O vaxt Ukraynaya qarşı müharibə hələ başlamamışdı və dünya nüvə müharibəsi ərəfəsində olduğunu təsəvvürünə gətirmirdi. Dünya bir tərəfə, Qarabağ problemində son nöqtənin qoyulmadığını və problemin getdikcə qəlizləşəcəyini əsaslı şəkildə vurğuladıqca, kifayət qədər “nikbin” opponentlərin uzun-uzadı cavabları ilə rastlaşmalı olurdum və bu tendensiyanın indi də davam edəcəyi şübhə doğurmur. Müharibədən sonra bəzi hərbi, diplomatik uğurlarımız nikbin notlara səbəb olsa da, problemin yekun həllinə aparmadığı şüuraltı hiss olunur və başda Rusiya olmaqla Ermənistanın havadarlarının hansısa şəkildə ən azı problemi dondurmağa çalışdıqları ortada idi. Dünən Valday klubunda çıxış edən Rusiya prezidenti bunu açıq şəkildə bəyan etdi. “Biz Qarabağa görə erməni xalqının istənilən qərarını dəstəkləyəcəyik”. Valday klubunda Qarabağla bağlı, Ermənistan-Azərbaycan arasında sülh müqaviləsi haqqında Vladimir Putinin dediklərinin ana xəttini bu fikir təşkil edir. Guya ermənilərin Qarabağ haqqında nə qərar istədiklərini Putin bilmir? Ermənilərin Qarabağ istəyinin qeyri-rəsmi vaxtı yüz ildən çox olsa da, 1988-ci ilin fevralın 13-dən rəsmən bəllidir. Bu günədək Rusiya da bu istəyi dəstəklədiyindən Azərbaycan hələ də Xankəndinə nəzarəti bərpa edə bilmir. Putin ardınca:“ Azərbaycanla da razılaşmaq lazımdır ki, şərtlər qarşı tərəf üçün də məqbul olsun”-deməsi Azərbaycanın marağından çox Rusiyanın Cənubi Qafqazda təsirini saxlamağa hesablanıb. Prioritet hansı tərəfdir -“Ermənistanı dəstəkləyəcəyik”, yoxsa “Azərbaycan üçün də məqbul olsun”? Dəstəklə, məqbulun fərqini bilirik. Putinin məsələ ilə əlaqədar dediyi hər bir fikir, cümlə Rusiya siyasətinin daha çox Ermənistanda apardığı və aparacağı xətlərdir. Amma, bu mövqenin arxasında ana xətt kimi Qarabağın gələcək taleyi dayanır. “ Ermənistan bizim müttəfiqimizdir və biz istiqamətimizi əhəmiyyətli dərəcədə Ermənistanın özünün təklif etdiyinə yönəldəcəyik”-deyən Putin həm Paşinyana, həm də erməni cəmiyyətinə mesaj göndərmiş oldu. 31 oktyabr növbəti Soçi görüşməsi ərəfəsində Paşinyana açıq şəkildə bildirildi ki, Azərbaycanın ərazi bütövlüyünü “Vaşinqton variantı” ilə tanımış olsa erməni cəmiyyətini ayağa qaldıracaq və bütün vasitələrdən, o cümlədən sui-qəsd variantından da istifadə etməklə onu hakimiyyətdən uzaqlaşdıracaq. Paşinyan da bu təhdidi gecikmədən dəyərləndirdi və gecə ilə Tvitter səhifəsində Putinlə razılaşacağını bu şəkildə ifadə etdi: ““Sentyabrın əvvəlində Ermənistan Rusiya Federasiyasının təqdim etdiyi Ermənistan və Azərbaycan arasında dövlətlərarası münasibətlərin qurulması üçün əsas prinsiplər və parametrlər əsasında işləməyə razılıq verib və bunu Soçidə təsdiqləməyə hazırdır. Ümid edirik ki, Rusiya özünün təkliflərini dəstəkləyəcək”. Maraqlıdır, “Rusiya Federasiyasının təqdim etdiyi” variant “Vaşinqton variantı”ndan nə ilə fərqlənir? Fərqlənirsə və bu, çox güman belədir, deməli Azərbaycanın əleyhinədir. Aydın məsələdir ki, maraqlarına cavab verməyən sülh təklifini Azərbaycan qəbul etməyəcək. Putin Soçidə tərəfləri inandırmaq üçün diplomatik reveranslar edəcək və təklifini ən yaxşı variant kimi sırımağa çalışacaq. Ümumiyyətlə, Putinin dediklərindən məlum olr ki, Vaşinqton Azərbaycanın Qarabağ üzərində suverenliyini qəbul edir, amma Rusiya bununla razı deyil və Qarabağı öz nəzarətində saxlayacağı ilə Azərbaycanı hədələyir. Bəs, iki ölkə arasında sülhün yaranmasından narahatlıq keçirən Rusiya prezidenti oktyabrın 31-də hansı təkliflə çıxış edə bilər ki, “Vaşinqton variantı”ndan daha cəlbedici olsun? “Vaşinqton variantı”nı qəbul etməyən Putinin keçmiş Dağlıq Qarabağa Azərbaycanın tərkibində xüsusi status təklif edəcəyini və ermənilərin təhlükəsizliyinə Rusiya sülhməramlı qüvvələrin zəmanət verəcəyini, müddətsiz olaraq Azərbaycan ərazisində qalacağını və bunun sülhə xidmət etdiyini vurğulayacağını indidən Rusiya və erməni mediası proqnozlaşdırmağa başlayıb. Separatçı liderlərin Moskvada yüksək səviyyədə qarşılanacağı barədə mətbuatda gedən məlumatlar təsadüfi sayıla bilməz. Paralel olaraq Rusiya mətbuatında guya Azərbaycanın Ukraynaya silah yardımı etməsi ilə heç bir sübut göstərmədən Azərbaycana qarşı qaralama kompaniyasının sistemli xarakter alması da sübut edir ki, Putin Qarabağ probleminin yekun variantının həlli istiqamətində Azərbaycanı təhdid edir. Valdayda deyilənlərin əsas məqsədi Azərbaycan və Ermənistanı Rusiya çətirinin altına salmaq və sülh danışıqlarında hər iki tərəfi Qərbin moderatorluğundan imtina edilməsinə məcbur etməkdir. Paşinyanı hakimiyyətdən uzaqlaşdıra bilməyən Putin Azərbaycanı hədəfə almaqla onu Qərbdən uzaqlaşdırıb tam öz çətirinə salmaq niyyətindədir. Bunun üçün erməni cəmiyyətini də şantaj edir. Valday klubunda deyilənlər Soçidə hansı variantda üzə çıxacaq? Bu gedişlə “Vaşinqton variantı”na alternativ Soçi variantı Azərbaycanın maraqlarına cavab verməsə qəbul olunmayacaq. Nə Rusiya əvvəlki Rusiya deyil, nə də Azərbaycan. İndi başqa zamandır. Qalib dövlət zamanı dəyərləndirməli və Qarabağ probleminin yekun nöqtəsini tez qoymalıdır. İlham İsmayıl Moderator.az
Putin ermənilərin “istənilən qərarını dəstəkləyəcək” deyirsə...
Demokrat.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!


