Azərbaycanın dövlət maraqları baxımından çox önəmli olan bir məsələyə, özəlliklə də Prezident İlham Əliyevin Ermənistanla münasibətlərin tənzimlənməsi, eyni zamanda Rusiya və İran kimi radikal qonşularla problemlərin həllinə diqqət yönəltmək lazımdır.
İndiki mərhələdə diqqət çəkən odur ki, Azərbaycan bu dövlətlərlə quru sərhədlərini bağlı tutur. Amma baxırıq ki, bilən də, bilməyən də buna görə dövləti tənqid edir. Nə qədər haqlıyıq bu məsələdə? Gəlin, bir anlıq düşünək ki, quru sərhədlərimiz açılmışdı və Rusiyadan müharibə səbəbindən qaçan 100 minlərlə insan Azərbaycana axın edəcəkdi. Lazımdırmı bizə bu? Üstəlik də belə bir axın özüylə COVID-19-la bağlı əlavə problemlər də gətirə bilərdi. Azərbaycana qaçqın ordusu kimi əlavə problem lazım deyil. Hələ nəzərə alaq ki, quru sərhədlərinin açıq olması əlavə olaraq Ukraynadan kütləvi şəkildə ölkəmizə qaçqın gətirəcəkdi. İranla açıq sərhəd isə o demək olacaqdı ki, indiki iğtişaşlar fonunda bir neçə 100 min nəfər də oradan gələcəkdi. Yəni Azərbaycan da qonşu Gürcüstan kimi kütləvi qaçqın fəlakətinin altında əlavə problem yaşayacaqdı.
Onu da əlavə edək ki, sərhədlərin bağlı tutulması Azərbaycanın əmək bazarının qorunması baxımından da olduqca vacibdir. 100 minlərlə qaçqın gəlib burada boş oturası deyildi ki. Onlar daha ucuz qiymətə, hətta gündəlik çörəkpuluna işlərə girişəcək və bizim öz insanlarımızın iş yerlərini əllərindən alacaqdı. Bu isə 100 minlərlə vətəndaşımızın işsiz qalması deməkdir.
Hələ biz onu da nəzərə alaq ki, bu kütləvi qaçqın axını özüylə Rusiyanın, İranın zərərli mərkəzlərinin agentura şəbəkəsinin ölkəmizdə daha rahat yerləşməsinə əlavə imkan demək olacaqdı. Təsəvvür edin ki, Rusiyanın FSB-si qaçqın adı altında minlərlə agentini Azərbaycana yeridir. Yaxud da İranın SEPAH-ı fars-molla rejiminin bütün agenturasını kütləvi şəkildə ölkəmizə göndərir. Fəlakət olardı bu.
Ona görə də Azərbaycanın sərhədləri qapalı tutması ən ağıllı addım idi və bu gün də o qapalılığın davam etməsinə mən şəxsən haqq qazandırıram. Hətta onu da qeyd edim ki, Rusiyanın Ukraynaya hərbi təcavüzü başlamazdan öncə düşünürdüm ki, sərhədlər açılsa yaxşı olar. Amma sonrakı mərhələdə gördüm ki, ən doğrusunu dövlətimiz bilir və ən gərəkli addımları atır. Həm də uzaqgörənliklə. Belə bir dövlətimiz var bizim!
Azər Həsrət Əməkdar jurnalist, siyasi şərhçi


