Ötən gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Azərbaycan Yazıçılar Birliyinin üç ildir təxirə salınan XIII Qurultayı baş tutdu. Toplantı əksəriyyəti yaşlılardan ibarət olan ziyalıların iştirakı ilə keçirildi. Təxminən yeddi saat davam edən qurultayın ilk anlarından etibarən çıxış edənlərin hamısı mövqelərini açıq şəkildə göstərərək Anar Rzayevin 35 illik sədrlik fəaliyyətini daha beş il də uzadacaqlarını bildirdi.
Tədbirin ən diqqətçəkən məqamı isə Anar Rzayevdən başqa sədrliyə namizəd olan iki gənc yazıçıya - Emil Rasimoğlu və Fuad Cəfərliyə çıxış üçün sonadək söz verilməməsi oldu. Düzü, daim fəaliyyəti barədə gənc yazıçıların müzakirələri, iradları ilə gündəmə gələn və sovet ənənələrinin təzahürü olan Azərbaycan Yazıçılar Birliyinin üzvlərinin tərəfli mövqe nümayiş etdirmələri heç də təəccüb doğurmadı. Ancaq qocaman yazıçıların mikrofon gördükdə aqressiyalarını mətbuatın üzərinə tökmələri, nəhayət, yeddi saatlıq sükutu pozdu.
Söhbət Azərbaycan Yazıçılar Birliyinin birinci katibi Çingiz Abdullayevin “Qurultayın təşkili üçün ayrılan 203 min manat vəsait necə xərclənib?” sualına verdiyi “Bu sualı verdiyin üçün ölmürsən utanmaqdan?” cavabından gedir. Xalq yazıçısı statusunu daşıyan, AYB-nin maliyyə məsələlərindən məsul olan bu yazıçının işi sual verməkdən ibarət olan jurnalisti ictimai yerdə əsassız şəkildə təhqir etməsi bu gün AYB-nin mətbuata, mediaya olan münasibətinin bariz nümunəsi idi.
Öhdəliklərindən bixəbər olan Çingiz Abdullayevin bu çıxışına Mətbuat Şurasına yeni sədr seçilmiş, eyni zamanda Azərbaycan Yazıçılar Birliyinin sədr müavini olan Rəşad Məcidin dəstək göstərməsi isə ayrı bir fiasko idi.
“Jurnalist sualı ittiham kimi verəndə elə də cavab almalı idi”, - deyərək Çingiz Abdullayevin natamam azərbaycancası ilə jurnalisti təhqir yağışına tutmağına münasibət bildirən Rəşad Məcid təqsiri jurnalistdə görərək sualı belə qurduğu üçün onu “tərbiyəsiz” adlandırıb.
Məlumat üçün bildirək ki, Azərbaycan Yazıçılar Birliyinin Qurultayının təşkilinə büdcədən 203 min manat vəsait ayrılıb. AYB üzvlərinin bir çoxu hesab edir ki, həmin pul xaricdən və rayonlardan gələn qonaqların yoluna və qonaqlanmasına, dekora, tədbirin keçiriləcəyi yerin icarəsinə, kitab çapına və s. xərclənib. Qurultayda iştirak edən biri kimi qeyd edim ki, teatr zalında dekora elə də yer verilməmişdi, qonaqlar üçün isə sadə bir çay süfrəsi təşkil edilmişdi. Hərçənd həmin süfrədə şirniyyat qoymağa boşqab tapmaq belə müşkül məsələ idi. Kitab çapı dedikdə isə hansısa yazarın kitabının nəşrindən söhbət getmir, qurultay iştirakçılarına paylanılası 100-200 kitabın çapı nəzərdə tutulurdu. 20 xarici qonağın yol xərci, Bakıda yerləşdirilməsi isə yəqin ki, 203 min manata başa gəlmir. Belə olan təqdirdə rahat bir hesabat vermək və ya mədəni şəkildə sualı cavablandırmaqdan çəkinmək varkən Çingiz Abdullayevin təhqir yolunu seçməsi isə özlüyündə çoxsaylı suallar doğurur.
Bəs görəsən, onun bu çıxışı haqqında jurnalist həmkarlar nə düşünürlər?
Demokrat.az Oxu.Az-a istinadla sorğunu təqdim edir:
“Report” İnformasiya Agentliyinin redaktoru İmdad Əlizadənin fikrincə, Çingiz Abdullayevin o cür reaksiyası bu dəfə də sədr olmaq arzularının reallaşmamasından qaynaqlanır: 
Belə bir qurultayda xalq yazıçısı Çingiz Abdullayevin bu qədər gərgin olması isə çox ciddi suallar doğurur. Zənnimcə, Çingiz Abdullayevin aqressiyasını jurnalistin üzərinə tökməsinin şüuraltında başqa səbəbləri var. Bəlkə də, Çingiz Abdullayev gözləyirdi ki, bu qurultayda AYB-nin sədri olacaq, ola bilmədi, ona görə də bir balaca şərait yaranan kimi aqressiyasını ortaya qoydu.
Jurnalistin Çingiz Abdullayevə ünvanladığı sual tamamilə obyektiv idi. Çünki Mədəniyyət Nazirliyi rəsmi şəkildə elan etmişdi ki, bu qurultayın keçirilməsi üçün 203 min manat vəsait ayrılıb. Bu vəsait isə dövlət büdcəsinin puludur, yəni hər birimizin vergiləri hesabına formalaşan büdcədən ayrılan vəsaitdir. Ona görə də jurnalistlər bu vəsaitin hara xərcləndiyini, şəffaflığın təmin olunub-olunmadığını öyrənmək hüququna malikdirlər. Mən hələ məsələnin o tərəfinə toxunmuram ki, həqiqətən də, bu 203 min manatı bir teatr binasında yığılıb bir neçə saat qurultay keçirmək üçün necə xərcləyiblər?
Çingiz Abdullayev Xalq yazıçısıdır, o boyda qurumun katibidir, orada maliyyə məsələlərinə baxır, Anarın özü məsələnin Çingiz Abdullayevdən soruşulmasını istəyib, bəs nəyə görə Çingiz Abdullayev belə reaksiya verib? Bəlkə, qurultayda istəyinə nail ola bilməyib, vəsait düzgün xərclənməyib, ona görə belə qəzəblidir? Bu reaksiyanın dərin kökləri olmalıdır. Çingiz Abdullayevə bu sual dəfələrlə soruşulmayıb ki, o, bezib belə cavab versin. Onun “utanıb ölməmək” ifadəsi tamam başqa yerə ünvanlanmışdı, sadəcə, həmin situasiyada xeyli beynində gəzdirdiyi sualı dilə gətirməli oldu”.
Unikal.az xəbər portalının baş redaktoru Zaur Əhməd hesab edir ki, Azərbaycanın Xalq yazıçısı jurnalistlə davranışını bilmir: 
Ümumiyyətlə, jurnalistikaya, jurnalistə olan hörmət Azərbaycanda çox aşağı səviyyədədir. Bunun müxtəlif səbəbləri var, ən böyük səbəblərdən biri də odur ki, jurnalistlərin dostu olmalı, qorumalı olan Mətbuat Şurası hər zaman məsələnin mahiyyətinə varmadan jurnalisti ittiham edir. Azərbaycanda jurnalist zəif bəndə çevrilib. Kimi dindirirsən, həmin məsələdə çalışır ki, jurnalisti günahkar çıxarsın. Bu məsələdə jurnalistin üzərinə bu qədər gəlmək yersiz və haqsızdır.
Əslində, mən Mətbuat Şurasının sədri, dostumuz Rəşad Məciddən belə reaksiya gözləmirdim. Çünki bütün hallarda daha yaxşı ifadə seçmək olardı. Cəzalandırma məsələsini gündəmə gətirmək, kimisə nə iləsə hədələmək, təhqir etmək çox yanlışdır. Hesab edirəm ki, Mətbuat Şurası hər şeydən öncə jurnalistin yanında olmalıdır. Jurnalist sadə sual verib, Çingiz Abdullayev onu təhqir edib. Normal cavab vermək olardı. AYB-nin xərclədiyi pul kiminsə atasından qalmayıb. Həmin pul Azərbaycan dövlətinin, vətəndaşının puludur. Jurnalist də ictimai nəzarət funksiyasını yerinə yetirən bir fərd kimi bu pulun hara xərcləndiyini soruşa bilər. Çingiz Abdullayevin borcudur ki, həmin suala normal cavab versin”.
“Yeni Çağ” Media Qrupun rəhbəri Aqil Ələsgər isə jurnalistləri ən başda sədr Anar Rzayevin təhqir etdiyini diqqətə çatdırıb: 
Hörmətli Rəşad Məcidin özü bir neçə dəfə deyib ki, jurnalist sual verəndə elə bilirlər kimdənsə sifariş alıb. Ola bilsin ki, Rəşad müəllim jurnalistlər ona zəng vurduğu zaman elə Yazıçılar Birliyinin sədr müavini, yazıçı kimi cavab verib. Yəni Mətbuat Şurasının sədri kimi danışmayıb. Çünki hamıdan öncə Rəşad Məcid bildirib ki, jurnalistin sualına dözümlü yanaşmaq lazımdır. Vəzifəli şəxslər, dövlətin qaymağını yeyənlər isə elə bilirlər ki, onlara heç kim sual verə bilməz.
Mən o qurultayda qonaq olaraq iştirak elədim. 203 min manatlıq qurultayda insanlar şirniyyatı salfetin üstünə qoyub yeyirdilər. Buna irad da bildirdim. Mən demirəm ki, orada Kütahya çini qabları olsun. Amma camaat salfetin içində şirniyyat yeməməlidir. “Qonaqlarımız gəlib”, - deyirlər. O qonaqlar kimlər idi? İki-üç türk qonaqdan başqa hansı qonaq vardı ki, biz görmədik? Əlbəttə, belə olan təqdirdə maliyyə müzakirə olunacaq. Mətbuatın işi bunu sorğulamaqdır. Jurnalist sualı istədiyi şəkildə qoya bilər, amma Çingiz Abdullayev küçədəki yaşlı qadınlar kimi kiməsə qarğış etməli deyil!”
Əməkdar jurnalist, müstəqil fəaliyyət göstərən Azər Ayxan bildirib ki, Çingiz Abdullayevin Azərbaycan jurnalistlərindən, xüsusilə orada təhqir elədiyi həmkarımızdan üzr istəməsinə nail olanadək məsələnin üzərinə getməliyik: 
Jurnalistin təhqir edilməsi qəti şəkildə yolverilməzdir. Öncə Azərbaycan Prezidentinin media ilə münasibətinə baxsınlar və oradan özlərinə nümunə götürsünlər. Hər bir Azərbaycan jurnalisti bu tərbiyəsizcə rəftara qəti şəkildə münasibət bildirməli, lazım olarsa, toplantılar keçirilməli, müraciətlər qəbul edilməlidir. Biz Çingiz Abdullayevin Azərbaycan jurnalistlərindən, xüsusilə orada təhqir elədiyi həmkarımızdan üzr istəməsinə nail olanadək məsələnin üzərinə getməliyik. Hər kəs bundan nəticə çıxarmalıdır ki, jurnalistin verdiyi suala o şəkildə cavab vermək olmaz. Çingiz Abdullayevin borcudur ki, sualı ətraflı şəkildə cavablandırsın.
Mətbuat Şurasının sədri Rəşad Məcidin mövqeyinə gəldikdə isə o da məni qane etmədi. Çingiz Abdullayevdən yox, həmkarlarından yana olmalıdır. Çünki məsələdə haqlı tərəf jurnalistdir. Jurnalisti sual verdiyinə görə tərbiyəsiz adlandırmaq, yumşaq desək, Rəşad Məcidə yaraşan iş deyil. Çünki Rəşad Məcid kifayət qədər təcrübəli jurnalistdir, Mətbuat Şurasının sədridir. Bu vəzifə də ona xüsusi bir məsuliyyət yaradır ki, jurnalistin tərəfində olsun. Ona görə də mən inanıram ki, bu gündən gec olmayaraq məsələ ilə bağlı Rəşad Məcid də, Çingiz Abdullayev də mövqelərində ciddi dəyişiklik edəcək və bir jurnalistin timsalında Azərbaycan jurnalistikasını təhqir etdiklərinə görə üzrxahlıq edəcəklər”.
“Yeni Sabah” MMC-nin baş redaktoru Seymur Verdizadə isə son vaxtlar jurnalistlərlə bağlı çərçivənin daraldıldığını deyib: 
Əgər jurnalist nə vaxtsa etik qaydaları pozarsa, əlindəki mikrofondan sui-istifadə edib kiminsə şərəf və ləyaqətini alçaldarsa, bunun qarşısını almaq üçün müxtəlif mexanizmlər var. Mətbuat Şurasına müraciət etmək, jurnalistin fəaliyyətini müzakirə etmək olar. Amma heç bir halda bu səviyyədə cavab vermək olmaz. Üstəlik, normal verilmiş bir suala. Bu, ziyalıya başucalığı gətirmir”.
“İnterpress.az” xəbər portalının təsisçisi Toğrul Allahverdili Azərbaycan Yazıçılar Birliyinin ümumilikdə mövcudluğunun yanlış olmasından söz açıb: 
Anar müəllimin yaşını hesablayıb qurtarmaq mümkün deyil, yenə sədr olmaq istəyir. “Jurnalistlər məni zəhərləməsələr, beş il də qalacam”, - deyir. Yalandan qurultay keçirilib, gənclərə söz verilmədi, təhqir olundular. Bunu hansı əsasla edirlər? Xalqın pulu bu yaşlı ziyalıları nə qədər harınladıb?
Mətbuat Şurasının sədri Rəşad Məcidin də jurnalisti təhqir etməsinə çox təəssüf edirəm ki, Mətbuat Şurasında dəyişən heç nə olmadı. Rəşad Məcid orada AYB nümayəndəsi kimi çıxış etdi, amma mən ondan Azərbaycan gəncliyinin müdafiəsini gözləyirdim. Biz Rəşad Məcidə səs verən şəxslərik, səs verəndə düşünürdük ki, gələcəyin yanında olacaq, Rəşad müəllim isə uzun müddətdir ki, dostluq etdiyi Anarın, Çingiz Abdullayevin yanında olmağı seçdi. Mətbuat Şurasının İdarə Heyətindən tələb edirəm ki, tez zamanda toplanıb bu məsələyə münasibət bildirsinlər. Hər üç şəxsin jurnalistə qarşı davranışına rəy verməlidirlər”.
“Avtosfer.az” saytının baş redaktoru Elməddin Muradlı isə qeyd edib ki, son vaxtlar bütün günahları jurnalistlərin üzərinə atmaq kimi bir tendensiya yaranıb: 
Son vaxtlar mediaya qarşı təzyiqlər var. İki gündən bir jurnalist çağırılır, izahat alınır. Hamı jurnalisti təhqir edir. Belə çıxır ki, bəzi kiçik məmurlar jurnalistlərə qarşı hücuma keçirlər ki, Prezident məsələdən xəbər tutmasın. Çingiz müəllimin də aqressiyası bundan irəli gəlir, pulda sorğulanmaq istəmir. Puldan yazırsansa, mütləq qarşı tərəfin xətrinə dəyir. Kiminsə şəxsini söyürsənsə, o, bunu qəbul edir, amma puluna söz deyəndə acığı tutur. Buna son qoyulmalıdır”.
“Azxeber.com” saytının baş redaktoru Hacıbəy Heydərli qeyd edib ki, Azərbaycanı sevməyən qüvvələrin, xarici jurnalistlərin Azərbaycan Prezidentinə vermədikləri provokativ sual qalmayıb. Prezident bu suallara hər zaman aramla, səbirlə, diplomatik ədayla cavab verib, qarşı faktlar qoyaraq jurnalistləri çətin duruma salıb. Ancaq Çingiz Abdulayev kimi yazıçı, söz adamı bir sualın qarşısında özünü belə gülünc duruma saldı: 
Azərbaycan Yazıçılar Birliyinin qurultayında Çingiz Abdullayevin jurnalistə qarşı kobudluğu heç bir halda qəbuledilən deyil, Xalq yazıçısının bu hərəkətinə haqq qazandırmaq olmaz. Çingiz Abdullayev ictimai şəxsdir, tanınmış ziyalıdır, çoxsaylı kitablar müəllifidir. O istər davranışları ilə, istərsə də mediaya münasibəti ilə cəmiyyətə nümunə olmalıdır, ancaq təəssüf ki, biz bunun əksini gördük. Heç kimə ixtiyar verilmir ki, jurnalistə “utanıb, ölmürsən?” desin. Jurnalistləri qərəzdə qınamaq olar, sualdan müxtəlif yollarla yayınmaq olar, ancaq onu ictimai yerdə təhqir etmək, aşağılamaq qəbuledilməzdir və bu həm də hüquqi məsuliyyət yaradır.
Özü də Yazıçılar Birliyinin qurultayına ayrılan pulun hara xərclənməsinə birbaşa nəzarət edən şəxs Çingiz Abdullayevdir. Yazıçı Anarın bu haqda Baku TV-yə açıqlaması da var. Jurnalist də təbii olaraq bu sualı Çingiz Abdullayevə ünvanlayıb. Xalq yazıçısının cavabı isə ən yaxşı halda qeyri-etikdir.
Bir şeyi də mütləq anlamaq lazımdır ki, artıq informasiya əsridir. Sovet dövrü, senzura dövrü, kommunist düşüncə tərzi geridə qaldı. Dünya sürətlə inkişaf edir, dövr dəyişir, yaxşı olar ki, yazıçılarımız da dəyişsinlər”.
Bizimyol.info saytının baş redaktoru Bahəddin Həzi Çingiz Abdullayevin çıxışına haqq qazandırılacaq bir tərəf görmədiyini vurğulayıb: 
Demokrat.az xəbər portalının baş redaktoru Vasif Həsənlinin sözlərinə görə, Çingiz Abdullayev tipli adamlar ütülənmiş, öncədən hazırlanmış suallara o qədər öyrəncəli olublar ki, istənilən kiçik tənqidə dözümsüzlük nümayiş etdirirlər: 
Bu hadisədə məni ən çox təəccübləndirən və üzən məsələ dostumuz Rəşad Məcidin sərgilədiyi qərəzli mövqe oldu. Rəşad müəllim bu yaxınlarda Mətbuat Şurasına sədr seçilib və onun vəzifə borcudur ki, jurnalisti müdafiə etsin. Onu o kürsüyə seçənlər yazıçılar olmayıblar, jurnalistlər olublar. Amma çox təəssüf ki, dostumuz Rəşad bəy hələ də jurnalist həmkarlarını müdafiə etmək yerinə, Yazıçılar Birliyinə vəkillik edir. Bu gün Çingiz Abdullayevin mediadan üzr istəməyini tələb etmək yerinə, sıravi bir jurnalisti qaralamaq düşüncəsi Rəşad Məcidə başucalığı gətirə bilməz. Bu məsələdə əksər media nümayəndələri hörmətli Rəşad Məciddən təhqirə məruz qalmış jurnalist həmkarımızla bağlı qətiyyət göstərməsini gözləyirlər. Ümid edirik ki, Rəşad bəy jurnalistlərin ona olan inamını sarsıtmayacaq”.


