"Azərbaycana qarşı Fransa Senatında müzakirəyə çıxarılacaq qətnamə layihəsi hazırlanıb".
Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib. Politoloq qeyd edib ki, bu, gülünc bir qətnamədir.

“Çünki biz bilirik ki, 2020-ci ildə Fransa Senatı bir dəfə də belə bir qətnamə çıxardı. O vaxtlar o qətnamə ilə onlar Qarabağda olan qondarma rejimi tanıyırdılar. Fransa hökumətinə səsləndiriblər ki, Fransa hökuməti də bu qondarma rejimi tanısın. Digər tərəfdən, Avropa İttifaqında da bunlar səsləndirilib ki, Avropa İttifaqı da bu rejimin tanınması ilə bağlı müsbət fikirlərini bildirsin. Ancaq görünən odur ki, nə Avropa İttifaqına daxil olan ölkələr, nə də Fransa hökumətinin özü bu qətnaməni tanıdı. Eyni zamanda, bax indi qətnamə qəbul edirlər və qətnamənin mətn ilə biz tanışıq. Yəni, kütləvi informasiya vasitələrindən bu və ya digər şəkildə mətn sızdırılıb. Orada çağırışlar var. Çağırışlar eyni zamanda onunla bağlıdır ki, Avropa ölkələri Azərbaycandan qaz almasınlar. Ümumiyyətlə, Azərbaycanla münasibətlərini məhdudlaşdırsınlar. Yəni, bu qətnamələr kimə hesablanıb? Sualın cavabını biz bilirik. Sadəcə olaraq, bu, bir oyundur. Ermənistan ictimaiyyəti və daxili erməni lobbisi üçün hesablanan oyundur. Əgər Fransa Senatı belə bir gülünc rolu öz boynuna götürürsə, bu, onların problemidir. Amma, əslində bu, Fransa Senatının qətnamələrinin nə qədər dəyərsiz bir kağız parçası olmasında xəbər verir. Yəni, bilərəkdən ki, bu qətnamə heç bir rol oynamayacaq, özünə əziyyət verirsən! Qətnaməni qəbul edirsən, sonra onu yayırsan. Deməli, öz sözünə, səsinə sən hörmət qoymursan!”.
Aynurə Demokrat.az


