“Yeni çoxmənzilli binalar inşa edilərkən, mütləqdir ki, su və kanaliziasiya sistemləri də ona uyğun hesablansın. Təəssüflər olsun ki, bizdə hələ də bəzi ərazilərdə çoxmənzilli yeni binalar inşa edilərkən, kanalizasiya və su xətlərinə qoşulma köhnə olan xətlərin üzərindən həyata keçirilir”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə deyib. Ekspert qeyd edib ki, yeni çoxmənzilli binaların inşası aparılarkən, bir çox binalara tələb qoyulur ki, hər birinin nasos stansiyası anbarı yaradılsın. “Bir çox çoxmənzilli binaların həyətində su anbarlar mövcuddur. Yəni, “Azərsu” ASC tərəfindən su anbarlara vurulur, anbarlar vasitəsilə də MTK özü bu anbardan sakinlərə çatdırır. Bu, onunla əlaqədardır ki, fasiləsiz su təminatını həyata keçirmək üçün davamlı olaraq gün ərzində də anbara su yığılır, ondan sonra həyata keçirilir. Təəssüflər olsun ki, bəzi çoxmənzilli binaların isə anbarları mövcud deyil. Onlar birbaşa olaraq “Azərsu”nun su şəbəkəsinə qoşulub. Bir çoxları da paytaxtda köhnədən, hətta sovetlər dövründə inşa edilən su şəbəkələridir ki, onlar artıq təzyiqin qarşısında tab gətirə bilmirlər. Xüsusilə kanalizasiya sistemləri artan yük təzyiqinin altında tab gətirə bilmirlər. Gəlin təsəvvür edək ki, belə bir mənzərəni, hansısa bir vacib tutaq ki, futbol matçıdır. Qarabağ-Ermənistanın bir komandası ilə oynayur. Hamının diqqəti ancaq anında orada olacaq. Fasilə vaxtı insanlar ehtiyaclarını ödəmək üçün sudan istifadə edəcəklər. Bir anda bu şəbəkənin belə dolması, nəticədə qəzalara səbəb olan amillərdəndir. Təəssüflər olsun ki, bizdə hələ də bəzi yerlərdə, ərazilərdə bu nəzərə alınmayıb, planlama həyata keçirilən zaman sanki öz axarı ilə, yəni su təzyiqi bəzi binalara gedəcək. Amma köhnə çoxmənzilli binalar var ki, bəzi ərazilərdə su təzyiqi çatmır. Bu halların qarşısının alınması üçün təbii ki, həmin qəsəbələr salınarkən, yeni binalar inşa olunarkən, çoxmənzilli binalar sökülüb, yerində yeniləri tikilərkən mütləq həmin kommunikasiya xətlərinin yenilənməsi həyata keçirilməlidir. Təəssüflər olsun ki, bizdə bir çox hallarda bunlar yerinə yetirilmir və nəticədə belə qəza halları baş verir”.