Siyasət Özəl

"“Siyasi partiyalar haqqında” Qanun siyasi islahatların çox vacib istiqamətlərindən biridir"— Deputat

“Siyasi partiyalar haqqında” Qanun siyasi islahatların çox vacib istiqamətlərindən biridir— Deputat

“Dövlət partiya institutuna daha ciddi yanaşma ortaya qoymaqdadır”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa deyib. Deputat qeyd edib ki, siyasi partiyalar da bu ciddiliyi özlərindən tələb etməyə başlayırlar.

“Qeyd edim ki, bu siyasətin simptomları üç il öncə məhz siyasi partiyalarla əlaqə üzrə ölkə prezidenti tərəfindən Prezident Adminstrasiyasında şöbənin yaradılması ilə meydana çıxıb. Bundan sonra sanki unudulmuş partiyalarla ikitərəfli və çoxtərəfli dialoqlar başladı. Həmçinin, onların bir çoxunun qeydiyyatı problemi həll olundu və yeni partiyalar yaranması üçün əngəllər ortadan qalxd və bir sıra partiyaların qurultaylarının keçirilməsi prosesinə şərait yaradıldı. Partiyalar ölkənin vacib siyasi institutları kimi işğaldan azad olunmuş ərazilərə ard-arda səfərlərə dəvət olundular, onların təklifləri daim diqqətdə saxlanıldı. İndi də bu işlərin davamı olaraq “Siyasi partiyalar haqqında” yeni Qanunun qəbulu həyata keçirilməkdədir”.

Milli Məclisin deputatı əlavə edib ki, yeni qanun siyasi partiyaların təmsilçilik şəbəkəsinin genişləndirilməsi prosesinin sürətləndirilməsinə təkan verə bilər.

“Bu, parlamentdə siyasi müxalifətin statusunun tanınması, fraksiya yaratmaq imkanlarının reallaşması, müxalifət partiyası təmsilçilərinin bir neçə komitənin rəhbərliyinə seçilməsi, bir sıra mühüm dövlət komissiyalarında müxalifət üçün kvotanın təmin edilməsi və s. kimi vacib yeniliklərə yol aça bilər. Yeni qanun həm parlamentdə yer qazanan, həm də seçkilərdə müəyyən faiz səs toplasa da parlamentdən kənarda fəaliyyət göstərən siyasi partiyaların maliyyələşmə mexanizminin sabit şəkildə tənzimlənməsi, onların fəaliyyət imkanlarının genişləndirilməsi perspektivləri də nəzərdə tutulub. Ona görə də, ölkəmizdə “Siyasi partiyalar haqqında” Qanun siyasi islahatların çox vacib istiqamətlərindən biri sayılır. Bunu da müsbət bir prosesin təzahürü kimi qiymətləndirirəm”.

Aynurə Demokrat.az

D
demokrat.az