Bir neçə gündür ətrafında neqativ söhbətlər dolaşan Azərbaycan Yüksəliş (AY) Partiyasının daxilində gərginlik bu ilin əvvəlindən başlayıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, ciddi maliyyə problemləri və yarıtmaz idarəçilik təşkilat daxilində istefalara səbəb olub.

Anar Əsədli
Belə ki, bu il ərzində partiya rəhbərliyindən 8 nəfər istefa verib.
İstefa verənlər sədrin birinci müavini, İcra Aparatının rəhbəri Bəhrəm İsmayılov,

digər müavin Ehtiram İlham,

humanitar məsələlər üzrə müşavir Mətləb Abdullayev,

insan haqları və QHT-lər üzrə müavin Gülşən Məmmədoğlu,

gənclər təşkilatının sədri Nurel Kərim,

humanitar məsələlər üzrə müavin Nigar Sultanlı,

Ankara üzrə təmsilçi Ləman Fikrətli,

qadınlar qolunun rəhbəri Mətanət Həsənovadır.
Bu müddət ərzində xeyli sayda sıravi üzv də partiya sıralarını tərk edib.
Xatırladaq ki, AY Partiya sədri Anar Əsədli bir neçə gün öncə Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılıb. Buna səbəb A.Əsədli haqqında mərhum prezident Əbülfəz Elçibəyin köməkçisi olmuş Oqtay Qasımov və digərlərinin şikayətidir.

Oqtay Qasımov
İddia olunur ki, A.Əsədli O.Qasımovdan iş qurmaq adıyla təxminən 150 min manat pul mənimsəyib. Yayılan digər bir xəbərə görə, partiya sədri Zəngilan Rayon İcra Hakimiyyətinin sabiq başçısı İlham Hüseynova da 10 min dollar borcludur. A.Əsədli İ.Hüseynovdan pulu 2020-ci il parlament seçkilərində təşviqat kampaniyasını qurmaq üçün borc məqsədilə alsa da, geri qaytarmayıb.
Sədrin DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılması ilə bağlı partiyanın mətbuata açıqlaması isə cəmiyyətdə birmənalı qarşılanmayıb.

Belə ki, partiya mənsubları sədrin borc məsələsinə görə idarəyə çağırılmasına siyasi don geyindiriblər, bunu təşkilatın fəaliyyətinə təzyiq kimi qələmə veriblər. Halbuki AY Partiya dövlət qeydiyyatına yeni alınıb, hakimiyyətlə də dialoqdadır. Belə olan halda hansı təzyiqdən söhbət gedə bilər? Siyasətçinin əsas prinsiplərindən biri “Hər kəs qanun qarşısında bərabərdir” olmalıdır.
Məsələyə münasibət bildirən Gələcək Azərbaycan Partiyasının sədr müavini Aslan Həmidli məlum olayın siyasi basqı adı ilə ictimaiyyətə təqdim edilməsini biabırçılıq adlandırıb:

“Görün hansı vəziyyətdəyik. İndiki qanunla hər yerindən duran partiya yarada bilir. Bu, birmənalı şəkildə qanunların boşluğundan irəli gəlir. Partiyaların qeydə alınmasının şərtləri sərtləşdirilməlidir. Əminəm ki, yeni qanun layihəsi ilə bu cür lazımsız partiyaların fəaliyyəti sonlanacaq”.
Qeyd edək ki, iddialarla bağlı partiya sədrinə etdiyimiz zənglər cavabsız qaldı.


