“İran Ukrayna müharibəsində istifadə üçün döyüş pilotsuz təyyarələri ilə yanaşı, Rusiyaya özünün “Fateh-110” və “Zülfüqar” ballistik raketlərini də vermək niyyətindədir. Bütün bunlar təsadüfi deyil. İranın Rusiyaya açıq dəstəyinin kökündə duran əsas səbəb hər iki dövlətlərin ABŞ-la arasında mövcud olan münasibətləridir. Tehran əmindir ki, proseslərin bu şəkildə inkişafı və Rusiyanın məğlub duruma gətirilməsi ardınca onunla bağlı da sərt qərarların verilməsinə səbəb olacaq”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında siyasi şərhçi Azər Niftiyev deyib. Analitik qeyd edib ki, dünyada ABŞ-Avropa koalisiyası güclənəcək.
“Başqa sözlə ifadə etsək, İranın Rusiyaya dəstəyi ABŞ-ın planlarını pozmaq cəhdi ilə bağlıdır. Artıq Vaşinqton da buna rəsmi reaksiya verib və İrana qarşı növbəti sanksiyalar mövzusunu gündəmə gətirib. O ki qaldı İranın Rusiyadan Türkiyə ilə bağlı sərt qərarlar tələb etməsinə, Tehran bunu istəməyəcək. Çünki əmindir ki, Kreml buna getməyəcək. Türkiyənin müstəqil xarici siyasət kursu, Rusiya məsələsində neytral mövqeyi, Moskvaya qarşı embarqolara qoşulmaması fonunda Putin adminstrasiyası heç bir halda Ankara ilə münasibətləri gərginləşdirməz”.
A.Niftiyev qeyd edib ki, Azərbaycanla bağlı da oxşar vəziyyətdir.
“Azərbaycan diplomatik siyasətdə Türkiyə ilə birlikdə hərəkət edir və bu mənada mövcud şəraitdə Rusiya Azərbaycanla da münasibətləri pozmayacaq. İran təbii ki, Ermənistana yardım edir və bunu ənənəvi siyasətinə çevirib. İmkanı olarsa, təbii ki, hər vəchlə Azərbaycana mane olmağa çalışacaq. Ancaq hazırki siyasi situasiya fərqlidir və İranın ölkəmizin əleyhinə hər hansı real təsir aləti mövcud deyil”.
Aynurə Demokrat.az


