“Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzində fəaliyyət göstərən hərbiçilərin mandatının bir il uzadılması məsələsi var. Yəqin ki, bu Türkiyə hökuməti tərəfindən, parlament tərəfindən bir il də uzadılacaq. Amma bilirsiniz bununla Türkiyənin Azərbaycanda hərbi varlığının olması, yaxud da hərbi varlığının daimiliyinin təmin olunmasını qarışdırmaq olmaz. Çünki birgə monitorinq mərkəzi Türkiyə-Rusiya-Azərbaycan arasında əldə olunmuş üçtərəfli razılıqdır. Burada Rusiya faktoru da var ki, bu regionda, Qarabağda baş verən hərbi hərəkətliliyi monitorinq etmək üçündür. Bu, yəqin ki, monitorinq mərkəzinin bugünə qədər ki, fəaliyyətindən belə anlaşıldı ki, çox böyük güman ki, burada əldə olunan informasiyalar qapalı informasiyalardır. İctimaiyyət üçün deyil, yəqin ki, hökumətlərarası danışıqlarda və yaxud müzakirələrdə istifadə olunmaq üçün hazırlanır”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında Ağ Partiya başqanı Tural Abbaslı deyib. Partiya sədri qeyd edib ki, Türkiyənin Azərbaycanda və regionda hərbi varlığının mövcudluğunu təmin etmək lazımdır.
“Biz Ağ Partiya olaraq bunu illər öncədən demişik, yəni biz hər zaman qeyd etmişik ki, Türkiyənin Azərbaycanda hərbi bazaları olmalıdır, yerləşdirilməlidir və bu hərbi bazalar Azərbaycanın yerləşdiyi qəliz siyasi coğrafi məkanda Azərbaycanın müstəqiliyinin qarantı rolunda çıxış edir. Çünki bitərəfimizdə İran, bir tərəfimizdə Rusiya, bir tərəfimizdə Ermənistan və belə bir qəliz regionda müstəqilliyin qorunması, suverenliyin qorunması heç də sadə məsələ deyil. Hələm-hələm biz biz gündə İrandan təhdidlər eşidirik, qulağımızın dibindən burada hərbi təlimlər edirlər, Rusiya telekanalları açıq şəkildə Azərbaycanın suverenliyini şübhə altına alan fikirləri yayımlayırlar. Ermənistan da məlum məsələdir illərdir Azərbaycan torpaqlarını işğalda saxlayır. Belə bir regionda Azərbaycan Türkiyə kimi müttəffiqi ilə hərbi müttəffiqliyi daha da inkişaf etdirməlidir. Bunun konkret nəticələri olmalıdır. Konkret olaraq düşünürəm ki, Bakıda, Azərbaycanın şimal hissəsində və təbii ki, Naxçıvanda Türkiyənin hərbi bazaları yerləşdirilməlidir. O hərbi bazaların fəaliyyəti başlamalıdır. Kimsə sual verə bilər ki, niyə suveren ölkədə başqa ölkənin hərbi bazası olsun. Yaxşı, elə qarşılıqlı olsun, Azərbaycanın da bir neçə hərbi bazası Türkiyə ərazisində qurula bilər bu qarşılıqlı etimada görə”.
“Düşünürəm ki, Azərbaycanın tez bir zamanda həm Abşeron yarımadasına, həm Azərbaycanın şimal hissəsində, həm Naxçıvanda hərbi bazaları qurulmalı və yerləşdirilməlidir. Bununla bağlı Şuşa Bəyannaməsi də var ki, orada hərbi müttəfiqlik, əməkdaşlıq, bir-birinə dəstək vermək daha geniş formatda nəzərdə tutulub. Bunun üçün siyasi, hüquqi baza da var. Təbii ki, biz Türkiyənin Azərbaycanda varlığını Azərbaycanın müstəqliyinin daimiliyinin qarantisi kimi görürük”, - deyə sonda qeyd edib.
Aynurə Demokrat.az


