Paşinyan Avropa İttifaqının monitorinq missiyasının müddətinin uzadılmasında, hətta daimi olmasında maraqlıdır.
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Demokrat.az-a açıqlamasında bildirib ki, bu, ermənilərin növbəti təxribatıdır.
“Faktiki olaraq, Rusiya ümumiyyətlə, Ermənistan-Azərbaycan münaqişəsində Rusiyadan başqa üçüncü tərəfin hər hansı bir formada iştirakının qəti əleyhdarıdır. İndiki halda Paşinyan mümkün qədər Avropa və Amerikanın bölgədəki maraqlarını təmin edilən tərəf kimi görsənir. Atdığı bu addımla Azərbaycanı fakt qarşısında qoyur. Bilirsiniz ki, İlham Əliyev o missiya ilə tamamilə razılaşmır. Hissəvi olaraq Azərbaycana aid olan məsələlərdə əməkdaşlıq edəcəyəni deyib. Bu da onu göstərir ki, Ermənistan bizdən daha çox Qərblə əməkdaşlıq edir. Bu da sonradan Qərbin bizə qarşı müəyyən sanksiyalar tətbiq etməsinə, bizə qarşı Qərbin müəyyən imkanlarından istifadə etməsinə ermənilər üçün əlavə zəmin yaradır. Missiyanın daimi olması ilə bağlı da bilirsiniz ki, bu yalnız Ermənistan birtərəfli qaydada bu addımları atdığına görə Azərbaycan bu məsələlərlə bağlı müdaxilə etmək imkanı yoxdur. Çünki Ermənistan bunu birtərəfli qaydada edir. Əslində isə Azərbaycan və Ermənistan ikisi bu missiyanı birlikdə dəvət etməli idi”.
S.Cəlaloğlu əlavə edib ki, missiyanın burada fəaliyyət göstərməsinə təhlükəli bir şey görmür.
“Zatən İlham Əliyev də Ermənistan-Azərbaycan sülh müqaviləsi ilə bağlı təklif etdiyi şərtlər beynəlxalq hüquqa uyğundur. Həmin missiya da beynəlxalq hüquqa uyğun fəaliyyət göstərə bilər. Sadəcə, burada Ermənistan indi Azərbaycanın və Rusiyanın narahatlığı ilə bağlı ehtiyatlı mövqe tutmasında istifadə edib bir az qabağa çıxıb. Bununla da, Avropa və Amerikanın ciddi şəkildə dəstəyini alır. Azərbaycan da bunu neytrallaşdıracaq addımlar atmalıdır. Biz dəfələrlə demişik ki, Türkiyənin iştirakı olmadan Ermənistan və Azərbaycan arasında da daim sülhə nail olmaq mümkünsüzdür. Azərbaycan da öz tərəfindən buna uyğun bir missiyanı, yəni Türkiyə-Pakistan kimi özünə qardaş olan dövlətlərdən ibarət bir missiyanı sərhədə dəvət etməlidir. Azərbaycanın gözləmə mövqeyi tutması, Ermənistanın isə belə aktiv mövqe tutması Azərbaycanın xeyrinə deyil. Yəni, biz çalışmalıyıq ki, Ermənistanın bütün şərtlərini neytrallaşdıraq”.
Aynurə Demokrat.az


