"Bu gün Qarabağda növbəti hava limanın açılış mərasimi oldu. Bu dəfə də qardaş ölkə prezidenti, 44 günlük müharibə zamanı əsas mənəvi dayağımız olan Rəcəb Təyyib Ərdoğan da iştirak etdi. Türkiyənin dövlət başçısının Qarabağdakı əlamətdar hadisələrdə şəxsən iştirakı Azərbaycanın yanında daim olduğunu göstərir. Bu səfər qardaşlığımızın, dostluğumuzun əbədilliyinin təzahürüdür".
Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib. Deputat qeyd edib ki, işğaldan azad edilmiş torpaqlarda inşa edilən aeroportlar təkcə hava nəqliyyatı üçün deyil, həm də hərbi-strateji infrastrukturun çox vacib bir hissəsidir.
"Mən zənn edirəm ki, Zəngilanda inşa olunan bu hava limanı gələcəkdə cənub-qərb hissənin təhlükəsizliyinin təminatçısı olacaqdır.Qarabağdakı bu starteji hava nəqliyyat obyekti Azərbaycanın milli maraqlara əsaslanaraq qurduğu ittifaqlara söykənir. Mən bu hava limanını həm də bölgənin təhlükəsizlik konsepsiyasına uyğun olan infrastruktur layihələri kimi qiymətləndirərdim.
Zəngilan aeroportunun tikilməsinin region üçün önəmi həm də iqtisadi cəhətdən böyük olacaq. Bu hava limanı Şərqi Zəngəzurun yaratdığı iqtisadi məhsulların ölkə və dünya bazarlarına çıxarılması baxımından da əlverişli olacaqdır. Bildiyimiz kimi, Şərqi Zəngəzurun həm də böyük turizm potensialı var. Hava limanı həmin potensialın sürətlə reallaşmasını sürətləndirəcək. Digər tərəfdən böyük tranzit əhəmiyyətini də vurğulamaq istərdim. Azərbaycan üzərindən daşınan beynəlxalq yüklərin həcmi artdıqca dövlət gəlirləri də çoxalacaq. Ona görə də Zəngilan hava limanı Azərbaycanın təhlükəsizliyini təmin etməklə yanaşı, həm də iqtisadi baxımdan böyük əhəmiyyətə malikdir. Nəticə etibarı ilə hərtərəfli olaraq ölkəyə valyuta daxil olmasını stimullaşdıracaq".
Aynurə Demokrat.az


