Sosial Özəl

“Bu gün gənclər arasında məqalə yaratmağa böyük həvəs var” — Vikipediya üzrə mütəxəssis

“Bu gün gənclər arasında məqalə yaratmağa böyük həvəs var” — Vikipediya üzrə mütəxəssis

“Vikipediya” sərbəst elektron resurs və ya ensiklopediya olaraq daima inkişaf edən internet platformadadır.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Türk Ağsaqqalları Birliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri, “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk deyib. Onun sözlərinə görə, “Vikipediya”nın inkişafı və təbliği ilə bağlı Vikimedia Fondu tərəfindən dünyanın bir sıra ölkələrində tədbirlər, konfranslar, kamplar təşkil edilir.

“Bunun özü “Vikipediya”ya nə qədər önəmin verildiyini göstərir. Sizə bircə faktı misal çəkə bilərəm. Bu il Gürcüstanın paytaxtı Tiflisdə “Vikimedia” Fondunun Gürcüstan nümayəndəliyinin rəhbəri Mehman İbrahimovun təşkil etdiyi tədbirdə Gürcüstan Prezidenti Salome Zurabişvili iştirak edirdi. Bu faktın özü “Vikipediya”ya hansı səviyyədə önəmin verildiyini göstərir. Bunun ardınca, Gürcüstan prezident administrasiyasının rəhbəri Natia Sulava və “Vikimedia” Fondunun Gürcüstan nümayəndəliyinin rəhbəri Mehman İbrahimov arasında memorandum imzalandı. Memorandum vasitəsilə tərəflər informasiya sahəsində birgə tərəfdaşlığı təşviq etmək və ikitərəfli əməkdaşlığı gücləndirmək istəklərini ifadə edirdilər. Biz belə faktlar çox çəkə bilərik. Dövlət özü ölkədə “Vikipediya”nın inkişafında maraqlı olduğunu göstərir”.

E.Eltürk bu gün “Vikipediya”nın Azərbaycan dili bölməsində xeyli işlər görüldüyünü qeyd edib.

“Hal-hazırda da görülməkdə davam edir. Ölkədə “Vikipediya”nın inkişafı ilə bağlı addımlar atılır. Bu işi daha da irəli aparmaq lazımdır. Bunun üçün ölkədə kifayət qədər potensial var. Azərbaycan Vikipediya İstifadəçilər Qrupunun, “Qorqud” Vikipediya Metodik Klubu, Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının bu istiqamətdə gördüyü işlər təqdirəlayiqdir. “Vikipediya”nın inkişafı və təbliği əsasən bunlar həyata keçirirlər. “Qorqud” Vikipediya Metodik Klubu, Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının təlimlərçiləri tərəfindən intensiv təlimlər keçirilir. Təlimlər həm onlayn, həm də əyani şəkildə keçirilir. Təlimlərdə fəal iştirak edən könüllülərə sertifikatlar, diplomlar təqdim edilir”.

“Son iki ildə “Qorqud” Vikipediya Metodik Klubunun ekspert və könüllüləri tərəfindən 2000-dən çox məqalə yaradılıb və əsaslı şəkildə redaktə olunub. Klubun üzvləri “Vikipediya”nın, türk, rus, ingilis və başqa xarici dili bölmələrində nəzərəçarpacaq səviyyədə işlər ortaya qoyublar. Klub tərəfindən “Şuşa İli-270” çərçivəsində Şuşaya aid 270-dən çox məqalənin yaradılması və əsaslı redaktəsinin həyata keçirilməsi klubun hansı səviyyədə iş ortaya qoyduğunu təsdiqləyir. Sevindirici hal odur ki, klubun fəaliyyət uğurlu şəkildə davam edir. Nəzərə alsaq ki, “Vikipediya”nın tarixi o qədər də uzaq deyil. Azərbaycan dilində ilk məqalə 2004-cü ildə yaradılıb. Bu gün isə 190 minə yaxın məqalə mövcuddur. Ümumi redaktə sayı isə 6 milyon 7 yüz mini keçib. Bu, böyük göstəricidir. Dərinlik (keyfiyyət) 39-dur. Yaxın günlərdə dərinliyin 40-a çatacağı gözlənilir. Burada həm keyfiyyət, həm də kəmiyyətə üstünlük verilir. Bu gün gənclər arasında məqalə yaratmağa böyük həvəs var. Onlar müxtəlif mövzular ətrafında məqalələr yaradırlar. Fəaliyyət dayanmamalıdır. Gənclərimiz boş vaxtlarında məqalələrini yaratsalar, çox yaxşı olar. Bu onların həm bilik və dünyagörüşlərinin formalaşmasına böyük təsir göstərər. Çünki “Vikipediya” insanın intellektual düşüncəsinin inkişafında xüsusi rol oynayır. Sonda qeyd edim ki, istər Azərbaycan, istərsə də xarici dil bölmələrində Qarabağ, Azərbaycan tarixi, milli-mənəvi, memarlıq abidələri, görkəmli şəxsiyyətlər haqqında məqalələrin yaradılması "viki" könüllərin diqqətindən yayınmır və daimi bu mövzular zənginləşdirilir”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az