“Azərbaycan sülhə doğru edilən bütün çağırışlara həssaslıq nümayiş etdirərək diqqətlə yanaşır”. Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Məzahir Əfəndiyev deyib.
“Bu baxımdan Avropa İttifaqının, eləcə də Fransanın rəhbərlərinin danışıq masasının ətrafında yer almaları, eləcə də onların regionda sülhün təmin olunmasında maraqlarını nəzərə alaraq onların təkliflərini də diqqətdə saxldığını bildirir. Lakin, bəzi dövlətlərin, xüsusilə də Fransanın həm masa ətrafında yer alaraq tamamilə başqa bir gündəliyi müzakirə etməsi, eyni zamanda sonradan televiziya vasitəsilə Azərbaycanı işğalda ittiham etməsi, bu məsələlərdə artıq başqa maraqların ortaya çıxması siyasi riyakarlıq, habelə bir siyasətçi kimi Makronun Azərbaycan-Fransa münasibətlərinə qarşı etdiyi hörmətsizlikdir. Biz işğal altında olan torpaqlarımızın azad olunmasına Azərbaycan övladlarının qanı və canı bahasına nail olmuşuq və hər hansı bir dövlətin rəhbərinin qəhrəman övladlarımızın, şəhidlərimizin ruhuna hörmətsiz yanaşması yolverilməzdir”.
“Bu gün real vəziyyət ondan ibarətdir ki, 10 noyabr 2020-ci il tarixində Rusiyanın vasitəçiliyi ilə Rusiya Federasiyasının Prezidenti, Azərbaycan Respublikasının Prezidenti və Ermənistanın Baş naziri arasında imzalanmış üçtərəfli bəyannamənin doqquz bəndinin də icra olunması əsas məsələlərdən biridir. Eyni zamanda Ermənistan Avropa İttifaqı ilə baş tutan üçtərəfli görüşlərdə də üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməli və Azərbaycanla Sülh Sazişini bir daha soyuq başla nəzərdən keçirərək tez bir zamanda imzalamalıdır. Azərbaycan Cənab Prezidentin bütün beynəlxalq platformalarda səsləndirdiyi kimi, danışıqlar prosesində imzaladığı və söylədiyi bütün sözlərə sadiqdir”.
Aynurə Demokrat.az


