“Ermənistan tərəfi Azərbaycanla sərhədə texnikalar yerləşdirir. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi Daşkəsən istiqamətində erməni texnikasının hərəkətə gəldiyini, Azərbaycanla sərhədyanı bölgəyə yerləşdiyini müşahidə edib. Xüsusilə qeyd etmək lazımdır ki, Müdafiə Nazirliyin məlumatı həm də Ermənistanın yeni təxribatlara hazırlaşdığından xəbər verir. Dərhal erməni seqmenti də, Ermənistanın Müdafiə Nazirliyi də bu barədə məlumat yayıb. Guya ki, bu müdafiə xarakterli tədbirlərdir. Lakin biz düşünürük ki, Ermənistan danışıqlar prosesini pozmaq niyyəti güdərək hərbi təxribatlara yol ata bilər”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov bildirib.
Politoloq vurğulayıb ki, Brüsseldə avqustun 31-də Cənab İlham Əliyev və Nikol Paşinyan arasında mühüm razılıqlar əldə olunub. “Bu razılıqlardan boyun qaçırmaq üçün qısamüddətli eskalasiya ilə bütün danışıqların üzərindən xətt çəkmək niyyətini Paşinyan icra etdi. Digər tərəfdən, Praqada da çox mühüm görüşlər keçirildi, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi Ermənistan tərəfindən qəbul olundu. Eyni zamanda da, sərhəddə də artıq Avropa İttifaqının mülki missiyası Ermənistan tərəfindən yerləşdirilib. Ermənistan ərazisində bu fəaliyyət artıq icra olunmaqdadır. 40 nəfərlik bu missiya sərhədlərin delimitasiya işinə yardımçı olmaq üçün bu əraziyə gəlib. Lakin düşünürəm ki, məhz onların regionda olduğunu nəzərə alaraq Ermənistan tərəfi bu cür çirkin addımlar ata bilər və bu erməni tərəfinə xas olan yanaşmadır. Çünki çox rahatlıqla Ermənistan tərəfi ərazisini bu mülki missiyanın yerləşdirilməsinə razılıq verir. Ona görə də, Azərbaycan tərəfi xəbərdarlıq xarakterli məlumatı yaymaqla,həm də primitiv tədbirlərin həyata keçirildiyinin siqnalını verir. Düşünürəm ki, Azərbaycan Silahlı Qüvvələri istənilən düşmən təxribatını qətiyyətlə alacaqlar. Lakin bütün gərginliyin yaradılmasında əsas məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşəcək”.